Azərbaycan dili

Forumlar » 6-cı sinif » Azərbaycan dili
Səhifələr: 1
RSS
Azərbaycan dili
2013-cü ilə qədərki nəşrlər və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Azərbaycan dili” dərslik komplektinin (2013 və 2015-ci il nəşrləri) müzakirəsi
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızının
VI siniflər üçün yazılmış "Azərbaycan dili" dərslik kitabına (2013-cü il nəşri)aid qeyd edilən iradlar:

I Mətnlər haqqındakılar:

1. "Əlvida, Bilmirəm" mətnində Günay müəllimənin Nigarla bölüşdüyü "4 maddəli bilmirəm" qeydləri birmənalı qarşılana bilməz. Fikrimizcə, müəllim sinifdə qüdrətli söz sahibi, əsl kamil bir şəxsiyyət təsiri bağışlamalıdır. Dahi pedaqoqların qeyd etdiyi kimi, müəllimin bilmədiyi kiçik bir "nöqtə", şagird üçün "zülmətə" çevrilir. (səh. 10-11-12)

2. "İnşa" mətnində. Ədəbiyyat və Azərbaycan dili dərslərində yazılan inşalar şagird xəyallarının, şagird arzularının, şagird düşüncələri və mülahizələrinin müxtəlif uğurlu cümlələr, hökmlər və ifadələrlə öz əksini hansı məzmunlardasa inikas etdirilməsidir. Bəlkə, müəllif gələcək inşaların sxem və qrafiklərlə təzahür edəcəyini söyləmək istəyir? Bu fikri qəbul etmək mümkündürmü? ( səh. 15-16-17 )

3. "Məktub" mətni. Əkslik və ziddiyyət məhz pulunmu müqayisəsində göstərilməli idi? Bu mətn dərslikdən çıxarılmalıdır! VI sinif şagirdləri üçün bu mətn beyin zəhərinə bənzəyir. Bundansa, köhnə kənd məktəbi ilə modern üslubda olan yeni məktəb binası məktublaşa bilərdi, öyünə bilərdi ki, onu qurtaran şagirdlərdən ali məktəblərə daxil olanların sayı modern üslubda tikilmiş yeni məktəbi bitirən şagirdlərin ali məktəbə daxil olduqları saydan daha çoxdur. Yəni, orta məktəbə ötürülən mətnlərin məzmununa fikir vermək cox həlledicidir. Güman edirəm ki, bu mətnlər şagirdlərə saflıq, təmizlik, kamillik gətirə bilməklə yanaşı, həm də estetik zövq və yeni düşüncə tərzi də aşılamağı bacarmalıdır. ( səh. 26-27 )

4. "O mənim bacımdır". Bu mətndə altruizm əvəzinə C. Məmmədquluzadənin vaxtilə yazdığı "Poçt qutusu"nun yeni bir təzahürünü hiss edirik. Məgər 9 yaşlı Azərbaycanlı bir qız uşağı, həqiqətənmi qanvermədən sonra öləcəyini zənn etməli idi?
( səh. 37-38 )
5. "Mən gərək oğul doğulaydım" mətnində də uğursuz bir səhv var. Həm də bu uğursuz səhvi çox qəribədir ki, mətnin adına da ötürüblər. Əslində, Salatının pasportunda səhvən "Salatın Əziz oğlu Əsgərova" yazılılmışdır. ( səh. 93 )

6. "Atanın dərsi" mətni də, fikrimizcə mütləq dərslikdən çıxarılmalıdır. Burada qız atasına s a y m a z y a n a cavab verir. Hansı Azərbaycanlı ailəsində kiçik olmayan bir qız atasına saymazyana cavab verir?
Atasının da "dərs" kimi fikirləşdikləri elə də təsirli üsul deyil. Ən təəccüblüsü isə mətnin sonudur. Guya, belə bir çətin qız axırda hər şeyi başa düşür. İnandırıcı səslənmir. ( səh. 139-140 )

7. "Xoşbəxtlik mətni". Bu mətn haqqında da xoş söz demək mümkün deyil. Səhvlər lap çoxdur.
a) Xoşbəxtlik kimlərəsə gözəl, kəhkəşanlı ev, bahalı maşın verə bildiyi halda quyudan özü çıxa bilmir. Hanı məntiq?
b) Gözəl ev, bahalı maşın əldə edən kəslər heç xoşbəxtliyə təşəkkür belə etmədən, onu quyudan çıxarmağa belə təşəbbüs etmədən aradan çıxırlar.
c) Belə bir cümlə verilib: Xoşbəxtlik h ö n k ü r - h ö n k ü r ağlayır. Bu, qətiyyən yolverilən ola bilməz. Xoşbəxtlik ağlayan yerdə insanlar ən bədbəxt olurlar.
( səh. 142 )

8. "Ümid". Bu mətndə də qüsurlu məqamlar var. Sülh şamı sönür, səmimiyyəti əks etdirən şam sönür, sevgini rəmz edən şam sönür. Yalnız ümid qalır. ( səh. 150 )

9. "Silinməz dostluq". Mətn uğurludur - verdiyi, təlqin etdiyi ideyasına görə. Yalnız bir yerdə qüsurludur. Dosta vurulan sillənin səbəbi düzgün izah edilməyib. Səyahətdə uzun yolun ürək sıxması düzgün deyil. Əslində, səyahət insanın ürəyini sıxmamalı idi. Sonra ürəyi sıxılan kəs çox verdiyi dostuna yalnız onun söylədiyi sözlərə görə əsəbiləşib silləmi vurmalıdır? ( səh. 155 )
II Dil qaydalarına aid olan iradlar.

1. "Məktub" mətnində belə bir cümlə işlənilmişdir. -- İnana bilmirdim ki, nəhayət kiminsə işinə yarıyacağam.
yarımaq - özün kimdənsə yarıyırsan.
yaramaq - sən kiməsə kömək edirsən.

Bu cümlədə yarımaq deyil, yaramaq yazılmalı idi. ( səh. 26 )

2. "Sənin kimi olacağam". 30-cu səhifədə "Ağrıları coxdur" cümləsi əvəzinə "Ağrıları kəskinləşmişdir" işlənsə idi, daha yaxşı olardı.

3. "Dülgər oğlu" mətnində orfoepiyada verilən söz müəllifin dilindən verilən cümlənin içindədir. Bu düzgün hesab edilə bilməz.
[ e:malatxanıya ] səh. 34. Həmin qayda 35-ci səhifədə izah olunmuşdur. O qaydanın mətndə müəllifin dilindən verilməsi qüsurludur.

4. "O mənim bacımdır" mətnində belə bir cümlə var: "Lakin ağrılara fikir vermədən yalvarıcı nəzərlərlə otağa girib-çıxanlara baxır, içəridən bir xəbər bilməyə çalışırdı". Bu cümlədə ağrılara fikir vermədən ifadəsi qüsurludur. Çünki ağrı dözülməz olanda ona fikir verməmək sadəcə mümkün deyil.

