Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızının
VI siniflər üçün yazılmış "Azərbaycan dili" dərslik kitabına (2013-cü il nəşri)aid qeyd edilən iradlar:
I Mətnlər haqqındakılar:
1. "Əlvida, Bilmirəm" mətnində Günay müəllimənin Nigarla bölüşdüyü "4 maddəli bilmirəm" qeydləri birmənalı qarşılana bilməz. Fikrimizcə, müəllim sinifdə qüdrətli söz sahibi, əsl kamil bir şəxsiyyət təsiri bağışlamalıdır. Dahi pedaqoqların qeyd etdiyi kimi, müəllimin bilmədiyi kiçik bir "nöqtə", şagird üçün "zülmətə" çevrilir. (səh. 10-11-12)
2. "İnşa" mətnində. Ədəbiyyat və Azərbaycan dili dərslərində yazılan inşalar şagird xəyallarının, şagird arzularının, şagird düşüncələri və mülahizələrinin müxtəlif uğurlu cümlələr, hökmlər və ifadələrlə öz əksini hansı məzmunlardasa inikas etdirilməsidir. Bəlkə, müəllif gələcək inşaların sxem və qrafiklərlə təzahür edəcəyini söyləmək istəyir? Bu fikri qəbul etmək mümkündürmü? ( səh. 15-16-17 )
3. "Məktub" mətni. Əkslik və ziddiyyət məhz pulunmu müqayisəsində göstərilməli idi? Bu mətn dərslikdən çıxarılmalıdır! VI sinif şagirdləri üçün bu mətn beyin zəhərinə bənzəyir. Bundansa, köhnə kənd məktəbi ilə modern üslubda olan yeni məktəb binası məktublaşa bilərdi, öyünə bilərdi ki, onu qurtaran şagirdlərdən ali məktəblərə daxil olanların sayı modern üslubda tikilmiş yeni məktəbi bitirən şagirdlərin ali məktəbə daxil olduqları saydan daha çoxdur. Yəni, orta məktəbə ötürülən mətnlərin məzmununa fikir vermək cox həlledicidir. Güman edirəm ki, bu mətnlər şagirdlərə saflıq, təmizlik, kamillik gətirə bilməklə yanaşı, həm də estetik zövq və yeni düşüncə tərzi də aşılamağı bacarmalıdır. ( səh. 26-27 )
4. "O mənim bacımdır". Bu mətndə altruizm əvəzinə C. Məmmədquluzadənin vaxtilə yazdığı "Poçt qutusu"nun yeni bir təzahürünü hiss edirik. Məgər 9 yaşlı Azərbaycanlı bir qız uşağı, həqiqətənmi qanvermədən sonra öləcəyini zənn etməli idi?
( səh. 37-38 )
5. "Mən gərək oğul doğulaydım" mətnində də uğursuz bir səhv var. Həm də bu uğursuz səhvi çox qəribədir ki, mətnin adına da ötürüblər. Əslində, Salatının pasportunda səhvən "Salatın Əziz oğlu Əsgərova" yazılılmışdır. ( səh. 93 )
6. "Atanın dərsi" mətni də, fikrimizcə mütləq dərslikdən çıxarılmalıdır. Burada qız atasına s a y m a z y a n a cavab verir. Hansı Azərbaycanlı ailəsində kiçik olmayan bir qız atasına saymazyana cavab verir?
Atasının da "dərs" kimi fikirləşdikləri elə də təsirli üsul deyil. Ən təəccüblüsü isə mətnin sonudur. Guya, belə bir çətin qız axırda hər şeyi başa düşür. İnandırıcı səslənmir. ( səh. 139-140 )
7. "Xoşbəxtlik mətni". Bu mətn haqqında da xoş söz demək mümkün deyil. Səhvlər lap çoxdur.
a) Xoşbəxtlik kimlərəsə gözəl, kəhkəşanlı ev, bahalı maşın verə bildiyi halda quyudan özü çıxa bilmir. Hanı məntiq?
b) Gözəl ev, bahalı maşın əldə edən kəslər heç xoşbəxtliyə təşəkkür belə etmədən, onu quyudan çıxarmağa belə təşəbbüs etmədən aradan çıxırlar.
c) Belə bir cümlə verilib: Xoşbəxtlik h ö n k ü r - h ö n k ü r ağlayır. Bu, qətiyyən yolverilən ola bilməz. Xoşbəxtlik ağlayan yerdə insanlar ən bədbəxt olurlar.
