Ədəbiyyat

Forumlar » 7-ci sinif » Ədəbiyyat
Səhifələr: 1
RSS
Ədəbiyyat
“Ədəbiyyat” dərsliyinin müzakirəsi
7-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş ədəbiyyat dərsliyi haqqında
rəy

7-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş ədəbiyyat dərsliyi mükəmməl araşdırmaları şagirdləri ədiblərin həmsöhbətlərinə çevirir. Şifahi xalq ədəbiyyatı nümunələri, vətənə övlad qayğısının dərindən aşılanması, milli mənəvi dəyərlər, təbiət sevgisi bölmələri hərtərəfli mövzu seçimindən xəbər verir. Layihə üzrə iş müxtəlif mənbələrlə müstəqil yaradıcılığa əsl təkandır. İstər məzmun üzrə, istərsədə təhlil üzrə iş prosesləri, həmçinin tətbiq və müzakirələr ilk baxışdan şagirdlərə çətin görünsə də əsərlə bağlı açıqlamaların və dəyərli tövsiyələrin verilməsi çox təqdirəlayiqdir.
VII sinif ədəbiyyat dərsliyinə aid iradlar.
Bu iradlar belə qruplaşdırıla bilər.
I.Mətnlərlə bağlı.
II.Dil məsələləri ilə bağlı.
I.Mətnlərlə bağlı iradlar.
1.9-cu səhifədə “oxucunun qəlbinə güclü təsir edir”,deyil,-oxucunun qəlb və düşüncələrinə güclü təsir edir. –olmalıdır.
2.Yenə də həmin səhifədə -oxucunun hisləri daha zərif və davamlı olur-əvəzinə-oxucunun hisləri daha dərin,daha mükəmməl,daha kamil olur-verilməli idi.
3.Dərzi şagirdi Əhməd.nağılını VII sinfə məhəbbətə görə salınmamalı idi.Məhəbbət epizodu olan nağıllar X sinifdə daha geniş tədris olunan müvafiq bəhsə salınmalıdır.
4.Ümumiyyətlə,şifahi xalq ədəbiyyatına daha çox yer ayırmaq lazım deyildi.Axı bizim ədəbi əsərlər o qədər çoxdur ki, ən yaxşılarını seçmək də elə çətin olmamalıdır.
5.Səhifə 28-də “Koroğlu”dastanında ciddi bir səhv var.Belə ki,Koroğluya aid misri qılınc həm Dəmirçioğlunun əlində,həm də onları qurtarmaq üçün gələn Koroğludadır.Bu səhv necə yaranıb?
6.Səhifə 38-də II dərsin 4–cü çalışmasında belə bir səhv vardır:”Durna teli” dastandır,çünki.....Əslində,”Koroğlu”dastandır,”Du­rna teli”dastan deyil,dastanın bir qoludur.
7.Səhifə 41-də verilən əfsanə heç VII sinif üçün münasib deyil.Çünki bəzi məqamlar bu şagird yaşına qətiyyən uyğun deyil.Yəni qarıdakı cəsarətin güdrəti,cəllada şahın əmri verilməsinə baxmayaraq qarının səsini kəsməyərək bütün ürəyindəkiləri ş a h a deməsi VII sinif şagirdinə inandırıcı gələ bilməz.
8.Niyə Səməd Vurğun haqqında heç bir məlumat verilməsin?
9.Səhifə 50-də belə bir cümlə var:Onun sevilməsinin bir səbəbi də ustalıqla yazılmasıdır.Amma bu cümlə ustalıqla seçilməmişdir.Ustalıqla deyil, sənətkarcasına,yaxud,dahiyanəcəsinə yazılmasıdır.-getməli idi.
10.Səhifə 62-də Anamın qolundan tutub içəri apardım.cümləsindən sonra gələn sonra sözü mütləq abzasla verilməli idi.
11.Səhifə 64-də verilən Azadın yaralanandan sonra uzun-uzadı danışıqları,əslində,həkimlə məsləhətləşdirilməli idi. Çünki güllə əgər ciyəri qabaqdan dəlib arxadan çıxmışdısa,kimliyindən asılı olmadan həmin kəs bir söz belə deyə bilməzdi.O ki qaldı uzun –uzadı nitq irad eləsin, mümkün deyil.
12.Mənəvi dəyərlər mütləq “Kitabi-Dədə Qorqud”la başlamalı idi.Ümumiyyətlə,bu başlıq altında verilən əsərləri başqa cür təsvir etmək,başqa cür təqdim etmək lazım idi.”Manqurt”heç verilməli deyildi.Çünki bizim əsər deyil,həm də manqurt haradan milli,mənəvi dəyər olsun?Bu ifadənin mənası daha dərindir.Nizami Gəncəvi,Məhəmməd Füzuli,Molla Pənah Vaqif,Mirzə Ələkbər Sabir,Cəlil Məmmədquluzadə və s. haqqında danışılmalı,onlardan nümunələr verilməli idi.
13.Uşaq aləmi.bölməsində isə yalnız bədbəxt ,faciəli talelər verilmişdir.”Nəvə”fərqlidir ki,onda da xətalı məqamlar həddindən artıq çoxdur.Səhifə 125-də bu nəvə,nədənsə, nənəsi haqqında danışarkən onu toyuq –cücə saxlayan biri kimi xatırlayır.Gah kəndi sevir,gah kəndi sürgün hesab edir,gah da etiraf edir ki,onu cəzalanma tədbiri olaraq ora göndəriblər.Hekayədə bu nəvə birdən-birə möcüzəli şəkildə dəyişir,onun yaxşılığa doğru necə dəyişməsi düzgün izah edilmir.Əsərdə müəllifin kəndə olan münasibəti hamını narahat etməlidir.Guya kənd uşaqları maymaqdırlar ,onları istənilən bir şəhərli asanlıqla aldada bilər,guya kənddə normal bir top tapılmır,yəni bu,doğrudanmı,belədir?Səhifə 129-da bu cümləyə baxaq:Hər birinin qarşısına bağçamızdakı meyvələrdən düzdüm.Meyvə bağçada,yaxud bağda olur?Kiçik şagird hara, alışqan hara?Bu qədər səhvi olan bir əsəri müəlliflər necə dərsliyə gətirə biliblər?
15.Əsərlərin arasında verilən suallar yığışdırılmalıdır.Digər çətin fənlərə dərsarası suallar qoymaq olar.Bu,ədəbiyyat dərsinə,xüsusilə,ədəbi əsərlərə şamil edilməməlidir.Bir yandan dərsi çətinləşdirmək istəyirsiniz,digər tərəfdən bu qədər asanlaşdırırsınız.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanının VII sinif “Ədəbiyyat” dərsliyi haqqında rəyinə cavablar.

