Biologiya

Forumlar » 6-cı sinif » Biologiya
Səhifələr: 1
RSS
Biologiya
“Biologiya” dərslik komplektinin müzakirəsi
Xətai rayonu 59 № li tam orta məktəbin biologiya müəllimi
Əliyeva Böyükxanım Kamil qızı

VI siniflər üçün “Biologiya” tədris vəsaitinin müzakirəsində iştirak etdim. Söylənilən iradlar müzakirə olundu və müəlliflər tərəfindən nəzərə alındı.
Bu tədris vəsaiti ilə işləyən bir müəllim kimi öz fikrimi bildirmək istəyirəm.
Kurikulumda istifadə olunmuş standartlara məqsədəuyğun şəkildə nail olmaq üçün bu dərslik əlverişli bir vəsaitdir. Mövzuların lazımi şəkildə planlaşdırılması hər dərsdə diferensial təlimin 4 aspektini asanlıqla həyata keçirtməyə imkan verir.
Məktəbimizin biologiya müəllimləri adından müəlliflərə öz təşəkkürümüzü bildiririk.
Təklifim ondan ibarətdir ki:
1. Ümumiləşdirici dərslərə ayrıca 1 saat verilsin.
2. İş dəftərləri olsun.
3. Kitabda olan şəkillər məni tam qane etədiyinə görə dərsliyə əlavə olaraq atlas tərtib olunsun.
Quote
Hüseynov Məmmədhüseyn:
Biologiyadan yazılmış VI sinif dərsliyi ilə bağlı
müəyyən irad və təkliflər.
Əvvəlcədən dərslik müəlliflərinə böyük zəhmət hesabına ərsəyə gətirdikləri kitaba görə minnətdarlığımı bildirirəm. Həqiqətən böyük zəhmət çəkilib.
Dərslik haqqında aşağıda verəcəyim təhlil bir mütəxəssis kimi şəxsi qənaətlərimdir, ola bilər ki, müəlliflər bəzi fikirləri qəbul etməsinlər. Mənim məqsədim dərsliyi daha məzmunlu və daha sanballı görməkdir.
Dərsliyin dili sadə və anlaşılandır. Bioloji anlayışların izahında əsasən konkretlik var və bu anlayışlardan istifadə və tətbiqetmə düzgün verilmişdir.
Dərsliydə bəzi söz, termin və bioloji anlayışlardan istifadə zamanı zənnimcə müəyyən düzəliş, əlavə və izahatlara ehtiyac var.
Qeyd etdiyim kimi dərsliyin dili sadə və daha tez başa düşüləndir. Amma təlim öyrədici, tərbiyəedici və inkişaf etdirici olmalıdır. Hər hansı mürəkkəb hadisənin sadə dillə və elmi mahiyyətini itirmədən çatdırmaq müsbət haldır. Ancaq yaddan çıxmamalıdır ki, VI sinif şagirdinə 5 il “Həyat bilgisi” fənni keçilib. Müasir informasiya bolluğu şəraitində təhsil alan şagirdin tələbləri daha böyükdür. Ümumi ardıcıl təhlilə keçməzdən əvvəl konkret bir misal çəkmək istəyirəm.
Səh.12. Öyrəndiklərinizi yoxlayın.
2. Müvafiq hecaları birləşdirməklə Azərbaycan təbiətinə aid olan heyvan adlarını müəyən edin.
KAF KÜ

CÜ TAR

VA NA

TÜL YÜR

DUR RAN

BƏ ŞAQ

CEY ZƏ

GÜR BİR

Hecalardan istifadə etməklə söz düzəltməyi şagirdlər I sinifdə öyrənirlər. Qeyd olunan üsuldan istifadə VI sinif şagirdində məntiqi təfəkkürün inkişafında rolu çox zəif olar və ya heç olmaz. Demək olar ki, bütün mövzuların sonunda mövzuda
əldə edilən yeni məlumatları ümumiləşdirməyə xidmət edən “Nə öyrəndiniz “ bölməsində açar sözlər və tamamlanmamış cümlələr verilib, açar sözlər
əsasında cümlələrin tamamlanması tələbi qoyulur, yaxşı düşünülüb. Amma verilən açar sözlər, cümlədə buraxılan sözlərlə həm sayına, həm də yerləşdirmə ardıcıllığına görə tam uyğun gəlir, şagird heç bir əziyyət çəkmədən, cümlələri tamamlaya bilər. Əvvəldə qeyd etdiyim kimi təlim həm öyrədici, həm də inkişaf etdirici olmalıdır.
Nümunə:
Açar sözlər
Prokariotlar
Kokklar
Spirillər
Vibrionlar
Basillər
Ribosom
Spor
Nə öyrəndiniz
Bakteriyalar prokariotlara aiddirlər.Onların, _kokklar, _spirillər, _vibrionlar, və __basillər__ adlandırılan müxtəlif formaları olur. Bakteriya hüceyrəsi zülal sintezində iştirak edən ribosoma malikdir. Bəzi bakteriyada əlverişsiz şəraitdə spor yaranır.