5. Səhifə 85-də bayatılar verilmişdir:
Bu dağda mənəm sənsiz,
Dağı enmənəm sənsiz.
Təəccüblüdür ki, tarixən işləndiyi anda necədirsə, elə verilmişdir. Halbuki bu məqsədəuyğun hesab edilə bilməz. Çunki, ədəbi dil tarixi baxımından bu kitabda heç bir anlayış yoxdur. Yəni, enmənəm deyil, enmərəm şəklində olmalı idi. Növbəti (elə həmin səhifədə) bayatı məhəbbət haqqındadır. Diqqət edək:



Araqçının məndədir,
Sərmişəm, çəməndədir.
Dünya gözələ dönsə,
Mənim gözüm səndədir.
VI sinif şagirdi üçün belə dərin hislər hələ lazım deyil. Vətənə aid, xüsusilə Qarabağa aid bu bayatı daha çox yerinə düşərdi:
Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Dünya cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Bugünkü günümüzlə də səsləşərdi.

6. 103-cü səhifədə "Ağdam çörək muzeyi" mətnindən sonra 8№-li çalışmada xanalar 6 yerdə boşdur.

7. "Sənət fədaisi" mətnində (səh.109) Üzeyir Hacıbəyli yazılmasına baxmayaraq digər məqamlarda Əhməd Ağdamski (6 məqamda), Hüseyn Ərəblinski getmişdir. Onda Üzeyir Hacıbəyli yazılmasına hacət qalırdımı?
( səh.109-110 )

8. "İki qar dənəcəyi" (səh.137) mətnində düzgün tərcümə getmədiyindən bəzi səhvlər ortaya çıxmışdır.
a) deyirdi 2, cavab verirdi, etiraz edirdi sözləri dedi, cavab verdi, etiraz etdi şəklində olmalıydı.
b) Gör biz necə də uçuruq! -- səhv tərcümədir. -- enirik olmalı idi.
c) Cavab kimi verilən düşürük -- enirik şəklində olmalı idi.
Bu mətn böyük su dövranını əks etdirir. Daha uğurlu bir mətn yaradıla bilərdi.

9. "İnam" mətnində (səh. 149) "bir damcı günəş odu" ifadəsində numerativ söz yerində düzgün işlənməyib. Onu da qeyd etsək ki, dərslikdə numerativ sözlərin işlənmə qaydası izah olunub, bu ifadə daha qüsurlu nəzərə çarpacaq.
Elə həmin mətndə "Mənim evimi incəsənət əsərinə çevirdin" cümləsi də qüsurlu alınıb. "Mənim evimi incəsənət muzeyinə çevirdin" deyilsəydi, daha təsirli olacaqdı.

10. Səh.152-də çalışmada N.Gəncəvinin şeiri belədir:
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Lakin kitabda səhv verilmişdir:
Çalış, çox danışma, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.

11. "Mete Xaqan" (səh.161) zəif sözü səhv yazılıb. "Zəyifləyib" şəklində, yəni orfoqrafiya ilə deyil, orfoepiya ilə getmişdir.

12. "Dinozavrlar" mətnində (səh. 179) 180-ci səhifədə hinduşka sözü işlənib. Bu səhvdir. Ya hind toyuğu, ya hind xoruzu işlənir. Hinduşka olduğu üçün hind toyuğu getməli idi.
Bu iradlardan başqa, aşağıdakıları da deməyi özümə borc bilirəm.

Kitabda uğurlu mətnlər çoxdur. Həmçinin sillogizmlər də vardır. Təklif kimi onu deyərdim ki, sillogizmlərin sayı daha çox olmalıdır. Məntiqi güclü olan şagirdə düzəltmə isimlərə söz + leksik şəkilçi sxemini verməklə 40-dan çox olan şəkilçiləri sadalamamaq da mümkündür. İsmin sualına cavab verən ͆ + ^ sxemli sözləri şagird çətinlik çəkmədən isim kimi qəbul edə biləcəkdir. Bu fikir həmçinin düzəltmə sifətlərə də şamil edilə bilər.
Onu da qeyd edim ki, əgər şagirddə həqiqətən məntiq güclü olacaqdırsa, onda feli sifətlə felin lazım şəklini, feli sifətlə felin vacib şəklini, feli sifətlə təsriflənən xəbər formasını ayırd etməkdə çətinlik çəkməyəcəkdir. Lakin bunun belə olması üçün mütləq sillogizmlərin sayı artırılmalıdır. Ən sadə sillogizmlər əvvəl verilməli, sonra orta səviyyədə olan sillogizmlər, dərs ilinin yarısından etibarən çətin mürəkkəb sillogizmlər təklif olunmalıdır.
Lakin dərsliyin indiki halında mütləq bəzi dəyişikliklər olmalıdır. Ən azı 10-15 isim düzəldən, ən azı 9-10 sifət düzəldən şəkilçilər verilməlidir. Feli sifətlə felin təsriflənən şəkilləri arasındakı fərq izah olunmalıdır.

III Kitabdakı mübtədanın tərifinə aid irad.

Əslində kitabdakı (istər ali məktəb, istərsə orta məktəb kitablarında) tərif tamamlığa aiddir. Mübtədanın tərifi belə olmalıdır:
Mübtəda cümlədə mütləq adlıq halda işlənən (yaxud olan) qrammatik subyekti bildirir. yaxud:
Cümlədə mütləq adlıq halda işlənən (yaxud olan) qrammatik subyektə mübtəda deyilir.

IV Kitabda xəbərə aid irad.
169-cu səhifədə "xəbər - hərəkət və məlumat" da səhv bir cümlə getmişdir: "Feli xəbər hərəkət, ismi xəbər hökm bildirir."
166-cı səhifədə mübtədanın ifadə vasitəsi kimi, məsdər birinci, sifət və say sonra verilib
Hörmətli ekspertlər, mənim başqa dil faktlarına da iradlarım vardır. İcazənizlə, mən onları da sizlərə təqdim edə bilərəmmi?
Diqqətinizə görə minnətdaram!
Hörmətlə: Göyçay şəhər M. Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili - ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qız
Eziz Sherebanu muellime,sizin yerlesdirdiyiniz,paylasdiginiz bu statusda en cox oz tecrubemde,gundelik heyatimda rast geldiyim ,lakin cox vaxt ciddi suretde fikir vermediyim bir meqam daha cox diqqetimi celb etdi... "Yaramaq" ve "yarimaq" sozlerinin menalari... Cox vaxt tereddud edirdim,hetta deyerdim sait deyisikliyinin oldugunu dusunurdum... Ele zenn edirdim ki, haradasa sehve yol verirem... Lakin sizin bu izahatinizdan sonra mene her sey aydin oldu. Cox menali ve mentiqli izahatinizcun minnetdaram!!! Sizin kimi bir dilciden, deyerli fikirli bir insandan, muellimden bunu oyrenmek cox xos oldu!!! Tesekkur edirem!!! Size de saglam can ve islerinizde ugurlar arzulayiram!!!


Hormetle : Gunel Ahmedli>>>
Mən Günel Əhmədovaya mənim haqqımda yazdığı xoş rəyə görə öz dərin minnətdarlığımı bildirirəm və hər birinizi mənə rəy verməyə dəvət edirəm.
VI sinif üçün Azərbaycan dilində (2013-cü il nəşri) məntiqlə bağlı dərs məqamları.

