Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
Dərslikdə təqdir olunan xeyli material verilmişdir. Tarixi məlumatların verilməsi, riyaziyyatçı alimlərin gördükləri işlər, xəritə və miqyas haqqında geniş məlumatlar, ƏKOB, ƏBOB çoxluqların kəsişməsi, birləşməsi, cəmi, fərqi, faizə aid bütün zəruri məlumatlar, müstəqil Respublikamız haqqında məlumatlar, dövlət rəmzlərimiz, qədim ölçü vahidləri haqqında yeri gəldikcə məlumatların verilməsi, həndəsi məlumatların bolluğu dərslik müəlliflərinin uğurlu addımıdır.
Dərslikdə bir neçə mövzunun gözəl izahı verilib, həmin mövzulara aid maraqlı çalışmalar verilmişdir. Dairənin sahəsi, ox simmetriyası, silindr, sahələrinin ölçülməsi, bucaq , faiz, düz və tərs mütənasib asılılıq, ehtimal və s. və onlara aid verilən çalışmalar təqdirəlayiqdir. Xüsusilə səhifə 156-da silindrin düzbucaqlı paralelepipeddən yonulmaqla alınan həndəsi cisim kimi verilməsi uğurlu addım kimi qiymətləndirilməlidir. Həndəsi cisimlərdə görünməyən tillərin qırıq-qırıq xətlə verilməsi yaddan çıxıb.
Sahənin ölçülməsi, dairə, sektor, seqment, dairənin sahəsinə aid verilən məsələlər, xüsusilə müxtəlif həndəsi fiqurların kombinasiyasına aid məsələlər çox maraqlıdır. Lakin burada səhifə 157-də məsələ 13-də verilmiş radiusu 2 sm, hündürlüyü 0.7 dm olan silindrin şəkli qüsurludur.
Bununla yanaşı dərslikdə uğurlara baxmayaraq xeyli qüsurlara və səhvlərə yol verilmişdir. Əvvəlki fikirlərimdə bunların bir qisminə münasibətimi bildirmişəm. Fürsətdən istifadə edib həmin yazını oxumuş bütün oxuculara dərin minnətdarlığımı bildirirəm. Amma çox təəssüf dərslik müəllifləri həmin yazını oxusalar da belə bu günə kimi münasibətlərini bildirməyiblər. Dərsliklərimizdə qüsurların, səhvlərin olmamasını istəyimdən müşahidə etdiyim digər qüsur və səhvləri oxucuların müzakirəsinə verirəm:
Dərsliyin forzasında verilən Azərbaycan Respublikasının Dövlət bayrağı həm ölçüsünə, həm də rənginə görə təhrif olunub.
Dərsliklərdə çalışmaların cavablarının verilməsi çox yaxşı haldır. Lakin cavab verilirsə hamısının cavabı verilsin. Asan çalışmanın cavabının verilməsi, çətinlərin cavablarının verilməməsi şagirddə, müəllimdə, oxucuda başqa fikir yaradır.
Səhifə 183, məsələ 16. Futbol üzrə çempionatda xallar bu cür paylanır: qələbə üçün 3 xal heç-heçə 1 xal, məğlubiyyət 0 xal. Komanda 8 oyun oynadı və 20 xal qazandı. Komanda oyunun neçəsini qələbə, neçəsini heç-heçə, neçəsini məğlubiyyət ilə keçirdi?
İlk növbədə bu tipli məsələ verilməsi çox yaxşı haldır. Lakin daha gözəl olardı ki, məğlubiyyət sayı 0 yox 1; 2 yaxud başqa sayda olaydı. Onsuzda hər iki variantda həll üsulu cədvəl üsulu ilə aparılacaq.
Səhifə 183, məsələ 17. 30 kibrit çöpündən Məhəmməd 3 bucaq və kvadrat düzəltdi. Üçbucağa 3 kibrit çöpü kvadrata 4 kibrit çöpü sərf edirsə neçə üçbucaq və neçə kvadrat düzəltdi? Əgər kvadrat və üçbucaq tərəfləri 2 kibrit çöpündən olarsa, neçə kvadrat və neçə üçbucaq düzələr?
Məsələnin mətnində ən çox fiqur almaq şərti yoxdur, ona görə dərsliyin cavabındakı 6 üçbucaq, üç kvadrat halından başqa variant da var. Bu 2 üçbucaq 6 kvadratdır. (Söhbət məsələnin 1-ci hissəsindən gedir)
Səhifə 134-də məsələ 5 mərkəzləri C və D nöqtələrində olan 3.4 sm və 6.7 sm radiuslu 2 çevrə verilmişdir. CD=39 sm olarsa onların qarşılıqlı vəziyyətini müəyyən edin. Açıq aşkar görünür ki, bu çevrələrin biri o birinin xaricidə olmaqla heç bir ortaq nöqtəsi yoxdur. Kitabın cavabında isə onların kəsişməsi göstərilib.