Konkret misallar əsasında gəldiyim qənaətlər bunlardır:
Səh. 10. Fəaliyyət 1.
Yazılıb: Şəkillərdən və ya digər mənbələrdən istifadə etməklə plan üzrə Azərbaycan təbiətilə bağlı esse yazın: ...
Bu söz gündəlik dilimizdə geniş işlənmir, dərsliklə müstəqil işləyən şagird “esse” nədir bilməyəcək. Müəllim essenin izahına da müəyyən vaxt itirəcək.
Yazmaq olardı: Şəkillərdən və ya digər mənbələrdən istifadə etməklə plan üzrə Azərbaycan təbiətilə bağlı esse ( kiçik həcmli hekayə) yazın.
Səh. 17. Canlı orqanizmlərin əsas xüsusiyyətləri.
Yazılıb: Orqanizmlər qocalır, ölür, əvəzinə yeniləri əmələ gəlir.
Yazılmalıdır: Orqanizmlər əmələ gəlir, yaşayır, qocalır, ölür, əvəzinə yeniləri yaranır.
İzahat: “əmələ gəlir” sözünə sinonim və ya ümumi mənanı özündə saxlayan digər sözlərdən də istifadə etmək olar.Məsələn-“doğulur”, ” yaranır” və s. Belə ki, orqaninzmlərin yaranması və yaşamasını qeyd etmədən- “Orqanizmlər qocalır, ölür, əvəzinə yeniləri əmələ gəlir” işlətmək məqsədəuyğun deyil.
Səh. 19
Yazılıb: K.Linney hər bir növü – ikiqat latın adları ilə adlandırmışdır; məsələn, “Canis familaris” – ev itinin latınca adıdır. Bunlardan birinci söz orqanizmin hansı cinsə, ikinci söz isə hansı növə mənsub olduğunu bildirir.
Bu fikir müəllimə təbii ki, aydın olacaq. Amma şagird müəyyən qədər çətinlik çəkə bilər. Çünki cümləni oxuyan kimi şagirdin diqqətini Latın dilində yazılmış növ adından çox Azərbaycan dilinə tərcümə olunmuş “ev iti” cəlb edəcək. Məlumdur ki, Latın dilində “Canis familaris” – birinci söz orqanizmin hansı cinsə, ikinci söz isə hansı növə məxsus olduğunu bildirir. “ev iti”ndə isə birin söz növü, ikinci söz isə cinsi göstərir. Şagirdə daha aydın olsun deyə yazılması məqsədə uyğun olardı:
“K.Linney hər bir növü – ikiqat latın adları ilə adlandırmışdır; məsələn, “Canis familaris” – ev itinin latınca adıdır. Bunlardan latınca “Canis” – cinsi, “familaris” isə növü bildirir”.
Səh. 20
Yazılıb: Oxşar növlər cinslərda birləşdirilib.
Yazılması məqsədəuyğun olardı: “Oxşar fərdlər növlərdə, növlər isə cinslərdə birləşdirilir”.
Səh.27
Yazılıb: Bilirsinizmi? Yer üzərində yaşayan bütün canlılar (viruslar istisna olmaqla) hüceyrələrdən təşkil olunub.
Yazılması məqsədəuyğun olardı: Viruslar istisna olmaqla yer üzərində yaşayan bütün canlılar hüceyrələrdən təşkil olunub.
Səh.30
Hüceyrələrin ümumi quruluşu.... Qılaf. Hüceyrəni xaricdən örtərək onu ətraf mühitin təsirindən qoruyur. Bitki və göbələk hüceyrəsinin qılafının xarici hissəsi qalın hüceyrə divarını əmələ gətirmişdir.
İzahat: Səhifə 32-də bakteriyaların quruluşu izah edilərkən orada onların membranının xarici hissəsində qalın və möhkəm hüceyrə divarı olduğu qeyd olunub. Səhifə 30-da hüceyrənin ümumi quruluşu izah olunduğu üçün bitki və göbələk hüceyrəsində qılafın olduğu qeyd edilməklə yanaşı bakteriya hüceyrəsində də qılafın olmasının qeyd olunması məqsədə uyğun olardı. Deməli, səhifə 30-da yazılmalıdır: Bakteriya, göbələk və bitki hüceyrəsinin qılafının xarici hissəsi qalın hüceyrə divarını əmələ gətirmişdir.
Səh. 31. Vakuol.
Vakuol. Bitki və göbələk hüceyrələrinin (xüsusən yaşlı hüceyrələrin) sitoplazmasında içərisi hüceyrə şirəsi ilə dolu vakuol (lat. “vakuus” – boş) adlandırılan boşluqlar olur.
İzahat: Əgər yazılıbsa, “içərisi hüceyrə şirəsi ilə dolu vakuol”, onda “boşluqlar” olur ifadəsini işlətmək zənnimcə lazım deyil.
Yazılmalıdır: Vakuol. Bitki və göbələk hüceyrələrinin (xüsusən yaşlı hüceyrələrin) sitoplazmasında içərisi hüceyrə şirəsi ilə dolu vakuol (lat. “vakuus” – boş) adlandırılan qovuqlar olur.
Səh. 32. Bakteriyaların quruluşu.
Yazılıb: Hüceyrə divarı üzərində bəzən qoruyucu funksiya yerinə yetirən selikli kapsula da rast gəlinir.
İzahat: Hüceyrə divarı üzərində bəzən qoruyucu funksiya yerinə yetirən selikli kapsula da rast gəlinir yazmaq, şagirddə -selikli kapsula bəzən yarana bilər, bəzən yox ola bilər təssəvürünü yarada bilər. Məlumdur ki, selikli kapsula əmələ gətirmək növ əlaməti deyil, yəni bütün bakteriyalara xas olan əlamət deyil. Deməli,
Yazılmalıdır: Hüceyrə divarı üzərində bəzi bakteriyalarada qoruyucu funksiya yerinə yetirən selikli kapsula da rast gəlinir.
Səh. 42.Mexaniki toxuma.
Yazılıb: ” Mexaniki toxuma. Gövdədə, yarpaq saplağında, yarpaq damarında yerləşir.”
İzahat: Mexaniki toxuma vegetativ orqanlardan ancaq gövdə və yarpaqda deyil, kökdə də olur. Əgər gövdədə mexaniki toxumanın yerləşmə yeri açıqlanmırsa, yarpaq saplağında, yarpaq damarında mexaniki toxumanın olmasını qeyd etməyə ehtiyac yoxdur. Ona görədə,
Yazılmalıdır: ” Mexaniki toxuma. Gövdədə, kökdə və yarpaqda yerləşir.”
Səh. 56. Gövdənin daxili quruluşu.
Yazılıb: Qabıq. Cavan və yaşıl zoğlarda qabığın xarici qatını dəricik təşkil edir. Qışlayan gövdələrdə dəricik digər örtük toxuması olan mantarla əvəz olunur. Mantar işığı özündən buraxmadığından onun altındakı qat yaşıllığını itirir. Qabığın oduncağa söykənən daxili qatı floema adlanır. Gövdədə floema qatının içərisində floema boruları deyilən ələyəbənzər borular və floema lifləri olur.
Kambi – gövdənin eninə böyüməsinin təmin edir...
İzahat: Göründüyü kimi verilən izahatda kambi qatının konkret yerləşmə yeri hiss olunmur. “Qabığın oduncağa söykənən daxili qatı floema adlanır, burada kambi qatının qabıqla oduncaq arasında yerləşməsi görünmür”. Ona görə də:
Yazılmalıdır: Qabıq. Cavan və yaşıl zoğlarda qabığın xarici qatını dəricik təşkil edir. Qışlayan gövdələrdə dəricik digər örtük toxuması olan mantarla əvəz olunur. Mantar işığı özündən buraxmadığından onun altındakı qat yaşıllığını itirir. Qabığın kambi ilə sərhədində yerləşən daxili qatı floema adlanır. Gövdədə floema qatının içərisində floema boruları deyilən ələyəbənzər borular və floema lifləri olur. Qabıqla oduncaq arasında kambi qatı yerləşir.
Kambi – gövdənin eninə böyüməsinin təmin edir...
Səh.70. Bilirsinizmi?
Yazılıb: Şehçiçəyinin yarpaqlarının üzərində yapışqanlı damcılar olan qırmızımtıl tükcüklər vardır. Həşərat parıldayan damcı üzərinə qonan zaman yarpağın ucu qatlanaraq həşəratı udur...
Yazılmalıdır: Şehçiçəyinin yarpaqlarının üzərində yapışqanlı damcılar olan qırmızımtıl tükcüklər vardır. Həşərat parıldayan damcı üzərinə qonan zaman tükcüklər əyilir, yapışqanlı damcılara yapışmış bədən hissələri tədricən sorulur.
Səh.79. Toxumun quruluşu.
Yazılıb: Toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir.
İzahat: İkiləpəli və birləpəli bitkilərin toxumlarının fərqli quruluşa malik olmasını öyrənəcək şagirddə toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir fikri müəyyən qədər çaşqınlıq yaradacaq. Həmin səhifədə lobya toxumunun quruluşu hissələri göstərilməklə yazıldığını görən şagird bu hissələr arasında endospermin olmadığını görəcək. Onda qeyd etdiyimiz kimi, toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir fikrini toxumun quruluşunu izah edərkən ilkin fikir kimi qeyd etmək şagirdi yanlış istiqamətə yönəldmiş olar.
Səh.80. Birləpəli və ikiləpəli bitkilər.
Yazılıb: İkiləpəli bitkilər. Bunların toxumunda ehtiyyat qida maddələri toxumun rüşeymində toplanır. Lobya, noxud kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyyat qida maddələri rüşeymin ləpə yarpaqlarında, yabanı ağ turp və quşəppəyi bitkilərində isə tumurcuqdan savayı, rüşeymin hər yerində toplanır.
İzahat: Rüşeymin hissələrini öyrənən şagirddə yazılanları oxuduqdan sonra belə təsəvvür yarana bilərki, ikiləpəli bitki toxumlarında ehtiyyat qida maddələri rüşeymin bütün hissələrində toplanır. Bildiyimiz kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyyat qida maddələri əsasən ləpə yarpaqlarında bəzi bitkilərdə isə (quşəppəyi) rüşeym hissələri – kökcük, gövdəcik və ləpə yarpaqlarında toplanır.
Lobya, noxud kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyyat qida maddələri rüşeymin ləpə yarpaqlarında, yabanı ağ turp və quşəppəyi bitkilərində isə tumurcuqdan savayı, rüşeymin hər yerində toplanır.
Burada quşəppəyi bitikisi toxumunda rüşeym hissələrində rüşeym tumurcuğunun olması anlamına gəlinir, amma bildiyimiz kimi quşəppəyi toxumu rüşeymində iki ləpə yarpağı, rüşeym kökcüyü və rüşeym gövdəciyi var, rüşeym tumurcuqu yoxdur.
Həmin səhifədə yenə yazılb: Qaymaqçiçəyi və üçrəng bənövşə bitkilərində qida maddələri rüşeymdən başqa, həm də endospermdə toplanır.
Göründüyü kimi qeyd edilən bitkilərdə ehtiyyat qida maddələrinin həm rüşeym hissələrində, həm də endospermdə toplandığı fikri formalaşır. Bu yanlışdır.
Yekun nəticə: Toxumun quruluşu mövzusu yenidən işlənməlidir.
Lənkəran Dövlət Universiteti
Kimya və bioligiya kafedrasının müdiri: dos.M.B.Hüseynov
Quote
Hüseynov Məmmədhüseyn:
Biologiyadan yazılmış VI sinif dərsliyi ilə bağlı
müəyyən irad və təkliflər (davamı)
Dərslikdə bakteriyalar, bitkilər və heyvanlar haqqında müəyyən məlumat verildikdən sonra onların qidalanma formaları izah olunur. Amma göbələklərın quruluş və formaları haqqında məlumat verilmir.
Səh.102 mövzu 33-də isə bakteriya və göbələklərin qidalanması izah olunur.
Təklif: yaxşı olardı ki, bakteriya, bitki və heyvanlar haqqında ümumi məlumat verilməklə yanaşı göbələklər haqqında da müəyyən məlumat olardı. Yəni onların quruluşu, formaları, təbiətdə yayılması və s. izah edilərdi. Çünki göbələklər haqqında məlumatı olmayan şagird birbaşa onun qidalanması ilə tanış olur. Zənnimcə bu şagirdlərdə göbələklərlə bağlı tamamlanmamış məlumatın formalaşmasına səbəb olar.
Səh.110. 6-cı fəsil. Orqanizmlərdə maddələrin daşınması, ifrazat. Çoxalma və inkişaf.
Qeyd olunan fəsildə heyvanlarda daşıyıcı sistem haqqında müəyyən məlumat verilib, amma bitkilərdə bu məlumatı suyun buxarlanması izah edilməklə kifayətlənib. Zənnimcə bitkilərdə üzvi və qeyri-üzvi maddələrin daşınması haqqında məlumatın təhlilinə yer verilməli idi. Düzdür 2-ci fəsildə toxumlar haqqında kiçik məlumat verilib. Amma ifrazat, çoxalma və inkişaf həm bitki, həm də heyvanlarda izah olunursa, maddələrin daşınması heyvanlarda nisbətən geniş, bitkilərdə isə dediyim şəkildə izah olunmursa bu müəyyən boşluğun yaranmasına səbəb olur.
Açar sözlər
Hava qidalanması
Karbon qazı
Avtotrof qidalanma
Fotosintez
Səh. 98. Nə öyrəndiniz?
Ağızcıqdan əsas toxumanın hüceyrələrinə ___ daxil olur. İşığın iştirakı ilə xloroplastlarda ___ prosesi baş verir. Belə qidalanma ___ adlanır.