Əziz şagirdlər, mənə kim deyər, hallanma və mənsubiyyət hansı nitq hissəsinə aiddir və hansı nitq hissəsinin içində öyrənilir?
Şagirdlərin çoxu əl qaldırır. Müəllim sinfə nəzər salıb ən zəif hesab edilən şagirdi ayağa qaldırır:
̶ Müəllim, ismə aiddir və ismin içində öyrədilir.
̶ Doğrudur, uşaqlar indi belə bir sillogizm quracağıq.
İsimlər ismin adını bildirdiyi üçün hallanır və mənsubiyyət şəkilçisini qəbul edirlər. Digər yerdə qalan bütün nitq hissələri də hallanır və mənsubiyyət şəkilçilərini qəbul edirlər.
Deməli, bütün yerdə qalan nitq hissələri də isim kimi ad bildirmək xüsusiyyətinə malikdir.
Bunu sübut edək, əziz balalar. İlk olaraq sifətdən başlayaq. Bəli, sifət əlamət bildirsə də, o, həmçinin əlamətin adını da bildirir. Məs. gözəl sifəti gözəl olan hər bir əşyaya aid olmaqla gözəl əlamətinin adını da bildirir. Ona görə də, bütün sifətlər isim kimi hallanır və mənsubiyyət şəkilçilərini qəbul edir.
̶ Əziz, sən qalx və bir sifət de!
̶̶ Müəllim, "şirin".
̶ İndi kim "şirin" sözünü hallandırar?
Əllər qalxır. Müəllim bir şagirdi lövhəyə çağırır. Şagird lövhədə şirin sözünü hallandırır. Sonra həmin sifətin mənsubiyyət şəkilçisi ilə də işlənməsini misal gətirir.
̶ Əziz balalar, saylar da rəqəmin, ədədin adını bildirir. Ona görə də saylar da isim kimi hal və mənsubiyyət şəkilçiləri qəbul edirlər.
Həmçinin əvəzliklər də ya ismin, ya əlamətin, ya da əvəz etdikləri hər hansı bir nitq hissəsinin adını da bildirirlər. Amma mühüm bir fikri qeyd edək ki, şəxs əvəzlikləri və o, bu işarə əvəzlikləri hallar üzrə dəyişirsə də, mənsubiyyət üzrə dəyişə bilmir. Fellər də hərəkətin adını bildirən məsdərlə, yaxud həm də sifət nitq hissəsinin də xüsusiyyətlərini daşıyan feli sifətlə ifadə olunduqda həm hallana, həm də mənsubiyyət üzrə dəyişə bilir.
Hətta zərflər də ya tərz adı, ya vaxt adı, ya kəmiyyət adı, ya da yer adı bildirdiklərinə görə həm hallanır, həm də mənsubiyyət şəkilçiləri qəbul edə bilir.
İndi isə daha maraqlı bir sillogizm quraq:
Bütün elmlər təfəkkürlə bağlıdır.
Dil də təfəkkürlə bağlıdır.
Deməli, dil bütün elmlərlə bağlıdır.

Həqiqətən də dil bütün elmlərlə bağlıdır. Dil get-gedə bütün elmlərə inteqrasiya edir. Siz tarix keçirsiniz, ədəbiyyat keçirsiniz. Özünüz dilin tarix və ədəbiyyatla necə sıx əlaqədə olduğunu müəyyənləşdirə bilirsiniz. Yuxarı siniflərə qalxdıqca, dilin istənilən elm sahəsi ilə əlaqəsini özünüz daha yaxından hiss edəcəksiniz. Şəkilçilərin üzərində qoyulan (- çı4, -lar2 ) kimi riyazi işarələr dilin hətta riyaziyyat elmi ilə də əlaqədə olduğundan xəbər verir.
Biologiya elmini keçdikdə siz danışıq üzvlərinin hamısını anatomiya bölməsində öyrənəcəksiniz ki, bu da dilin biologiya elmi ilə də yaxından əlaqədə olduğunu sizə bir daha sübut edəcək. Biz hansı mahnıları daha çox sevirik? Əlbəttə ki, sözləri mənalı olanları. Bu da həm dilin ədəbiyyat elmi ilə, həm də musiqi sənəti ilə sıx bağlı olduğunu bizə isbat edir.
Hətta bu günlərdə psixo-terapeya adlı yeni bir sahə yaranıb. Təbabət elmindəki bu şöbə təbabət elmi ilə dilin sıx əlaqədə olmasını bizlərə xəbər verir. İrəliləyən günlərdə biz yeni, həm də maraqlı sillogizmlərdən bəhrələnəcəyik.

Diqqətinizə görə minnətdaram!

Hörmətlə: Göyçay şəhər M. Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili, Ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı...
6-cı sinif Azərbaycan dili dersliyi (2013-cü il nəşri) yeni ders üsulunun tələblərinə uyğun şəkildə tərtib olunmuşdur. Rəngarəngliyi baxımından şagirdləri yormur,lakin ifratçılığa yol verilməsəydi daha yaxşı olardı.mövzularla bağlı demək istərdim ki,dil qaydaları nə qədər sistemli olsa,bir o qədər yaxşı olardı.Məsələn, sayla bağlı mövzu tam açılmayıb,məlumatlar azdır.Bu da şagirdin dərslikdə verilmiş tapşırığı müstəqil şəkildə yerinə yetirməsində çətinlik yaradır.Düzdür, dil qaydaları ilə bağlı maraqlı,uşaqları düşündürən tapşırıqlar verilmişdir.Bu təqdirə layiqdir.
Bundan əlavə nitq hissələrindən isimin halları tam izah olunmayıb.Bəzi halların ya sadəcə adı çəkilir, ya da heç bir məlumat verilmir.Əlbəttə, biz deyirik ki, interaktiv təlim metodunda müəllim də, dərslik də şagirdə istiqamət verir,araşdırmaq və öyrənmək şagirdin öz öhdəsinə buraxılır. Hörmətli dərslik müəllifləri biz bir şeyi unutmamalıyıq ki,uşaqlarımızın düşüncəsi,təfəkkürü o səviyyədə inkişaf etməyib ki,onlara yalnız istiqamət verək.Avropa təhsilinə can atdığımız bir vaxtda öz milli təfəkkürümüzü,böyük tarixə malik türk-oğuz mədəniyyətimizi unutmayaq!
10-11-ci sinif Azərbaycan dili dərsliklərində o qədər qüsurlar var ki, mən deyərdim savadlanmağa deyil,savadsızlığa xidmət edir.Tapşırıqlar 10-11-ci sinif şagirdlərinin səviyyəsinə uyğun deyil,dilin funksiyaları,türk dilləri ailəsi,elmi və xalq etimologiyası anlayışları,üslublarla bağlı mövzular yenidən işlənsə daha yaxşı olardı.
6-cı sinf Azərbaycan dili dərsliyinə (2013-cü il nəşri) aid yeni məlumat.