( səh. 142 )
8. "Ümid". Bu mətndə də qüsurlu məqamlar var. Sülh şamı sönür, səmimiyyəti əks etdirən şam sönür, sevgini rəmz edən şam sönür. Yalnız ümid qalır. ( səh. 150 )
9. "Silinməz dostluq". Mətn uğurludur - verdiyi, təlqin etdiyi ideyasına görə. Yalnız bir yerdə qüsurludur. Dosta vurulan sillənin səbəbi düzgün izah edilməyib. Səyahətdə uzun yolun ürək sıxması düzgün deyil. Əslində, səyahət insanın ürəyini sıxmamalı idi. Sonra ürəyi sıxılan kəs çox verdiyi dostuna yalnız onun söylədiyi sözlərə görə əsəbiləşib silləmi vurmalıdır? ( səh. 155 )
II Dil qaydalarına aid olan iradlar.
1. "Məktub" mətnində belə bir cümlə işlənilmişdir. -- İnana bilmirdim ki, nəhayət kiminsə işinə yarıyacağam.
yarımaq - özün kimdənsə yarıyırsan.
yaramaq - sən kiməsə kömək edirsən.
Bu cümlədə yarımaq deyil, yaramaq yazılmalı idi. ( səh. 26 )
2. "Sənin kimi olacağam". 30-cu səhifədə "Ağrıları coxdur" cümləsi əvəzinə "Ağrıları kəskinləşmişdir" işlənsə idi, daha yaxşı olardı.
3. "Dülgər oğlu" mətnində orfoepiyada verilən söz müəllifin dilindən verilən cümlənin içindədir. Bu düzgün hesab edilə bilməz.
[ e:malatxanıya ] səh. 34. Həmin qayda 35-ci səhifədə izah olunmuşdur. O qaydanın mətndə müəllifin dilindən verilməsi qüsurludur.
4. "O mənim bacımdır" mətnində belə bir cümlə var: "Lakin ağrılara fikir vermədən yalvarıcı nəzərlərlə otağa girib-çıxanlara baxır, içəridən bir xəbər bilməyə çalışırdı". Bu cümlədə ağrılara fikir vermədən ifadəsi qüsurludur. Çünki ağrı dözülməz olanda ona fikir verməmək sadəcə mümkün deyil.
5. Səhifə 85-də bayatılar verilmişdir:
Bu dağda mənəm sənsiz,
Dağı enmənəm sənsiz.
Təəccüblüdür ki, tarixən işləndiyi anda necədirsə, elə verilmişdir. Halbuki bu məqsədəuyğun hesab edilə bilməz. Çunki, ədəbi dil tarixi baxımından bu kitabda heç bir anlayış yoxdur. Yəni, enmənəm deyil, enmərəm şəklində olmalı idi. Növbəti (elə həmin səhifədə) bayatı məhəbbət haqqındadır. Diqqət edək:
Araqçının məndədir,
Sərmişəm, çəməndədir.
Dünya gözələ dönsə,
Mənim gözüm səndədir.
VI sinif şagirdi üçün belə dərin hislər hələ lazım deyil. Vətənə aid, xüsusilə Qarabağa aid bu bayatı daha çox yerinə düşərdi:
Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Dünya cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Bugünkü günümüzlə də səsləşərdi.
6. 103-cü səhifədə "Ağdam çörək muzeyi" mətnindən sonra 8№-li çalışmada xanalar 6 yerdə boşdur.
7. "Sənət fədaisi" mətnində (səh.109) Üzeyir Hacıbəyli yazılmasına baxmayaraq digər məqamlarda Əhməd Ağdamski (6 məqamda), Hüseyn Ərəblinski getmişdir. Onda Üzeyir Hacıbəyli yazılmasına hacət qalırdımı?
( səh.109-110 )
8. "İki qar dənəcəyi" (səh.137) mətnində düzgün tərcümə getmədiyindən bəzi səhvlər ortaya çıxmışdır.
a) deyirdi 2, cavab verirdi, etiraz edirdi sözləri dedi, cavab verdi, etiraz etdi şəklində olmalıydı.
b) Gör biz necə də uçuruq! -- səhv tərcümədir. -- enirik olmalı idi.
c) Cavab kimi verilən düşürük -- enirik şəklində olmalı idi.