Öyrəndiklərinizi yoxlayın
1. Mətndə səhvləri müəyyən edin:
İşıqda yarpağın xloroplastlarında qeyri-üzvi maddələrdən üzvi maddələrin hazırlanması prosesi fotosintez adlanır. Fotosintezin getməsi üçün aşağıdakı şərtlər olmalıdır: su və oksigen, yaşıl yarpaqlar və günəş işığı. Fotosintez nəticəsində qeyri-üzvi maddə əmələ gəlir. Fotosintezin əlavə məhsulu karbon qazı və sudur.
2. Buraxılmış sözləri əlavə edin:
• Ağızcıqdan yarpağa ___ daxil olur.
• Kök sistemindən ___ daxil olur.
• Günəş işığı ___ yerləşən yaşıl xloroplastlara düşür.
• Xloroplastlarda ___ əmələ gəlir.
• Yarpaqlardan ətraf mühitə ___ xaric olur.
Göründüyü kimi şagirdlərdə mənimsəmə keyfiyyətini yoxlamaq üçün tələb olunanlar çox səthi verilmişdir. Əvvəlki təhlildə qeyd etdiyimiz kimi müasir təlimə qoyulan tələblər, yanaşma üsulları nisbətən fərqlidir. Müasir təlimdə idrak və təfəkkürün inkişafı üçün fəal təlim üsullarından istifadə edilir. Bu üsullarda da tədris prosesi elə təşkil olunmalıdır ki,o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. Müasir dövrdə təhsil alan VI sinif şagirdinin tələbləri daha böyükdür. Yuxarıda verilən şəkildə yoxlama aparmaq şagirdlərdə məntiqi təfəkkürün inkişafında demək olar ki, rolu olmaz. Təlim öyrədici və inkişaf etdirici olmalıdır. Əgər ümumiləşdirmə aparsaq demək olar ki, dərslik VI sinif şagirdlərinin tələbləri səviyyəsində yazılmayıb. Qeyd edilən yanaşma ilə dərslik yazmaq 2 və ya 3-cü siniflər üçün müəyyən dərəcədə effektli olardı.
Lənkəran Düvlət Universiteti.
Dosent. Məmmədhüseyn Babəli oğlu Hüseynov.
Quote
Seyidli Yaşar:
Yashar Seyidli

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün 2013-cü ildə nəşr olunmuş “Biologiya” fənni üzrə dərslik komplektində verilmiş birinci yarımillik materiallara dair Lənkəran Dövlət Universiteti Kimya və biologiya kafedrasının müdiri, dos.M.B.Hüseynov tərəfindən verilmiş iradlara müəllifin münasibəti



1. Səh.12. Öyrəndiklərinizi yoxlayın. Hecalardan istifadə etməklə söz düzəltməyi şagirdlər I sinifdə öyrənirlər. Qeyd olunan üsuldan istifadə VI sinif şagirdində məntiqi təfəkkürün inkişafında rolu çox zəif olar və ya heç olmaz.

Cavab: Müasir pedaqogikada eyni məzmunlu tapşırığın müxtəlif təqdim etmə formalarından istifadə edilir. Bu tapşırıqda məqsəd Azərbaycanda rast gəlinən bəzi heyvanların adlarının bir daha yada salmaq və onların adlarını yaddaşda möhkəmləndirməkdir. Tapşırıqda məqsəd heç də şagirdlərdə hecalardan söz düzəltmək bacarıqlarını formalaşdırılması deyil. Rəyçi forma ilə məzmunu eyniləşdirmişdir.
Aydınlıq üçün qeyd edək ki, bu tapşırığı müxtəlif formalarda təqdim etmək olardı. Məsələn, “Verilən heyvanlardan hansıları Respublikamızın təbiətinə xasdır?”, yaxud, “Verilən heyvan adlarından Respublikamızın təbiətinə xas olanların altından xətt çəkin”. Sonuncu halda, rəyçinin məntiqi ilə şagirdlərdə həndəsi bacarıqlar formalaşacaqdı. Bu isə yalnız tapşırığın forması ilə əlaqədardır.

2. Demək olar ki, bütün mövzuların sonunda mövzuda əldə edilən yeni məlumatları ümumiləşdirməyə xidmət edən “Nə öyrəndiniz “ bölməsində açar sözlər və tamamlanmamış cümlələr verilib, açar sözlər
əsasında cümlələrin tamamlanması tələbi qoyulur. Amma verilən açar sözlər, cümlədə buraxılan sözlərlə həm sayına, həm də yerləşdirmə ardıcıllığına görə tam uyğun gəlir, şagird heç bir əziyyət çəkmədən, cümlələri tamamlaya bilər.

Cavab: Şagirdlərin hər hansı bir mövzuda tədris olunan məzmunu yadda saxlamaq məqsədi ilə mövzuların sonunda xülasə verilməlidir. Bu xülasə həm də sonradan mövzuları yada salmaq və əsas anlayışların mənasını xatırlamaq üçün çox əhəmiyyətlidir. Metodoloji blokun tapşırıqlar şəklində verilməsi isə müəllif yaradıcılığının məhsuludur. Bu, dərsin refleksiya hissəsini reallaşdırmaq üçün müəllimə yardım edir. Bu, dərsliyin 8-ci səhifəsində və metodiki vəsaitdə ətraflı şərh edilmişdir. İştirak etdiyimiz sınaq dərslərində bu blokun çox böyük əhəmiyyət kəsb etdiyinə bir daha əmin olduq.

3. Səh. 10. Fəaliyyət 1.
Yazılıb: Şəkillərdən və ya digər mənbələrdən istifadə etməklə plan üzrə Azərbaycan təbiətilə bağlı esse yazın: ...
Bu söz gündəlik dilimizdə geniş işlənmir, dərsliklə müstəqil işləyən şagird “esse” nədir bilməyəcək. Müəllim essenin izahına da müəyyən vaxt itirəcək.

Cavab: Rəyçinin digər fənlərlə əlaqəsi olmadığından “esse” sözündən ehtiyatlanması təbiidir. Lakin, xatırlatmaq istərdik ki, şagirdlər 4-cü sinif “Azərbaycan dili” və 5-ci sinif “Ədəbiyyat” dərslərində esse yazmaq tapşırıqları ilə çox rastlaşmışlar. Bax: 5-ci sinif “Ədəbiyyat” dərsliyi, səhifələr: 51, 59, 67, 78, 112, 120, 152. Şagirdlərin esse yazmaq bacarıqları 5-ci sinifin ədəbiyyatdan məzmun standartlarında çox geniş əks olunmuşdur. Essenin yazılma texnologiyası isə 5-ci sinif “Ədəbiyyat” dərsliyi və “Müəllim üçün metodik vəsait”də geniş şərh edilmişdir.
Bax: 5-ci sinif “Ədəbiyyat” dərsliyi və müəllim üçün metodik vəsait, səh: 94.

4. Səh. 17. Canlı orqanizmlərin əsas xüsusiyyətləri.
Yazılıb: Orqanizmlər qocalır, ölür, əvəzinə yeniləri əmələ gəlir.

Yazılmalıdır: Orqanizmlər əmələ gəlir, yaşayır, qocalır, ölür, əvəzinə yeniləri yaranır. “Əmələ gəlir” sözünə sinonim və ya ümumi mənanı özündə saxlayan digər sözlərdən də istifadə etmək olar. Məsələn-“doğulur”, “yaranır” və s. Belə ki, orqanizmlərin yaranması və yaşamasını qeyd etmədən- “Orqanizmlər qocalır, ölür, əvəzinə yeniləri əmələ gəlir” işlətmək məqsədəuyğun deyil.