Mən bu dəfə omonimliyi olan hal və mənsubiyyət şəkilçilərinin hansı üsullarla fərqləndirməyin mümkün olduğunu yazacağam.Hamimiz bilirik ki, 2-ci şəxs tək mənsubiyyət şəkilçiləri ilə yiyəlik hal şəkilçiləri omonimdir.Bu şəkilçiləri ayırd etmək üçün biz aşağıdakı qaydaları bilməliyik:
a).Əgər ın-4 şəkilçisi işlənən sözün qarşısına 2-ci şəxs tək sənin əvəzliyini artırdıqda, cümlə öz mənasını itirməyəcəksə, onda biz fikirləşmədən həmin sözün məhz mənsubiyyət şəkilçisi olduğunu söyləyəcəyik.məs.
Kitabın çox maraqlıdır.-Sənin kitabın çox maraqlıdır.Kitabın mənsubiyyət halındadır.
Əgər ın-4 şəkilçisi işlənən cümlədə həmin sözün əvvəlinə sənin əvəzliyini artırdıqda, cümlə mənasını itirəcəksə, onda o söz ismin yiyəlik halında olacaqdır.məs.
Kitabın rəngi solgundur.-Sənin kitabın rəngi solğundur.Mənasız bir cümlə alındığına görə kitabın sözü ismin yiyəlik halındadır.
b)Yiyəlik halı mənsubiyyət halı ilə bağlı olduğundan, onlar əksər halda ikisi bir işlənir.məs.Azərbaycanın paytaxtı Bakıdır.
c).Əgər i-4 şəkilçisi işlənən sözün əvvəlinə onun sözünü artırsaq, cümlə öz mənasını itirməyəcəksə, onda həmin söz mənsubiyyət halındadır.məs.
Qəlbi qırılmışdı.-Onun qəlbi qırılmışdı.-Deməli, mənsubiyyətdir.
Əgər i-4 şəkilçisi işlənən sözün qarşısına onun sözünü artırsaq,cümlə öz mənasını itirəcəksə, onda i-4 mənsubiyyət deyil,təsirlik hal şəkilçisi olacaqdır.məs.
Qəlbi qırmaq olmaz.-Onun qəlbi qırmaq olmaz.Cümlə mənasını itirdi.-Deməli, söz təsirlik halındadır.
d)Yadda saxlamaq lazımdır ki, sı-4 omonim şəkilçi deyil, o,həmişə istisnasız olaraq,mənsubiyyət şəkilçisidir.Əgər şagirdlər bütün şəkilçiləri tanıyacaqlarsa,onda onlar heç bir çətinlik çəkmədən onları ayırd edə biləcəklər.

Göyçay şəhər 6№ -li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllili Hacıyeva Şərəbanı Zabit qızı.
Quote
Bayramova Gülafət:
DƏRSLİKLƏ BAĞLI PROBLEMLƏR

Müasir dövrdə həyatın bütün sahələrində,o cümlədən təhsildə baş verən dəyişikliklər insanda sosial istiqaməti formalaşdırmağa və bu baş verən dəyişikliklərə uyğun reaksiya verməyi tələb edir. Yeni pedaqoji-psixoloji yanaşmalar təlimin real həyatla sıx əlaqələndirlməsi, şagirdlərin meyil və maraqları əsasında qurulması, mənimsənilən bilik və bacarıqlarının qiymətləndirilməsi kimi mühüm məsələlər də köklü dəyişikliyə gətirib çıxardı. Kurikulumun nəzəri və tətbiqi məsələləri ilə bağlı dərsliklərdə, metodiki vəsaitlərdəki çatışmazlıqlar da yeni təlim metodunun mənimsənilməsində, sözsüz ki, müəyyən çətinliklər yaradır. Məsələn: V sinif Azərbaycan dili dərsliyində 4-cü, yəni “Tarixi-mədəni abidələr” bölməsində “Kiş Alban məbədi” mövzusuna 2 saat vaxt ayrılıb. 1saat – mətn və lüğət üzrə iş, 1saat da dil qaydası üzrə ismin hallarına ayrılıb. Doğrudur, aşağı siniflərdən isim haqqında şagirdlərin müəyyən dərəcədə ilkin məlumatları olsa da bu dərsin mənimsənilməsi üçün praktika göstərdi ki, ibtidai siniflərdən 5-ci sinfə keçən şagirdlərin bilik səviy yəsi o qədər də qənaətbəxş deyil. Belə olduqda bu kimi mövzuların mənimsənilməsində gözlənilən nəticələri almaq olmur. Ənənəvi metodda ismin hər bir halı üçün 1saat vaxt ayrılırdı. Təbii ki, yeni metodun bir çox üstünlükləri var, idrakı fəallığı artırmağa xidmət edir. Ancaq çox yaxşı olardı ki, 1dərs saatı ismin hallarının ümumi izahına verildiyi halda,1dərs saatı da yiyəlik ,yönlük ,təsirlik hallarında baş verən fonetik dəyişkənliyi və qeyri-müəyyən yiyəlik ,qeyri-müəyyən təsirlik hallarının mənimsənilməsinə ayrılsın. Belə olsa, VI sinifdə “İsim” mövzusunu keçəndə dərsin tam mənimsənilməsində şagirdlərin ciddi prolemləri olmayacaq. Bundan əlavə nitq hissələrindən düzəltmə isim, sifət, felləri əmələ gətirən şəkilçilər haqqın da ilkin məlumat verilmir. Ancaq Azərbaycan dili dərsliyində səh.107-108-də “Dil qaydaları üzrə təkrar” bölməsində sözdüzəldici şəkilçilər olan sözləri seçmək tapşırığı verilib. Səh.112-də “Konkret və mücərrəd” isimlər haqqında qayda verilib. Tapşırıqlar isə (səh.112) çalışma 13-14-də mücərrəd isimlərə leksik şəkilçi artırmaqla konkret isimlərin düzəldilməsi (və yaxud əksinə) tələb olunur. Fellərlə bağlı da kifayət qədər iradlar qeyd etmək olar. Fellərin şəxsə görə dəyişməsini şagirdlər o zaman məqsədəuyğun şəkildə mənimsəyə bilər ki, dərslikdə ismin mənsubiyyətə və şəxsə görə dəyişməsinə də yer verilmiş olardı.
VI sinif Azərbaycan dili dərsliyində səh.17-də düzəltmə isimlər haqqında qayda verilib ki, müxtəlif nitq hissələrinə leksik şəkilşilər artırmaqla düzəlir. Və bir neçə nümunə göstərilib. Səh.18-də çalışma №7-də deyilir ki, çərçivədə verilmiş sözləri müvafiq bəndlərə uyğun seçib yazın:
A) isimdən düzələn isimlər,
B) sifətdən düzələn isimlər,
C) feldən düzələn isimlər.
Məsələ burasındadır ki, şagirdlərin çoxu leksik şəkilçiləri bilmədikləri üçün tələb olunan tapşırığı yerinə yetirə bilmir. Təklifim budur ki ,səh.21-də ismin mənsubiyyətə görə dəyişməsi və səh.39-da ismin şəxsə görə dəyişməsi - xəbərlik şəkilçiləri cədvəldə necə göstərilibsə, isimdən, sifətdən, saydan, feldən isim düzəldən şəkilçilərin də göstərilməsi məqsədəuyğun olardı. Səh.88-də işarə əvəzlikləri haqqında məlumat verilir. Ancaq “elə, belə” əvəzliyinin nə zaman sifət, nə zaman zərf yerində işlənməsi izah edilmir. Bundan əlavə səh.84-85-də şəxs əvəzlikləri haqqında məlumat və tapşırıqlar verilir, ancaq isimlə şəxs əvəzliklərinin oxşar və fərqli cəhətləri göstərilmir. Bu kimi xüsusiyyətlər cədvəl şəklində yazılıb, onlara aid çalışmalar da verilsə məqsədəuyğun olar.
VI sinif ədəbiyyat dərsliyində səh.7-10-da Rəşid bəy Əfəndiyevin “Elm tükənməz xəzinədir” və “Şah Abbas və iki vəzir” mətnləri verilib. Hər mətndən sonra səh.8 və səh.10-11-də həmin mətnləri əhatə edən test sualları verilib. Yəni, indiyə qədər hansı oxu bacarıqlarına yiyələnməyi dəqiqləşdirmək üçün bu çox yaxşıdır. Ancaq dərslikdə bundan başqa heç bir mətnin və ya bölmənin sonunda testlərə yer verilməyib. Yaxşı olardı ki, bu kimi testlərə bölmələrin sonunda da yer verilsin. Dərsliklər nə qədər standartlara cavab versə, şagird nailiyyətləri də gözlənilən nəticələr səviyyəsində olar.