Bu mətn böyük su dövranını əks etdirir. Daha uğurlu bir mətn yaradıla bilərdi.
9. "İnam" mətnində (səh. 149) "bir damcı günəş odu" ifadəsində numerativ söz yerində düzgün işlənməyib. Onu da qeyd etsək ki, dərslikdə numerativ sözlərin işlənmə qaydası izah olunub, bu ifadə daha qüsurlu nəzərə çarpacaq.
Elə həmin mətndə "Mənim evimi incəsənət əsərinə çevirdin" cümləsi də qüsurlu alınıb. "Mənim evimi incəsənət muzeyinə çevirdin" deyilsəydi, daha təsirli olacaqdı.
10. Səh.152-də çalışmada N.Gəncəvinin şeiri belədir:
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Lakin kitabda səhv verilmişdir:
Çalış, çox danışma, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
11. "Mete Xaqan" (səh.161) zəif sözü səhv yazılıb. "Zəyifləyib" şəklində, yəni orfoqrafiya ilə deyil, orfoepiya ilə getmişdir.
12. "Dinozavrlar" mətnində (səh. 179) 180-ci səhifədə hinduşka sözü işlənib. Bu səhvdir. Ya hind toyuğu, ya hind xoruzu işlənir. Hinduşka olduğu üçün hind toyuğu getməli idi.
Bu iradlardan başqa, aşağıdakıları da deməyi özümə borc bilirəm.
Kitabda uğurlu mətnlər çoxdur. Həmçinin sillogizmlər də vardır. Təklif kimi onu deyərdim ki, sillogizmlərin sayı daha çox olmalıdır. Məntiqi güclü olan şagirdə düzəltmə isimlərə söz + leksik şəkilçi sxemini verməklə 40-dan çox olan şəkilçiləri sadalamamaq da mümkündür. İsmin sualına cavab verən ͆ + ^ sxemli sözləri şagird çətinlik çəkmədən isim kimi qəbul edə biləcəkdir. Bu fikir həmçinin düzəltmə sifətlərə də şamil edilə bilər.
Onu da qeyd edim ki, əgər şagirddə həqiqətən məntiq güclü olacaqdırsa, onda feli sifətlə felin lazım şəklini, feli sifətlə felin vacib şəklini, feli sifətlə təsriflənən xəbər formasını ayırd etməkdə çətinlik çəkməyəcəkdir. Lakin bunun belə olması üçün mütləq sillogizmlərin sayı artırılmalıdır. Ən sadə sillogizmlər əvvəl verilməli, sonra orta səviyyədə olan sillogizmlər, dərs ilinin yarısından etibarən çətin mürəkkəb sillogizmlər təklif olunmalıdır.
Lakin dərsliyin indiki halında mütləq bəzi dəyişikliklər olmalıdır. Ən azı 10-15 isim düzəldən, ən azı 9-10 sifət düzəldən şəkilçilər verilməlidir. Feli sifətlə felin təsriflənən şəkilləri arasındakı fərq izah olunmalıdır.
III Kitabdakı mübtədanın tərifinə aid irad.
Əslində kitabdakı (istər ali məktəb, istərsə orta məktəb kitablarında) tərif tamamlığa aiddir. Mübtədanın tərifi belə olmalıdır:
Mübtəda cümlədə mütləq adlıq halda işlənən (yaxud olan) qrammatik subyekti bildirir. yaxud:
Cümlədə mütləq adlıq halda işlənən (yaxud olan) qrammatik subyektə mübtəda deyilir.
IV Kitabda xəbərə aid irad.
169-cu səhifədə "xəbər - hərəkət və məlumat" da səhv bir cümlə getmişdir: "Feli xəbər hərəkət, ismi xəbər hökm bildirir."
166-cı səhifədə mübtədanın ifadə vasitəsi kimi, məsdər birinci, sifət və say sonra verilib
Hörmətli ekspertlər, mənim başqa dil faktlarına da iradlarım vardır. İcazənizlə, mən onları da sizlərə təqdim edə bilərəmmi?
Diqqətinizə görə minnətdaram!
Hörmətlə: Göyçay şəhər M. Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili - ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qız