Cavab:Orqanizmlərin heç də hamısı doğulmur. Məsələn, ibtidai heyvanlar və ya ağaclar üçün “doğulma” sözünü işlətmək düzgün deyil.
Bizim yazdığımız “Orqanizmlər qocalır, ölür, əvəzinə yeniləri əmələ gəlir”-cümləsi daha məqsədəuyğundur. Əgər orqanizm varsa, demək o canlıdır, yaşayır.

5. səh. 19. Yazılıb: K.Linney hər bir növü – ikiqat latın adları ilə adlandırmışdır; məsələn, “Canis familaris” – ev itinin latınca adıdır. Bunlardan birinci söz orqanizmin hansı cinsə, ikinci söz
isə hansı növə mənsub olduğunu bildirir.
Bu fikir müəllimə təbii ki, aydın olacaq. Amma şagird müəyyən qədər çətinlik çəkə bilər. Çünki cümləni oxuyan kimi şagirdin diqqətini Latın dilində yazılmış növ adından çox Azərbaycan dilinə tərcümə olunmuş “ev iti” cəlb edəcək. Məlumdur ki, Latın dilində “Canis familaris” – birinci söz orqanizmin hansı cinsə, ikinci söz isə hansı növə məxsus olduğunu bildirir. “ev iti”ndə isə birin söz növü, ikinci söz isə cinsi göstərir. Şagirdə daha aydın olsun deyə yazılması məqsədə uyğun olardı:
“K.Linney hər bir növü – ikiqat latın adları ilə adlandırmışdır; məsələn, “Canis familaris” – ev itinin latınca adıdır. Bunlardan latınca “Canis” – cinsi, “familaris” isə növü bildirir”.

Cavab:Burada aydın şəkildə yazılıb: “K.Linney hər bir növü – ikiqat latın adları ilə adlandırmışdır; məsələn, “Canis familaris” – ev itinin latınca adıdır. Bunlardan birinci söz orqanizmin hansı cinsə, ikinci söz isə hansı növə mənsub olduğunu bildirir.” Burada aydınlaşdırıcı ifadə “latın adı” olduğundan şagird söhbətin hansı addan getməsini asan müəyyən edə bilər.

6.Səh. 20
Yazılıb: Oxşar növlər cinslərdə birləşdirilib. Yazılması məqsədəuyğun olardı: “Oxşar fərdlər növlərdə, növlər isə cinslərdə birləşdirilir”.
Cavab: Burada söhbət fərd səviyyəsindən deyil, növ səviyyəsindən gedir.

7. Səh.30
Səhifə 32-də bakteriyaların quruluşu izah edilərkən orada onların membranının xarici hissəsində qalın və möhkəm hüceyrə divarı olduğu qeyd olunub. Səhifə 30-da hüceyrənin ümumi quruluşu izah olunduğu üçün bitki və göbələk hüceyrəsində qılafın olduğu qeyd edilməklə yanaşı bakteriya hüceyrəsində də qılafın olmasının qeyd olunması məqsədə uyğun olardı. Deməli, səhifə 30-da yazılmalıdır: Bakteriya, göbələk və bitki hüceyrəsinin qılafının xarici hissəsi qalın hüceyrə divarını əmələ gətirmişdir.

Cavab: Prokariotlar barədə məlumatların verilməsi səh. 32-də başlayır. Şagirdlərə tanış olmayan canlıların quruluşu barədə məlumatın əvvəlcədən Səh.30-da verilməsi məqsədəuyğun deyil.

8. Səh.27
Yazılıb: Bilirsinizmi? Yer üzərində yaşayan bütün canlılar (viruslar istisna olmaqla) hüceyrələrdən təşkil olunub. Yazılması məqsədəuyğun olardı: Viruslar istisna olmaqla yer üzərində yaşayan bütün canlılar hüceyrələrdən təşkil olunub.
Cavab: Cümlə hər iki formada yazıla bilər.

9. Səh. 31.
Vakuol. Bitki və göbələk hüceyrələrinin (xüsusən yaşlı hüceyrələrin) sitoplazmasında içərisi hüceyrə şirəsi ilə dolu vakuol (lat. “vakuus” – boş) adlandırılan boşluqlar olur.
İzahat: Əgər yazılıbsa, “içərisi hüceyrə şirəsi ilə dolu vakuol”, onda “boşluqlar” olur ifadəsini işlətmək zənnimcə, lazım deyil.
Yazılmalıdır: Vakuol. Bitki və göbələk hüceyrələrinin (xüsusən yaşlı hüceyrələrin) sitoplazmasında içərisi hüceyrə şirəsi ilə dolu vakuol (lat. “vakuus” – boş) adlandırılan qovuqlar olur.

Cavab: “Qovuq” sözü başqa mənanı verir. “Vakuus” termininin azərbaycanca mənası “boşluq” deməkdir. Zənnimcə bu termin “qovuq” sözündən çox “boşluq” mənasinda işlədilsə şagirdlər üçün daha anlamlı olar. “Vakuus” termini tək biologiyada deyıl həmdə fizikada da şagirdlərə məlumdur.

• Биологические термины. Значение слова "вакуоль"
licey.net/bio/slovar/vacuolкопия
Биологические термины. ... ВАКУОЛЬ (от лат. vacuus — пустой) — полость в цитоплазме клеток, ограниченная однослойной мембраной и содержащая клеточный сок.

10.Səh. 42.Mexaniki toxuma.
Yazılıb: “Mexaniki toxuma. Gövdədə, yarpaq saplağında, yarpaq damarında yerləşir.”
İzahat: Mexaniki toxuma vegetativ orqanlardan ancaq gövdə və yarpaqda deyil, kökdə də olur. Əgər gövdədə mexaniki toxumanın yerləşmə yeri açıqlanmırsa, yarpaq saplağında, yarpaq damarında mexaniki toxumanın olmasını qeyd etməyə ehtiyac yoxdur. Ona görədə,
Yazılmalıdır: ” Mexaniki toxuma. Gövdədə, kökdə və yarpaqda yerləşir.”

Cavab: Dərslikdə mövzunun qısaldılması zamanı “və s.” ifadəsi də ixtisar olunmuşdur. Bununla yanaşı gövdədə mexaniki toxumanın yerləşmə yeri sonrakı paraqrafda açıqlanır.

11. Səh. 56. Gövdənin daxili quruluşu.
...Verilən izahatda kambi qatının konkret yerləşmə yeri hiss olunmur. “Qabığın oduncağa söykənən daxili qatı floema adlanır, burada kambi qatının qabıqla oduncaq arasında yerləşməsi görünmür”. Ona görə də:
Yazılmalıdır: Qabıq. Cavan və yaşıl zoğlarda qabığın xarici qatını dəricik təşkil edir. Qışlayan gövdələrdə dəricik digər örtük toxuması olan mantarla əvəz olunur. Mantar işığı özündən buraxmadığından onun altındakı qat yaşıllığını itirir. Qabığın kambi ilə sərhədində yerləşən daxili qatı floema adlanır. Gövdədə floema qatının içərisində floema boruları deyilən ələyəbənzər borular və floema lifləri olur. Qabıqla oduncaq arasında kambi qatı yerləşir.
Kambi – gövdənin eninə böyüməsinin təmin edir...

Cavab: Kambi qatının yerləşmə yeri şəkillərdə öz əksini tapmışdır. Buna baxmayaraq gələcək nəşrlərdə həmin cümləni əlavə etmək olar.

12. Səh.70. Bilirsinizmi?
Yazılıb: Şehçiçəyinin yarpaqlarının üzərində yapışqanlı damcılar olan qırmızımtıl tükcüklər vardır. Həşərat parıldayan damcı üzərinə qonan zaman yarpağın ucu qatlanaraq həşəratı udur...Yazılmalıdır: Şehçiçəyinin yarpaqlarının üzərində yapışqanlı damcılar olan qırmızımtıl tükcüklər vardır. Həşərat parıldayan damcı üzərinə qonan zaman tükcüklər əyilir, yapışqanlı damcılara yapışmış bədən hissələri tədricən sorulur.

Cavab: Həşərattutan şehçiçəyi bitkisində həşəratı cəlb edən şeh damcısına bənzər şirə olur. Həmin damcının tərkibində həşəratı iflic edən konin alkoloidi və həzm fermentləri olur. Tükcüyə yapışan həşərat tutulduqdan sonra yarpağın kənarları qatlanır və onu tam əhatə edir. Həşərat yarpaqda bir neçə gün müddətində həzm edilir.
Dərslikdə bu mövzunu tam izah etməyə sahə çatmadığı üçün biz onu ixtisar edərək yalnız iki cümlə ilə (son nəticəni göstərməklə) kifayətlənmişik.