Gəncə şəhər 28 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
yazıçı-publisist, təlimçi
Gülafət Bayramova
Quote
Səmədova İlhamə:
Salam,5-ci və 6-cı sinif Azərbaycan dili dərsliklərində (2013-cü il nəşri) "Dil qaydaları" ilə bağlı mövzularda qeyri-ardıcıllıq və sistemsizlik var. Qrammatika ilə bağlı bir çox lazımlı mövzular dərsliklərə daxil edilməyib.
Quote
Salmanova Xəyalə:
Salam. Nə üçün Azərbaycan dili dərsliyinde (2013-cü il nəşri) 6-cı sinifdə mətnlər qısa şəkilde verilmir? məncə mətnlərə az yer ayırmaqla qrammatikaya daha çox yer ayırsanız daha məqsədəuyğun olar. Mətnde sözler çox çətindir qısa mətnlər və ya bədii şeirlər olsa daha yaxşı nəticə alınar Azərbaycan dilində uşağa ilk növbədə qrammatika mənimsədilməlidi, onu yararlı şəxsiyyet kimi yetişdirmək isə daha çox ədəbiyyat fənninin üzərinə düşür.
Quote
Salmanova Xəyalə:
6-cı sinif Azərbaycan dili dərsliyində (2013-cü il nəşri) səh 88 çalışma 6 uşaqların qrammatikanı bilmədikləri halda etməli olacaqları tələb olunan çalışmalardan biridir dərslikde o şexs əvəzliyi ve işarə əvəzliyinin ferqini uşaqlara izah etmədiyi halda bu yönümlü çalışma verilmişdir bu heç cür doğru ve bunun kimi ne qeder çalışmalar da var ki, onlarla bağlı qrammatik qaydalar derslikdə verilməyib. Birdə mən xahiş edirəm ki, qrammatika sxemlər vasitəsilə verilərsə daha çox uşağın diqqətini cəlb edər və daha çox anlaşılmasına, dərk edilməsinə uşaq tərəfindən köməklik göstərər.
Quote
Yusifova Vüsalə:
VI sinif Azərbaycan dili (2013-cü il nəşri) dərsliyi ilə bağlı bir çox problemlər var.Bu dərslik şagirdin dünyagörüşünün formalaşması baxımından yaxşı hazırlanmışdır.Amma bu zaman belə bir sual meydana çıxır :Şəxsiyyət hazırlamaq yalnız Azərbaycan dili fənninin üzərinəmi düşür?Bütün elmlər,mövzular bu kitabda birləşir.Azərbaycan dilinin qrammatikası o qədər məhdudlaşdırılıb ki,bəzən Azərbaycan dili dərsi olduğunu unuduruq.Tarix,coğrafiya,riyaziyyatla inteqrasiya olmalıdır,doğrudur,amma bu qeder qəliz mətnlərin verilməsi vacibdirmi?Məsələn,səhifə 42 ,tapşırıq 4-ə diqqət yetirək.Bill Qeyts və Microsoft haqqında məlumat topla.Bu arasdirma digər fənlərdə də aparıla bilər.Və buna oxşar bir cox tapşırıqlar.
Quote
İsmayilov Rafiq:
Bayramova Gülafət, Administrator,