Səhifə 183, məsələ 18. Dostlarına yeni il hədiyyəsi almaq üçün Fəridin 50 manat pulu var idi. Fərid biri 6 manat və 8 manat olan kitabları bəyəndi. Fəridin bütün pulunu xərclədiyi məlumdursa, hər kitabdan neçəsini almışdır?
Məsələni həll etdikdə 2 variant alınır. I variant-8 manatlıq 1 kitab, 6 manatlıq 7 kitab; II variant-8 manatlıq 4 kitab, 6 manatlıq 3 kitab alınır. Dərsliyin cavabında isə variantın biri verilsə də, digər variant (8 manatlıq 3 kitab, 6 manatlıq 6 kitab) səhv verilib.
Səhifə 185 məsələ 39 yeşikdə almaların sayı 80-dən azdır. Onları iki, üç və beş uşaq arasında bərabər bölmək mümkündür, lakin dörd uşaq arasında bölmək mümkün deyil. Yeşikdə neçə alma var?
İlk növbədə qeyd edim ki, məsələ maraqlıdır. Lakin şərt dəqiq verilmədiyindən bir neçə variant var. Ya almanın ən azı neçə olması (Bu halda cavab 10-dur) Yada ən çox olması (Bu halda isə cavab 70-dir) şərti verilməli idi. Hətta daha 2 variant var-bu halda isə almaların sayı 30; 50 ola bilər.
Dərslikdə bir neçə yerdə parçanın işarələnməsində uyğunsuzluğa yol verilib: məsələn AK parçası KA kimi işarələnmişdir.
Səhifə 144 məsələ 2. Dəftər vərəqini 4 qatlayıb üzərində hər hansı fiqur çəkin. Qayçı ilə bu kağızı fiqurun tərəfləri boyunca kəsin. Alınmış fiqurların neçəsi konqruyentdir?
Müəlliflər şagirddən-alınmış fiqurların dördünün də konqruyent olduğunu alması qənaətinə gəlməsini istəyirlər. Çox gözəl. Amma müəlliflər bir məsələni unudublar, onlar şagirdlərin çəkəcəyi fiqurların tərəflərinin parça kimi olacağını nəzərdə tutublar, ona görə tərəfləri boyunca kəsməyi tövsiyə ediblər. Əgər çəkilən fiqurlar əyri xətli (Çevrə, dairə və ya başqa əyri xətli fiqur) olsa onda həmin fiqurların tərəfləri hansı olacaq? Daha doğrusu məsələnin şərtində sonluq belə olmalı idi: Qayçı ilə bu kağızı fiquru konturu boyunca kəsin.
Səhifə 181 məsələ 4 Dairəvi diaqrama əsasən əhalinin neçə faizinin uşaq olduğunu təyin edin. Diaqramda kişilər əhalinin 1/4-ni, 49% qadınları, qalan hissə isə uşaqların sayını göstərir. İlk baxışda kəsrə və faizə aid maraqlı məsələ olduğu görünür. Amma nəzər alsaq ki, əhali cinsinə görə 3 deyil 2 növə bölünür. Yaxşı olardı ki, kişilər filan qədər (kəsr yaxud faiz şəklində) qadınlar filan qədərdir (kəsr yaxud faiz şəklində) şəklində, bunların isə filan qədəri uşaqdır şərti veriləydi, uşaqların sayının tapılması soruşulaydı. Dəqiqliyə şübhəsi olan uşaqlara verilən şəxsiyyət vəsiqəsinə baxmaq kifayət edər.
V və VI siniflərdə üçbucaqların qurulmasının 2 halı verilib, III hal verilməyib. Dərslik müəlliflərinin qurma məsələlərinə yer verməsi çox müsbət haldır. Yaxşı olardı ki, 2 tərəf və bu tərəflərdən birinə çəkilmiş hündürlüyünə, medianına, tən böləninə, və başqa tipli məsələlər də veriləydi.
Səhifə 105 məsələ 3. Şəkillər reallığı əks etdirmir.
Qeyd:Hörmətli oxucuların diqqətinə bir məsələni çatdırmaq istəyirəm. səhvən yuxarıda verilən bəndlərdən təkrar gedib. Bunu nəzərə almağınızı xahiş edirəm.