13.Səh.79. Toxumun quruluşu.
Yazılıb: Toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir.
İzahat: İkiləpəli və birləpəli bitkilərin toxumlarının fərqli quruluşa malik olmasını öyrənəcək şagirddə toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir fikri müəyyən qədər çaşqınlıq yaradacaq. Həmin səhifədə lobya toxumunun quruluşu hissələri göstərilməklə yazıldığını görən şagird bu hissələr arasında endospermin olmadığını görəcək. Onda qeyd etdiyimiz kimi, toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir fikrini toxumun quruluşunu izah edərkən ilkin fikir kimi qeyd etmək şagirdi yanlış istiqamətə yönəldmiş olar.

Cavab:Burada toxumun ümumi quruluşu barədə məlumat verilir. Bəli, toxum qabıq, endosperm və rüşeymdən ibarətdir. Amma bu quruluşdan kənara çıxma da istisna deyil. Necə ki, ikiləpəli bağayarpağında bəzi əlamətlər birləpəlilərdə olduğu kimidir.

14. Səh.80. Birləpəli və ikiləpəli bitkilər.
Yazılıb: İkiləpəli bitkilər. Bunların toxumunda ehtiyat qida maddələri toxumun rüşeymində toplanır. Lobya, noxud kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyat qida maddələri rüşeymin ləpə yarpaqlarında, yabanı ağ turp və quşəppəyi bitkilərində isə tumurcuqdan savayı, rüşeymin hər yerində toplanır.

İzahat: Rüşeymin hissələrini öyrənən şagirddə yazılanları oxuduqdan sonra belə təsəvvür yarana bilər i, ikiləpəli bitki toxumlarında ehtiyat qida maddələri rüşeymin bütün hissələrində toplanır. Bildiyimiz kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyat qida maddələri əsasən ləpə yarpaqlarında bəzi bitkilərdə isə (quşəppəyi) rüşeym hissələri – kökcük, gövdəcik və ləpə yarpaqlarında toplanır.

Cavab: Burada sizin dediyinizdən yenə “rüşeym” anlayışı diqqət mərkəzində olur. Bəs lobyada ehtiyat qida maddələrinin ləpə yarpaqlarında və ya quşəppəyidə kökcük, gövdəcik və ləpə yarpaqlarında toplanması elə rüşeymdə toplanma deyilmi? Düzdür, biz yaxşı olardı ki, cümləni “İkiləpəli bitkilərin toxumunda ehtiyat qida maddələri əsasən toxumun rüşeyminin müxtəlif hissələrində toplana bilir” - kimi yazardıq.

15. Yazılıb: Lobya, noxud kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyat qida maddələri rüşeymin ləpə yarpaqlarında, yabanı ağ turp və quşəppəyi bitkilərində isə tumurcuqdan savayı, rüşeymin hər yerində toplanır”.
Burada quşəppəyi bitkisi toxumunda rüşeym hissələrində rüşeym tumurcuğunun olması anlamına gəlinir, amma bildiyimiz kimi quşəppəyi toxumu rüşeymində iki ləpə yarpağı, rüşeym kökcüyü və rüşeym gövdəciyi var, rüşeym tumurcuğu yoxdur.
Cavab: Orta məktəb dərsliyində quşəppəyi haqqında məlumatlar səthidir. Əslində isə hər bir toxumun rüşeymində tumurcuq olur. Əsas gövdənin inkişafı üçün rüşeym tumurcuğunun olması labüddür.


17. Həmin səhifədə yenə yazılıb: Qaymaqçiçəyi və üçrəng bənövşə bitkilərində qida maddələri rüşeymdən başqa, həm də endospermdə toplanır.
Göründüyü kimi qeyd edilən bitkilərdə ehtiyyat qida maddələrinin həm rüşeym hissələrində, həm də endospermdə toplandığı fikri formalaşır. Bu yanlışdır.
Yekun nəticə: Toxumun quruluşu mövzusu yenidən işlənməlidir.

Cavab: Ikiləpəlilərin əksəriyyətində toxumun yetişmə dövründə ehtiyat qida maddələri rüşeym tərəfindən sorulur. Bu səbəbdən onların rüşeymində əksərən ehtiyat qida maddəsi olur . Bəzi ikiləpəlilərdə endosperm yalnız ilk mərhələdə yaranır və sonra itir. Məsələn, lobyada da toxumun inkişafının ilk mərhələsində endosperm olur, sonra rüşeym tərəfindən mənimsənilərək ləpə yarpaqlarında toplanır. İkiləpəlilərin bəzilərinin isə həm rüşeymində, həm endospermində ehtiyat qida maddələri ola bilir.
Quote
Hüseynov Məmmədhüseyn:
Biologiya 6. Dərsliyin ümumi quruluşu, nəzəri materialın verilməsi və yerləşdirilmə ardıcıllığı və məzmun xətti ilə bağlı bəzi tövsiyyələr.

Dərslikdə 1. Maraqoyatma (motivasiya) hissəsində mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələrin təsvir edilməsi, motivasiyaların yaradılması və sualların yer alması planlaşdırılır.
Mən fikrimi 1-ci fəslin 1-ci mövzusunun təhlili ilə əsaslandırmaq istəyirəm.
Səh.10. Yazılıb: Yaşıl xalıya bürünmüş meşələr, gur və sakit axan çaylar,şəffaflığı ilə aynaya bənzəyən göllər, əzəmətli dağlar...- bütün bunlarvətənimizin zəngin təbiətindən xəbər verir.
Göründüyü kimi bir cümlədən ibarət bu hissədə gözəl təbiət lövhəsi təsvir edilmişdir. Sonra isə iki sual verilir:
-Təbiət nədir?
-Nə üçün insanı təbiətin bir hissəsi hesab edirlər?
Verilən cümlə( Yaşıl xalıya bürünmüş meşələr, gur və sakit axan çaylar,şəffaflığı ilə aynaya bənzəyən göllər, əzəmətli dağlar...- bütün bunlarvətənimizin zəngin təbiətindən xəbər verir.) şagirdi xəyalən təbiətin bir hissəsinə aparsada, burada motivasiya- şagirdi “düşündürən”, müxtəlif “fərziyyələr” irəli sürməyə sövq edən, bu “fəziyyə”lərdən daha düzgününü seçməyə imkan verən, biologi biliklərin əldə edilməsi və təhlilinə şərait yaradan nəsə tapmaq olmur.
Ümumiyyətlə. əgər geniş mənada dərslikdə verilən mövzuların təhlil sxeminə və ya üsullara diqqət etsək, bəzi ixtisarlara və yeniliklərə ehtiyac var. Əgər dərslik komplektinə daxil olan müəllimlərə kömək məqsədilə yazılan metodik vəsaitdə dərsin mərhələləri verilibsə və müəllim dərsi qeyd olunan mərhələlərlə qurursa, onda dərslikdə: Fəaliyyət, Öyrəndiklərinizi yoxlayın, Nə öyrəndiniz adı altında mövzunu parçalamağın nə dərəcədə əhəmiyyəti var? Qeyd edilən “sxem” üzrə mövzunun verilməsi formaca cəlb edici görünsədə, məzmunca çox zəif təsir bağışlayır. Çünki, dörd məzmun xətti ilə yazılması tələb olunan dərsiklikdə nəzəri materialın qoyulan tələblər səviyyəsində verilməsinə az yer qalır.Zənnimcə hər bir mövzu təhlil olunanda məzmun xətləri gözlənilməklə,şagirdlərin yaş səviyyəsi, neçənci sinifdə oxuması nəzərə alınmalıdır.Çünki, 6-cı sinif şagirdinə 5 il Həyat bilgisi fənni tədris olunub, onun canlı təbiət və onda baş verən bəzi bioloji proselər haqqında müəyyən məlumatı var.Bəzən çox sadə sualın qoyulması şagirdlərdə məntiqi təfəkkürün inkişafında rolu az olur. Bizə məntiqi düşünən, müstəqil “tədqiqata” meyilli, düzgün nəticə çıxaran, nəticələri ümumiləşdirməyi bacaran bugünün şagirdi sabahın mütəxəssisi lazımdır.
Səhifə 12-də yazılıb:Öyrəndiklərimizi tətbiq edin
Verilmiş sözlərdən Azərbaycanda rast gəlinən heyvan və bitkilərin adlarını seçib cədvələ yazın:zəfəran,ağ ayı,şabalıdyarpaq palıd,dəmirağac,banan,anakonda,zürafə,pinqivin,sui­­ti,feyxoa,ancir,boabob,cüyür,nərə balığı,vaşaq,fil,ərik,begemot,nar.