Kurikulum əsasında yazılmış müasir dərsliklər haqqında fikir yürüdərkən “ənənəvi dərsliklərdə belə idi, mövcud dərslikdə başqa cür” iradı əsassızdır. Qeydlərdə olan bir çox yanlışlıqlar da bu yanaşmadan irəli gəlir.
1. Gülafət xanim yazır ki, ənənəvi metodda ismin hər bir halı üçün 1saat vaxt ayrılırdı. İndiki dərslikdə isə ismin halları mövzusuna cəmi 1 saat vaxt ayrılıb. Ancaq çox yaxşı olardı ki, 1dərs saatı ismin hallarının ümumi izahına verildiyi halda, 1dərs saatı da yiyəlik ,yönlük ,təsirlik hallarında baş verən fonetik dəyişkənliyi və qeyri-müəyyən yiyəlik ,qeyri-müəyyən təsirlik hallarının mənimsənilməsinə ayrılsın.
Cavab: Əvvəla, ənənəvi yanaşmadan fərqli olaraq, Kurikulumda standartlar sinifdən-sinfə yüksələn inkişaf xətti üzrə təqdim olunur. Əgər əvvəllər “İsim” bəhsi 6-cı sinifdə öyrədilirdisə və həmin sinifdə bu mövzuya nöqtə qoyulurdusa, indi həmin mövzu ilə bağlı qaydalar sadədən mürəkkəbə doğru 5-ci, 6-cı, 7-ci və i.a. siniflərdə təqdim oluna bilər. Bu prinsipə uyğun olaraq 5-ci sinifdə biz ismin halları haqqında ümumi anlayışları təqdim etmişik. 6-cı sinifdə isə bu anlayışlar genişləndirilir və dərinləşdirilir, bu mövzuya 1 saat deyil, 4 saat ayrılır:
1 saat – Qeyri-müəyyənlik bildirən yiyəlik hal
1 saat - Qeyri-müəyyənlik bildirən təsirlik hal
1 saat – Söz kökündə saitin düşməsi
1 saat – Yönlük və çıxışlıq hallarında olan sözlərin tələffüzü.
2. Daha sonra qeyddə deyilir: “nitq hissələrindən düzəltmə isim, sifət, felləri əmələ gətirən şəkilçilər haqqında ilkin məlumat verilmir. Ancaq Azərbaycan dili dərsliyində səh.107-108-də “Dil qaydaları üzrə təkrar” bölməsində sözdüzəldici şəkilçilər olan sözləri seçmək tapşırığı verilib”.
Burada da müəlliflərin yanaşması fərqlidir. Məqsəd heç də, əvvəllər olduğu kimi, onlarla şəkilçini sadalayıb onları şagirdlərə əzbərlətmək deyil. Dərslikdə leksik və qrammatik şəkilçilərin fərqi, sözün başlanğıc forması, düzəltmə sözlər, bir sözlə, söz yaradıcılığı haqqında kifayət qədər məlumat verilir. Şagirdlər bu məlumatdan istifadə edərək sadə sözü düzəltmə sözdən fərqləndirməyi, düzəltmə sözdəki leksik şəkilçini müəyyən etməyi bacarmalıdır.
3. Digər bir qeyd: “Səh.112-də “Konkret və mücərrəd” isimlər haqqında qayda verilib. Tapşırıqlar isə (səh.112) çalışma 13-14-də mücərrəd isimlərə leksik şəkilçi artırmaqla konkret isimlərin düzəldilməsi (və yaxud əksinə) tələb olunur”.
Bu irad anlaşılmır. Leksik şəkilçinin köməyi ilə mücərrəd isimdən konkret isim (və əksinə) düzəltmək tapşırığı keçilən mövzuya tamamilə uyğundur və əvvəlki mövzu ilə (söz yaradıcılığı) inteqrasiya yaradır.
4. Başqa qeyd: “Fellərlə bağlı da kifayət qədər iradlar qeyd etmək olar. Fellərin şəxsə görə dəyişməsini şagirdlər o zaman məqsədəuyğun şəkildə mənimsəyə bilər ki, dərslikdə ismin mənsubiyyətə və şəxsə görə dəyişməsinə də yer verilmiş olardı”.
İsmin mənsubiyyətə görə dəyişməsi ilə felin şəxsə görə dəyişməsi arasında heç bir yaxınlıq yoxdur. Bunlar tamamilə fərqli qrammatik kateqoriyalardır. İsmin mənsubiyyətə və şəxsə görə dəyişməsi mövzusu 6-cı sinifdə tədris olunur.
5. “VI sinif Azərbaycan dili dərsliyində səh.17-də düzəltmə isimlər haqqında qayda verilib ki, müxtəlif nitq hissələrinə leksik şəkilşilər artırmaqla düzəlir. Və bir neçə nümunə göstərilib. Səh.18-də çalışma №7-də deyilir ki, çərçivədə verilmiş sözləri müvafiq bəndlərə uyğun seçib yazın:
A) isimdən düzələn isimlər,
B) sifətdən düzələn isimlər,
C) feldən düzələn isimlər.
Məsələ burasındadır ki, şagirdlərin çoxu leksik şəkilçiləri bilmədikləri üçün tələb olunan tapşırığı yerinə yetirə bilmir. Təklifim budur ki ,səh.21-də ismin mənsubiyyətə görə dəyişməsi və səh.39-da ismin şəxsə görə dəyişməsi - xəbərlik şəkilçiləri cədvəldə necə göstərilibsə, isimdən, sifətdən, saydan, feldən isim düzəldən şəkilçilərin də göstərilməsi məqsədəuyğun olardı”.
Yenə də müəllimə dərslikdə leksik şəkilçilərin sadalanmasını istəyir. Bizim isə məqsədimiz bu deyil. Məqsəd sözü kök və şəkilçiyə ayırmaq, düzəltmə sözün və onun kökünün hansı nitq hissəsinə aid olduğunu müəyyən etməkdir. Leksik şəkilçiləri əzbərləməklə bu bacarığa yiyələnmək mümkün deyil (heç lazım da deyil).
Quote
İsmayilov Rafiq:
Salmanova Xəyalə,
Fikrimcə, rəy söyləyənlər -malı, -məli şəkilçisindən ehtiyatla istifadə etməlidirlər (“uşağa ilk növbədə qrammatika mənimsədilmelidi”). Kurikulumun konsepsiyasını dərindən qavramadan rəy bildirərkən felin vacib şəklini işlətmək opponentləri həmişə qıcıqlandırır.
Dərslik yazarkən məqsədimiz odur ki, gələcəkdə uşaqlar “bədii şeirlər”, “qrammatikanı bilmədikləri halda etməli olacaqları tələb olunan çalışmalar”, “yararlı şəxsiyyət” kimi ifadələr işlətməsinlər. Yalnız qrammatikanı öyrətməklə buna nail olmaq mümkün deyil.
Quote
İsmayilov Rafiq:
Yusifova Vüsalə,
Azərbaycan dili metafəndir. Bu fəndə əldə edilən bacarıqlar - dinləmə, danışma, oxu, yazı digər fənlərdə açar rolunu oynayır. Azərbaycan dili dərsindəki mətn üzərində işlə digər dərslərdəki analoji fəaliyyət arasında fərqlər var. Məqsəd, predmet fərqlidir. Digər fənlərdə məqsəd mətndəki məlumatları mənimsətməkdir. Azərbaycan dilində isə məlumatları mənimsəmək bacarığını formalaşdırmaqdır. Burada biliyin, informasiyanın yadda saxlanılması vacib deyil, onlar gələcəkdə qiymətləndirmə obyekti olmayacaq.
O ki qaldı qrammatikanın azlığına, kurikulumda dil qaydaları 6 əsas standartdan biridir (dinləmə, danışma, söz ehtiyatı, oxuyub anlama, yazı). Bu nisbətlə yanaşsaq, dil qaydalarına dərslikdə lazım olduğundan çox yer verilib. Bunun da səbəbi indiki dövrdə müəllimlərimizin digər standartlarla işləmə təcrübəsinin azlığıdır. Dil qaydaları məqsəd deyil, ədəbi dilin normalarına uyğun nitq bacarıqlarının formalaşdırılması üçün vasitədir.
“Azərbaycan dili-6” dərslik komplekti haqqında iradların cavablandırılması.

VI siniflər üçün yazılmış "Azərbaycan dili" dərslik kitabına aid qeyd edilən iradlar:

I Mətnlər haqqındakılar:

1. "Əlvida, Bilmirəm" mətnində Günay müəllimənin Nigarla bölüşdüyü "4 maddəli bilmirəm" qeydləri birmənalı qarşılana bilməz. Fikrimizcə, müəllim sinifdə qüdrətli söz sahibi, əsl kamil bir şəxsiyyət təsiri bağışlamalıdır. Dahi pedaqoqların qeyd etdiyi kimi, müəllimin bilmədiyi kiçik bir "nöqtə", şagird üçün "zülmətə" çevrilir. (səh. 10-11-12)

Hörmətli Şərabani müəllim, əvvəla fikirlərinizi bildirdiyiniz üçün sizə təşəkkür edirik. Dərslikdəki mətn haqqında fikrinizə cavab olaraq bildiririk ki, təcrübə göstərir ki, səmimiyyət uşaqlarla münasibətdə önəmli rol oynayır. Müəllimin heç bir zəif cəhəti olmayan büt rolunu oynaması təbii deyil. Əksinə, komplekslərə qapanmaq və öz təfəkkürünü yeniliklərə bağlamaq ənənəsidir.

2. "İnşa" mətnində. Ədəbiyyat və Azərbaycan dili dərslərində yazılan inşalar şagird xəyallarının, şagird arzularının, şagird düşüncələri və mülahizələrinin müxtəlif uğurlu cümlələr, hökmlər və ifadələrlə öz əksini hansı məzmunlardasa inikas etdirilməsidir. Bəlkə, müəllif gələcək inşaların sxem və qrafiklərlə təzahür edəcəyini söyləmək istəyir? Bu fikri qəbul etmək mümkündürmü? ( səh. 15-16-17 )

Dərslikdəki bu mətndə ev tapşırığını icra edən şagird arzuladığı fermanın sxemini öz yazdığı inşada əks etdirir. Təbii ki bu, ənənəvi inşa yazılarından fərqlidir. Lakin belə düşünürük ki, əgər şagirdə peşə seçimi haqqında inşa yazmaq tapşırılıbsa və şagird mövzu haqqında düşüncələrini bu qədər geniş, yaradıcı şəkildə ortaya qoya bilibsə, bu, müəllim tərəfindən təqdir oluna bilər. Müasir təlimin prinsiplərindən biri də şagirdin təşəbbüskarlığını dəstəkləməkdir, onun özünə inamını təmin edən sağlam mənəvi-psixoloji mühitin təşkil edilməsidir.

4. "O mənim bacımdır". Bu mətndə altruizm əvəzinə C. Məmmədquluzadənin vaxtilə yazdığı "Poçt qutusu"nun yeni bir təzahürünü hiss edirik. Məgər 9 yaşlı Azərbaycanlı bir qız uşağı, həqiqətənmi qanvermədən sonra öləcəyini zənn etməli idi?
( səh. 37-38 )

Hadisə müharibə şəraitində təzahür edir, belə şəraitdə yaşayan uşaqların normal şəkildə məktəbə getməsi və ətraf aləm haqqında lazımi bilikləri alması mümkün olmaya bilər.

5. "Mən gərək oğul doğulaydım" mətnində də uğursuz bir səhv var. Həm də bu uğursuz səhvi çox qəribədir ki, mətnin adına da ötürüblər. Əslində, Salatının pasportunda səhvən "Salatın Əziz oğlu Əsgərova" yazılılmışdır. ( səh. 93 )

Mətn Zemfira Məhərrəmlinin “Qırx qız dastanı” əsərindən götürülmüş parçadır.

6. "Atanın dərsi" mətni də, fikrimizcə mütləq dərslikdən çıxarılmalıdır. Burada qız atasına s a y m a z y a n a cavab verir. Hansı Azərbaycanlı ailəsində kiçik olmayan bir qız atasına saymazyana cavab verir?
Atasının da "dərs" kimi fikirləşdikləri elə də təsirli üsul deyil. Ən təəccüblüsü isə mətnin sonudur. Guya, belə bir çətin qız axırda hər şeyi başa düşür. İnandırıcı səslənmir. ( səh. 139-140 )

Bədii mətnlərdə zəif cəhətləri olan obrazların verilməsi mümkündür.

7. "Xoşbəxtlik mətni". Bu mətn haqqında da xoş söz demək mümkün deyil. Səhvlər lap çoxdur.
a) Xoşbəxtlik kimlərəsə gözəl, kəhkəşanlı ev, bahalı maşın verə bildiyi halda quyudan özü çıxa bilmir. Hanı məntiq?
b) Gözəl ev, bahalı maşın əldə edən kəslər heç xoşbəxtliyə təşəkkür belə etmədən, onu quyudan çıxarmağa belə təşəbbüs etmədən aradan çıxırlar.

Hekayənin məqsədi elə bu cür mal-mülk həvəsində olub öz borcunu unudan insanları ifşa etməkdir.

c) Belə bir cümlə verilib: Xoşbəxtlik h ö n k ü r - h ö n k ü r ağlayır. Bu, qətiyyən yolverilən ola bilməz. Xoşbəxtlik ağlayan yerdə insanlar ən bədbəxt olurlar. ( səh. 142 )

Burada Xoşbəxtlik simvolik obraz olmaqla yanaşı, alleqorik xüsusiyyət daşıyır. Buna görə Xoşbəxtliyin zar-zar ağlaması qeyri-təbii təsir bağışlamır.




8. "Ümid". Bu mətndə də qüsurlu məqamlar var. Sülh şamı sönür, səmimiyyəti əks etdirən şam sönür, sevgini rəmz edən şam sönür. Yalnız ümid qalır. ( səh. 150 )

Çox vaxt ən çətin məqamlarda insanı xilas edən ümid olur. Hekayənin ideyası da budur. Bu barədə çoxlu deyimlər var: “Həqiqətin budaqlarına ümidsizliklə çıxmaq mümkün deyil”. (Fridrix Nitsşe:Alman filosofu)
“Ümidsizliklə mübarizə aparmaq lazımdır,çünki ümidsizlik dirilər üçün deyil, ölülər üçündür”. (Ernest Bakler:Kanada yazıçısı)
“Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir”. (Aleksandr Pop:İngilis şairi)


9. "Silinməz dostluq". Mətn uğurludur - verdiyi, təlqin etdiyi ideyasına görə. Yalnız bir yerdə qüsurludur. Dosta vurulan sillənin səbəbi düzgün izah edilməyib. Səyahətdə uzun yolun ürək sıxması düzgün deyil. Əslində, səyahət insanın ürəyini sıxmamalı idi. Sonra ürəyi sıxılan kəs çox verdiyi dostuna yalnız onun söylədiyi sözlərə görə əsəbiləşib silləmi vurmalıdır? ( səh. 155 )

“Silinməz dostluq” qədim Şərq hekayəsidir. O dövrdə səyahət indiki kimi rahatlıqla başa gəlmirdi. Dağlar, dərələr aşan dostların yorulması, sıxılması, bir-birinə qarşı kobudluq etməsi mümkündür.

II Dil qaydalarına aid olan iradlar.

1. "Məktub" mətnində belə bir cümlə işlənilmişdir. -- İnana bilmirdim ki, nəhayət kiminsə işinə yarıyacağam.
yarımaq - özün kimdənsə yarıyırsan.
yaramaq - sən kiməsə kömək edirsən.

Bu cümlədə yarımaq deyil, yaramaq yazılmalı idi. ( səh. 26 )

Azərbaycan dilinin izahlı lüğətində “yarımaq” sözü bu cür izah olunur: lazım olmaq, gərək olmaq, faydalı olmaq, fayda vermək. Sözün bu şəkildə işlənməsi mümkündür.

2. "Sənin kimi olacağam". 30-cu səhifədə "Ağrıları coxdur" cümləsi əvəzinə "Ağrıları kəskinləşmişdir" işlənsə idi, daha yaxşı olardı.

Düşünürük ki, bu cür də işlənməsi məzmuna xələl gətirmir.

3. "Dülgər oğlu" mətnində orfoepiyada verilən söz müəllifin dilindən verilən cümlənin içindədir. Bu düzgün hesab edilə bilməz.
[ e:malatxanıya ] səh. 34. Həmin qayda 35-ci səhifədə izah olunmuşdur. O qaydanın mətndə müəllifin dilindən verilməsi qüsurludur.