Bitkilər Heyvanlar



Zənnimcə verilən tapşırığa əməl edən şagirddə “yaradıcı bacariq”ın inkişafından söhbət gedə bilməz.Müasir informasiya bolluğu şəraitində yaşayan 6-cı sinif şagirdi Azərbaycanda rast gəlinən heyvan və bitkilərin adlarını səhv salmaz.Cədvələ verilən bitki və heyvan adını yazmaqla şagirddə “yaradıcı bacarıq” inkişaf edəcək haqqında düşünmək yanlışdır. Şagirddə dərsə maraq oyatmaq, motivasiya qurmaq, onda müəyyən bacarıq və vərdişləri inkişaf etdirmək sinifə daxil olan müəllimin funksiyasıdır.Dərslik öyrənmək üçün əsas mənbələrdən biridir.Qeyd olunan dərslikdə müəlliiflər sinifdə dərs deyən müəllimin bəzi funksiyalarını üzərlərinə götürüblər.Bununlada qarşıya qoyulan əsas məqsəddən müəyyən qədər uzaqlaşıblar.
Dərslikdə, “Fəaliyyət” başlığı altında müəyyən təcrübə, laboratoriya işləri və tapşırıqlar verilir.İstənilən bir təcrübə, labaratoriya işi və tapşırıq müəllimin rəhbərliyi və nəzarəti ilə yerinə yetirilir.Qeyd olunan dərslikdə, Fəaliyyət başlığı altında müəyyən təcrübə, labaratoriya işləri və tapşırıqları müəllimlərə kömək məqsədilə yazılan və dərslik komplektinə daxil olan metodik vəsaitdə vermək olardı.Buda dərslikdə əsas materialın daha əhatəli verilməsinə imkan verərdi.Çünçi, müəlliflər həmişə dərsliklərdə çoxlu ixtisar apardıqlarını,buna həcmin imkan vermədiyi üçün məcbur olduqlarını deyirlər.Ona görədə məzmun xətləri gözlənilməklə bioloji hadisə və proseləri sadədən mürəkkəbə vermək, mövzulararası koreliyativ əlaqənin gözləmək dərslikdə gözlənilməsi zəruri olan əsas prinsiplərdəndir.
Səh.42-də yazılıb: Payızda bitkinin bəzi hissələrində dəricik örtük toxumasının digər növü olan mantarla əvəz olunur.
Şərh: Mantarlaşma payızın gəlişi ilə bağlı deyil. Ola bilər ki, bəzi hissələrində mantar qatı olan müəyyən bitkilərdə “cavan yaşlarda” mantar qatı olmasın. “Yaş” artdıqca mantar tədricən formalaşsın və qalınlaşsın.
Səh.92-də yazılıb: Bitkilər daim işığa doğru əyilir. Onların işığa doğru əyilməsinə səbəb bitkilərin işıq düşən hissəsində olan hüceyrələrin zəif, əksinə, kölgəli tərəfdə yerləşənlərin isə sürətli bölünmələridir.Kölgəli hissədə yerləşən hüceyrələr daha çox bölündüyünə görə bura işıqlı hişşəyə nisbətən daha tez böyüyür.Bunu qaranlıqda saxlanıla bitkidə gövdənin uzanmasıda sübut edir. Bu, bitkilərdə baş verən hərəkətdir.
Şərh: “Bitki”lər ümumi bioloji anlayışdır, onları müxtəlif cəhətlərinə görə sistemləşdirmək və təsnifləşdirmək olar. Birtərəfli yanaşmaqla hər hansı prosein gedişini bütün bitkilərə şamil etmək nə dərəcədə düzdür? Məsələn, işığa münasibətinə görə: işıqsevən, kölgəsevən və kölgəyədavamlı bitkilər mövcüddür. İşıqsevən bitkilər üçün:”. Onların işığa doğru əyilməsinə səbəb bitkilərin işıq düşən hissəsində olan hüceyrələrin zəif, əksinə, kölgəli tərəfdə yerləşənlərin isə sürətli bölünmələridir.Kölgəli hissədə yerləşən hüceyrələr daha çox bölündüyünə görə bura işıqlı hişşəyə nisbətən daha tez böyüyür” fikrin işlətmək olarmı?
Zənnimcə bununla bağlı müəyyən qədər fikirləşmək və daha konkret, yəni, ümumi yox, dəqiq “ünvanı”göstərmək daha məqsədəuyğun olardı.
Səh.95-də yazılıb: Öyrəndiklərinizi tətbiq edin
Bitkiyə torpaqdan qeyri-üzvi maddələrin ( su və mineral duzların) daxil olmasının düzgün ardıcıllığını göstərin
A) Yarpaq hüceyrələri B) Su,mineral maddələr C) Yarpaq damarları D) Əmici tellər E) Kökün damarları F) Kökün hüceyrələri G) Gövdənin boruları
Şərh: Səh.94-də yazılıb: Əmici tellərlə udulan su və mineral maddələr kökün qabıq hüceyrələrindən keçərək borucuqlara çatır. Buradan borucuqlar vasitəsilə kökün yaratdığı təzyiq altında gövdəyə ötürülür. Göründüyü kimi mətndə verilən izahla E) Kökün damarları, F) Kökün hüceyrələri sorğusu fərqlənir. Butün Biologiya ilə bağlı ədəbiyyatlarda kökdə su və onda həll olmuş mineral maddələrin kökdə borucuqlar vasitəsilə ötürülməsi güstərilir. “Kökün damarları” işlətmək elmi səhf olmasada, zənnimcə E) Kökün damarları yerinə E) Kökün borucuqları işlənsə daha məqsədəuyğun olardı. F) Kökün hüceyrələri işltmək isə şagirdi bəlkədə çaşdırmaz, amma qeyd olunan şəkildə yanaşmaq zənnimcə olmaz.Çünki, kok bir oqan kimi hüceyrəvi quruluşa malikdir. Ümumi “Kökün hüceyrələri” yazmaq yerinə zənnimcə F) Kökün qabıq hüceyrələri yazılsa daha məqsədəuyğun olardı.

Lənkəran Dövlət Universiteti
Kimya və biologiya kafedrasının müdiri
Dos.M.B.Hüseynov
Quote
Əhmədov Natiq:
SALAM HÖRMƏTLİ HƏMKARLARIM. SİZLƏRƏ BU ÇƏTİN PEŞƏNİZDƏ UĞURLAR ARZU EDİRƏM. ALLAH BİZ MÜƏLLİMLƏRİ QORUSUN VƏ BİZLƏRƏ ÇOXLU SƏBR VERSİNKİ BU KURİKULUMLU DƏRSLİKLƏRLƏ İŞLƏYİB ŞAGİRDLƏRİMİZƏ NƏİSƏ BAŞA SALA BİLƏK.VI SİNİF BİOLOGİYA DƏRSLİYİ MƏNİM XOŞUMA GƏLMƏDİ. ONA GÖRƏ Kİ DƏRSLİK CƏLB EDİCİ DEYİL. ŞƏKİLLƏR PİS ÇƏKİLİB. ÇOXLU ELMİ SƏHVLƏR VAR. ÖYRƏDİLƏN MÖVZULAR ÇOX QARIŞIQ VERİLİB.DƏRSLİKDƏ BİTKİLƏR AYRI:GÖBƏLƏKLƏRİ AYRI:BAKTERİYALARI AYRI:HEYVANLARI AYRI VERMƏK OLARDI.AMMA BU HEÇ DƏ BELƏ VERİLMƏYİB.
BU GÜNLƏRDƏ ABİTURİYENT 1 JURNALI ÇAPDAN ÇIXIB.BİZ MÜƏLLİMLƏR JURNALI ALIB MODEL TESTLƏRLƏ PROQRAMLA.V.S MARAQLANIRIQ. JURNALDA VERİLMİŞ MODEL TESTLƏR İÇİNDƏ 9-СU 13-CÜ 18-Cİ VƏ 22-Cİ
TESTLƏR UYĞUN TESTLƏR DEYİL.BU TESTLƏR NORMAL TESTLƏR DEYİL.ŞAGİRDLƏR ONLARI EDƏRKƏN BİLMİRLƏR NƏYƏ ƏSASLANSINLAR. TEST MÜƏLLİFLƏRİ BİR İZAHAT YAZSALAR PİS OLMAZ GÖRƏK HÖRMƏTLİ MÜƏLLİMLƏR NİYƏ BELƏ TESTLƏR YAZIRLAR AXI.SANKİ TEST TAPMAYIB TEST VERMƏK XATİRİNƏ BUNLARI YAZIBLAR. AMMA MƏN ƏMİNƏM Kİ REGİON MÜƏLLİMLƏRİNDƏN ÇOXLU TESTLƏR GÖNDƏRİLİR TQDK-YA. HƏMİN TESTLƏRDƏN İSTİFADƏ ETMƏK OLARDI HÖRMƏTLİ MÜƏLLİMLƏR.ALLAH SİZLƏRDƏN RAZI OLSUN.