Söz tapşırıq predmeti olanda belə hallara yol verilir.

4. "O mənim bacımdır" mətnində belə bir cümlə var: "Lakin ağrılara fikir vermədən yalvarıcı nəzərlərlə otağa girib-çıxanlara baxır, içəridən bir xəbər bilməyə çalışırdı". Bu cümlədə ağrılara fikir vermədən ifadəsi qüsurludur. Çünki ağrı dözülməz olanda ona fikir verməmək sadəcə mümkün deyil.

Mətndə kiçik qızın yalnız ayağı burxulduğu qeyd olunur ki, bunun dözülməz ağrıya səbəb olması mümkün deyil.


6. 103-cü səhifədə "Ağdam çörək muzeyi" mətnindən sonra 8№-li çalışmada xanalar 6 yerdə boşdur.

Həmin tapşırıqla bağlı irad TQDK-nın yekun rəyində öz əksini tapmışdır.

7. "Sənət fədaisi" mətnində (səh.109) Üzeyir Hacıbəyli yazılmasına baxmayaraq digər məqamlarda Əhməd Ağdamski (6 məqamda), Hüseyn Ərəblinski getmişdir. Onda Üzeyir Hacıbəyli yazılmasına hacət qalırdımı?
( səh.109-110 )

İrad anlaşılmır. Mətndə Üzeyir Hacıbəylinin aktyor axtarışından, Əhməd Ağdamskini səhnəyə gətirməsindən və Əhməd Ağdamskinin aktyorluq sənətindəki fədakarlığından bəhs edilir.

8. "İki qar dənəcəyi" (səh.137) mətnində düzgün tərcümə getmədiyindən bəzi səhvlər ortaya çıxmışdır.
a) deyirdi 2, cavab verirdi, etiraz edirdi sözləri dedi, cavab verdi, etiraz etdi şəklində olmalıydı.

Bunun fərdi üslubla bağlı olması mümkündür.

b) Gör biz necə də uçuruq! -- səhv tərcümədir. -- enirik olmalı idi.
c) Cavab kimi verilən düşürük -- enirik şəklində olmalı idi.

Bu mətn böyük su dövranını əks etdirir. Daha uğurlu bir mətn yaradıla bilərdi.

Mətnin bu hissəsində qüsur yoxdur. Əgər iradda qeyd olunduğu kimi yazılsa, hər iki qar dənəciyi “enirik” sözünü deyəcək və onların cavabında fərq olmayacaq.

9. "İnam" mətnində (səh. 149) "Mənim evimi incəsənət əsərinə çevirdin" cümləsi də qüsurlu alınıb. "Mənim evimi incəsənət muzeyinə çevirdin" deyilsəydi, daha təsirli olacaqdı.

Muzey çoxlu eksponatın olduğu məkandır. Bu mətndə rəssamın bir əl işindən söhbət getdiyindən “incəsənət əsəri” ifadəsi daha çox yerinə düşür.

11. "Mete Xaqan" (səh.161) zəif sözü səhv yazılıb. "Zəyifləyib" şəklində, yəni orfoqrafiya ilə deyil, orfoepiya ilə getmişdir.

6-cı sinif “Azərbaycan dili” (2015) dərsliyində “zəyifləyib” deyil, “zəifləyib” (səh.161) şəklində verilmişdir.

12. "Dinozavrlar" mətnində (səh. 179) 180-ci səhifədə hinduşka sözü işlənib. Bu səhvdir. Ya hind toyuğu, ya hind xoruzu işlənir. Hinduşka olduğu üçün hind toyuğu getməli idi..
Bu iradlardan başqa, aşağıdakıları da deməyi özümə borc bilirəm.

“Hinduşka” sözü Azərbaycan dilinin izahlı lüğətində var.

Kitabda uğurlu mətnlər çoxdur. Həmçinin sillogizmlər də vardır. Təklif kimi onu deyərdim ki, sillogizmlərin sayı daha çox olmalıdır. Məntiqi güclü olan şagirdə düzəltmə isimlərə söz + leksik şəkilçi sxemini verməklə 40-dan çox olan şəkilçiləri sadalamamaq da mümkündür. İsmin sualına cavab verən ͆ + ^ sxemli sözləri şagird çətinlik çəkmədən isim kimi qəbul edə biləcəkdir. Bu fikir həmçinin düzəltmə sifətlərə də şamil edilə bilər.
Onu da qeyd edim ki, əgər şagirddə həqiqətən məntiq güclü olacaqdırsa, onda feli sifətlə felin lazım şəklini, feli sifətlə felin vacib şəklini, feli sifətlə təsriflənən xəbər formasını ayırd etməkdə çətinlik çəkməyəcəkdir. Lakin bunun belə olması üçün mütləq sillogizmlərin sayı artırılmalıdır. Ən sadə sillogizmlər əvvəl verilməli, sonra orta səviyyədə olan sillogizmlər, dərs ilinin yarısından etibarən çətin mürəkkəb sillogizmlər təklif olunmalıdır.
Lakin dərsliyin indiki halında mütləq bəzi dəyişikliklər olmalıdır. Ən azı 10-15 isim düzəldən, ən azı 9-10 sifət düzəldən şəkilçilər verilməlidir. Feli sifətlə felin təsriflənən şəkilləri arasındakı fərq izah olunmalıdır.

Dərsliklərdə kurikulumun tələbinə uyğun olaraq şagirdin nitq vərdişlərini inkişaf etdirən ən zəruri dil qaydaları təqdim olunur.

III Kitabdakı mübtədanın tərifinə aid irad.

Əslində kitabdakı (istər ali məktəb, istərsə orta məktəb kitablarında) tərif tamamlığa aiddir. Mübtədanın tərifi belə olmalıdır:
Mübtəda cümlədə mütləq adlıq halda işlənən (yaxud olan) qrammatik subyekti bildirir. yaxud:
Cümlədə mütləq adlıq halda işlənən (yaxud olan) qrammatik subyektə mübtəda deyilir.

Dərslikdəki variantın qənaətbəxş olduğunu düşünürük.

IV Kitabda xəbərə aid irad.
169-cu səhifədə "xəbər - hərəkət və məlumat" da səhv bir cümlə getmişdir: "Feli xəbər hərəkət, ismi xəbər hökm bildirir."

Cümlədə yanlışlıq yoxdur.Fikirlərinizi bildirdiyinizə görə təşəkkür edirik.


Rəyləri cavablandırdı: filologiya elmləri doktoru, TQDK-nın seminar rəhbəri İslam Qəribli
Elə fikirlşirəm ki,dərslikdəki mətnlər məzmun baxımından şagirdlərin düşünməyə sövq edir, tərbiyəvi əhəmiyyət kəsb edir.Təklif edirəm ki,dil qaydalarının daha geniş və ətraflı verilməsi qaydaların daha dərindən öyrənməsilənə daha yaxşı təsir edər.
Şabran şəhər 3 nömrəli tam orta nəktəbin müəllimi Vəliyeva Nərmin
Səhifələr: 1
Forumlar » 6-cı sinif » Azərbaycan dili