HÖRMƏTLƏ: ŞƏKİ RAYON VƏRƏZƏT KƏND TAM ORTA MƏKTƏBİN BİOLOGİYA MÜƏLLİMİ ƏHMƏDOV NATİQ.
Quote
Hüseynov Məmmədhüseyn:
Biologiya VI sinif təkliflər

Qiymətləndirmə meyarlarını hər mövzunun sonunda (nümunə şəklində olsa belə) verməkdənsə zənnimcə aşağıdakı təklif etdiyim qaydada vermək daha faydalı olar.
Qiymətləndirmə meyarları
İzahetmə
Zəif
• Mövzu haqqında məlu-matı səthidir.
• Bəzi proseslərin iza-hında yanlışlığa yol verir.
• Nəticələri ümumiləş-dirmədə çətinlik çəkir.
Orta
• Mövzudan xəbəri var, cavabları əsasən düzgündür.
• Lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir.
• Yaradıcı tətbiqetmədə qismən çətinlik çəkir.
Yüksək
• Cavabları dolğundur.
• Mövzunun məzmunu-nu aça bilir.
• Nəticələri ümumiləş-dirməyi və yaradıcı tətbiq etməni bacarır.

Anoloji üsulla “Fərqləndirmə” və “Təsviretmə” üçün də uyğun cədvəl vermək olar.
İlkin olaraq nümunə şəklində metodik vəsaitdə səh.24-də verilən Qiymətləndirmə meyarları: İzahetmə; səh.26-da verilən, “Fərqləndirmə”, səh.29-da “Təsviretmə” ni saxlamaq olar.Təklif etdiyim ümumi cədvəli (“Fərqləndirmə” və “Təsviretmə” üçün də uyğun cədvəl verməklə) isə Şagird nailiyyətlərinin qiymətləndirilməsi bölməsində (səh.18-19) vermək olar. Sonrakı mövzular üçün isə hər dəfə Qiymətləndirmə meyarlarınən verilməsinə ehtiac yoxdur. Təklifim reallaşsa vəsaitdə nə dəyişər?
1. Əsasən: Dərsi tədris edən müəllimin öz işinə yaradıcı yanaşmasına şərait yaratmış olarıq. Yəni, müəllim mövzudan və şagirdin cavabından asılı olaraq müstəqil olaraq qiymətləndirmə aparacaq. Praktika göstərir ki, bütün mövzular üçün vəsaitdə verilən (nümunə şəklində olsa belə) meyarlar bəzi müəllimlərin müstəqil göstəricilərə istinad etməsinə “mane” olur. Deməli, biz istəmədən müəllim fəaliyyətini passivləşdiririk.
2. Qismən: Ümumi həcmə təsir etmiş olar. Müəlliflər üçün daha zəruri olan məlumatların verilməsinə müyyən qədər boş yer qalar.
Vəsaitdə demək olar ki, bütün mövzularda Mövzunun adı verilir? Alt standartlar göstərilir, dərsin məqsədi göstərilir, sonra isə müəlliflərin məqsədəuyğun saydıqları yeni təlim metodları müəyyən qədər təhlil olunur. Zənnimcə fəal dərsin tam mərhələləri əsasında bir neşə nümunə göstərmək daha yaxşı olardı. Verilən nümunələr müəllimlərin dərslərini fəal təlim üsullarına istinadən keçmələrinə metodik cəhətdən kömək etmiş olar. Mən ancaq mərhələləri göstərmişəm. Hər hansı mövzunu götürüb verlən mərhələlərə uyğun, yaradıcılıqla yanaşıb vermək olar.
Nümunə:
Mövzu:
Standart:
Məqsəd:
Təlimin forması: .
Təlimin üsulu:
Resurslar:
İnteqrasiya:
Dərsin tipi:
Motivasiya, problemin qoyulması:
Tədqiqat sualı:
Tədqiqatın aparılması:
Qrup 1.
Qrup 2.
Qrup 3.
Qrup 4.
Məlumat mübadiləsi və müzakirəsi:
Ümumiləşmə və nəticə.
Yaradıcı tətbiq etmə.
Qiymətləndirmə.
Ev tapşırıqları.
“Ümumiyyətlə. əgər geniş mənada dərslikdə verilən mövzuların təhlil sxeminə və ya üsullara diqqət etsək, bəzi ixtisarlara və yeniliklərə ehtiyac var. Əgər dərslik komplektinə daxil olan müəllimlərə kömək məqsədilə yazılan metodik vəsaitdə dərsin mərhələləri verilibsə(fəal dərsin mərhələlərinin verilməsi lazımdır,amma metodiki vəsaitdə fəal dərsin mərhələləri tam açıqlanmayıb) və müəllim dərsi qeyd olunan mərhələlərlə qurursa, onda dərslikdə: Fəaliyyət, Öyrəndiklərinizi yoxlayın, Nə öyrəndiniz adı altında mövzunu parçalamağın nə dərəcədə əhəmiyyəti var? Qeyd edilən “sxem” üzrə mövzunun verilməsi formaca cəlb edici görünsədə, məzmunca çox zəif təsir bağışlayır. Çünki, dörd məzmun xətti ilə yazılması tələb olunan dərsiklikdə nəzəri materialın qoyulan tələblər səviyyəsində verilməsinə az yer qalır.”
Göründüyü kimi əgər fəal təlim üsulları ilə müəllim dərsi qursa onda dərlikdə “motivasiya” vermək, müxtəlif üsullarla sorğulara, tapşırıqlara yer vermək (Fəaliyyət, Öyrəndiklərinizi yoxlayın, Nə öyrəndiniz, Bilirsinizmi ) nə dərəcədə fayda verə bilər. Məllim eyni vaxtda həm dərslik əsasında qarşıya qoyulan tapşırıqları yerinə yetirsin, həm də nümunə şəklində sizə göndərdiyim kimi, yəni şagirdlərdə məntiqi təfəkkürün inkişafına səbəb olacaq dərs desin. Buna zənnimcə vaxt çatdırmaq çətin olar.
Seminarda müəlliflərdən- Nailə Əliyeva qeyd etdi ki, dərsliyin quruluşu ilə bağlə təkliflər verilmir.
Bəs mənim həm dərslik portalında yerləşdirdiyim, həm də sizə göndərdiyim təkliflərə niyə reaksiya yoxdur?
Mövcud dərslikdə ilk mövzu “Vətənimizin təbiəi” verilib. Sonrakı movzularda canlılar, onlarda gedən həyati prosesslər məzmun xətti “gözlənilməklə” verilməyə cəhd edilib. Amma bitkilər aləminə daha çox yer ayrılıb. Vətən hamımıza əzizdir. Onun təbiəti haqqında dərslikdə yeri gəldikdə məlumat vermək daha yaxşı olardı. Əsl vətənpərlik zənnimcə, vətənin övladlarına düzgün təhsil vermək, onlarda bilik,bacarıq və vərdişlərin inkişafına çalışmaqdır. Biologiyanı bir elm kimi öyrənməyə başlayan şagirdə ilkin bioloji anlayışları öyrətməkdən başlamaq lazımdır. Əgər diqqət etsək görərik ki, Məzmun xətləridə bunu tələb edir.
- Canlıların quruluşu və müxtəlifliyi
- Bioloji proseslər
- İnsan və onun sağlamlığı
- Canlılar və ətraf mühit
Məzmun xətləri gözlənilməklə təklif etdiyim şəkildə ( müzakirə, geniş təhlildən sona, yəqin ki, xüsusi əlavələr edilməklə) dərsliyin yazılmasını məqsədəuyğun hesab edirəm.
Birhüceyrəli canlılar:
-Bakteriyalar
-Göbələklər əsas nümayəndələri
-Bitkilər: əsas nümayəndələri
-Heyvanlar: əsas nümayəndələri
Verilən canlılarln quruluşu və müxtəlifliyi, yaşadığı mühitin spesifikliyi, oxşar və fərqli cəhətləri
Birhüceyrəli orqanizmlərdə əsas bioloji proseslər: qidalanma, çoxalma, böyümə və inkişaf, ifrazat. Təbiətdə yayılması, təbiətdə və insan həyatında əhəmiyyəti və s.
Qeyd olunan proseslərdə spesifiklik, oxşar və fərqli cəhətləri
Koloniya halında yaşayanlar
Əsas spesifik cəhətləri
Çoxhüceyrəli canlılar
Göbələklər
Bitkilər
Heyvanlar
Verilən canlılarln quruluşu və müxtəlifliyi, yaşadığı mühitin spesifikliyi, oxşar və fərqli cəhətləri
Çoxhüceyrəli orqanizmlərdə əsas bioloji proseslər: qidalanma, çoxalma, böyümə və inkişaf, ifrazat və s. Canlıların təbiətdə yayılması, canlılar və ətraf mühit, onların təbiətdə və insan həyatında əhəmiyyəti və s.
Qeyd olunan proseslərdə spesifiklik, oxşar və fərqli cəhətlər
Məzmun xətləri gözlənilməklə mövzular izah edildikdə sadədən mürəkkəbə doğru yanaşma daima diqqət mərkəzində olmalıdır, VI sinif həcmində, sonrakı siniflərdə, yəni sinifdən- sinifə keçdicə xüsusi yanaşmanı gözləməklə.
Ümumi rəydə verilən irad və təkliflərə müəlliflərin verdiyi bəzi cavablara münasibət bildirmək istəyirəm.
Ümumi rəydə səh.17. də yazılan “Yaranan fərdlər fərdi inkişafı dövründə (doğulandan ölənə qədər) dəyişilir” fikrinə düzgün olaraq irad bildiriblər. Ümumi rəydə təklif olunur ki, həmin cümlə yazılsın: ”Yaranan fərdlər fərdi inkişafı dövründə (mayalanma anından ölənə qədər) dəyişilir.
Müəlliflər isə həmin cümlənin “Yaranan fərdlər fərdi inkişafının doğulandan ölənə qədər olan dövründə dəyişilir” kimi yazılmasını düzgün sayır.
İzahat: Mən Ümumi rəydə verilən cümlənin elmi cəhətdən düzgün olduğunu qəbul edirəm. Çünki, canlılarda mühitin zərərli amillərinin təsirindən həm embrional, həm də postembrional inkişaf dövrlərində dəyişikliklər gedə bilər. Buna demək olar ki, bütün canlıların fərdi inkişafında təsadüf etmək olar.Məsələn, hamilə qadında rüşeyimin embrional inkişafının müəyyən mərhələsində dəyişiklik ola bilər. Qəbul edək ki, hamilə qadın kəskin radiyasyalı bir ərazidə yaşamalı olub ( və ya radyasiyanın təbii fonunun yüksək olduğu ərazidə). Kim deyərki, normadan kənar radiyasiya döldə və ya anada hər hansı dəyişiklik yaratmaz.
Ümumi rəydə səh.52-də yazılan ”Gövdə üzərində yarpaqlar və tumurcuqlar olur.Onun cavan hissəsi isə zoğ adlanır” fikrinə düzgün olaraq irad bildiriblər.
Ümumi rəydə təklif olunur ki, həmin cümlə yazılsın: “Gövdənin üzərində yarpaq və tumurcuq olan cavan hissəsi zoğ adlanır”.
İzahat: Əgər birinci cümləyə diqqət etsək: ”Gövdə üzərində yarpaqlar və tumurcuqlar olur”. Heç də bütün gövdələr üzərində yarpaq və tumurcuqlar olmur.Onda ikinci cümlədəki fikir: “Onun cavan hissəsi isə zoğ adlanır” birinci cümlə ilə uzlaşmır. Amma Ümumi rəydə zoğa verilən tərif: “Gövdənin üzərində yarpaq və tumurcuq olan cavan hissəsi zoğ adlanır”. Fikir tam aydındır, heç bir mübahisə doğurmur.
.Səh.79.Toxumu quruluşu.

Yazılıb: Toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir.
İzahat: İkiləpəli və birləpəli bitkilərin toxumlarının fərqli quruluşa malik olmasını öyrənəcək şagirddə toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir fikri müəyyən qədər çaşqınlıq yaradacaq. Həmin səhifədə lobya toxumunun quruluşu hissələri göstərilməklə yazıldığını görən şagird bu hissələr arasında endospermin olmadığını görəcək. Onda qeyd etdiyimiz kimi, toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir fikrini toxumun quruluşunu izah edərkən ilkin fikir kimi qeyd etmək şagirdi yanlış istiqamətə yönəldmiş olar.

Cavab:(Müəllif tərəfindən verilən). Burada toxumun ümumi quruluşu barədə məlumat verilir. Bəli, toxum qabıq, endosperm və rüşeymdən ibarətdir. Amma bu quruluşdan kənara çıxma da istisna deyil. Necə ki, ikiləpəli bağayarpağında bəzi əlamətlər birləpəlilərdə olduğu kimidir.
İzahat: Dərslik portalında yazdığım irada müəllifin cavabınıda sizə təqdim etdim.
Göründüyü kimi müəllif fikrinin üzərində dayanır:” Bəli, toxum qabıq, endosperm və rüşeymdən ibarətdir”.
Mən yazmışam: ”Həmin səhifədə lobya toxumunun quruluşu hissələri göstərilməklə yazıldığını görən şagird bu hissələr arasında endospermin olmadığını görəcək”.
Lobya toxumunda endosperm olmur, o toxumun ilkin inkişaf mərhələlərində ehtiyat qida maddələrini ləpə yarpaqlarına ötürərək (və ya ehtiyat qida maddələri ləpə yarpaqları tərəfindən sorulur) reduksiyaya uğrayır. Onda sual olunur: Reduksiya olunmuş hər hansı bir hissəni formalaşmış bir orqanizmin əsas quruluş hissəsi kimi göstərmək nə dərəcədə düzdür?...
Məlumat üçün bildirmək istəyirəm:
İkiləpəli bitki toxumlarını quruluşuna görə ayırmaq olar:
1. Endospermli ikiləpəli toxumların quruluşu
2. Endospermsiz ikiləpəli toxumların quruluşu
Endospermli ikiləpəli toxumların quruluşu – bu toxum tipinə göyrüşdə, pamidorda, tütündə, yerkökündə, yasəməndə, üzümdə, çətənədə və s. Ikiləpəli bitkilərdə rast gəlmək olar. Belə toxumlarda endosperm yaxşı inkişaf edir, toxumun əsas quruluş hissəsi kimi götürmək olar.
Endospermsiz ikiləpəli toxumların quruluşu- belə toxumlar əksər ikiləpəli
bitkilərə xas olur. Məs: lobya, noxud, günəbaxan, palıd, qoz, qovaq, ağcaqayın, şabalıd vəs. Belə toxumlarda endosperm ehtiyat qida maddələrini ləpə yarpaqlarına ötürərək reduksiyaya uğrayır , toxumun əsas quruluş hissəsi kimi götürmək olmaz.
Lənkəran Dövlət Universiteti,
Kimya-biologiya kafedrasının müdiri, dos.M.B.Hüseynov.
Quote
Məmmədxanli Turan:
Əhmədov Natiq, Əhmədov Natiq,
9 saylı test. 10 sinif "Ümumi biologiya" dərsliyinin 3-cü və 4-cü paraqraflarında qeyd olunur ki, ribosomlar həm nüvədə sintez olunur, həm də, öz irsi məlumatı olan, mitoxondri və xloroplastların daxilində mövcuddur. Deməli ribosomlar hüceyrənin, mitoxondrilərin və xloroplastların irsi məlumatı əsasında sintez olunur. Yaşıl bitki hüceyrələrində hər üç struktur olduğu üçün burada ribosomlar 3 irsi məlumat əsasında qurulur.
P.S. Bu ribosomlar bir birindən fərqlənir. Hüceyrənin ribosomları 80S mitoxondri və plastidlərinki 70S olur. S- (çökmə sürətini xarakterizə edən) sedimentasiya əmsalı.

13 saylı test. 10 sinif "Zoologiya" dərsliyinin 93 - 95-ci səhifələrində yazılıb ki, quşların kloakasına böyrəklərin axarları (2 dənə), cinsiyyət vəzilərinin axarları (dişilərdə 1 ədəd) və bağırsaqlar açılır. Deməli toyuqlarda 3 axar və bağırsaq dəliyi. Əgər quşlarda sidik kisəsi reduksiyaya uğramasaydı ifrazat sisteminin quruluşu sürünənlərdə olduğu kimi kloakaya 1 axarla açılardı. Beləliklə toyuqlarda sidik kisəsi olsaydı onların kloakasına 2 axacaq açılardı (yumurtalıqdan və sidik kisəsindən gələn).

18 saylı test. Embrional dövr doğulma və ya yumurtadan çıxma anana qədər davam edir "Ümumi biologiya" §22. Bunu nəzərə alsaq testin cavabı pələng və gürzə olmalıdır. Çünki baliqlarda bütün ontogenezləri zamanı bir qan dövranı olur, qurbağalarda isə iki qan dövranı kürüdən çıxandan sonra, yəni postembrional dövrdə əmələ gəlir.

22 saylı test. İkiqat çiçəkyanlığı olan bitkilərdə çiçəyin qeyri-əsas hissələrinin sayı 4-ə bərabərdir: çiçək saplağı, çiçək yatağı, kasa yarpaqları, ləçəklər ("Botanika" 6 sinif, "Abituriyent" № 2, 2013). Sadə çiçəkyanlığında ləçək, və kasayarpaqları yoxdur, ancaq yarpaqcıq olur. Beləliklə sadə çiçəyi olan bitkilərin çiçəyində qeyri-əsas 3 hissə var (çiçək saplağı, çiçək yatağı və yarpaqcıqlar).
Səhifələr: 1
Forumlar » 6-cı sinif » Biologiya