İrad: 9-cu səhifədə “oxucunun qəlbinə güclü təsir edir”, deyil,- oxucunun qəlb və düşüncələrinə güclü təsir edir. –olmalıdır.

Cavab: İrad bildirərkən diqqətli olmaq lazımdır! Əvvəla, “qəlb” elə “daxili dünya, duyğular aləmi, düşüncələr” deməkdir. İkincisi, həmin səhifədə “Oxuduqları onun düşüncələrinə, qəlbinə təsir edir...” cümləsi də işlənib.

İrad: Yenə də həmin səhifədə - “oxucunun hisləri daha zərif və davamlı olur” əvəzinə-oxucunun hisləri daha dərin,daha mükəmməl,daha kamil olur-verilməli idi.

Cavab: “Əsərləri mütaliə etdikcə təcrübəsi çoxalan oxucunun hisləri zərif və davamlı olur” cümləsində qüsur nədir?
Rəyçi bilməlidir ki, dərslikdə sözçülüyə yer vermək ciddi nöqsan sayılır.


İrad: Dərzi şagirdi Əhməd.nağılını (? − A.M.) VII sinfə məhəbbətə görə (? – A.M.) salınmamalı idi. Məhəbbət epizodu olan nağıllar X sinifdə daha geniş tədris olunan müvafiq bəhsə salınmalıdır.

Cavab: Məhəbbət epizodları nağıllarda da var, qəhrəmanlıq dastanlarında da. Onda gərək şagirdlər nə “Məlikməmməd” nağılını, nə də “Koroğlu” dastanını oxusunlar. Əhməd öz ağlı və fərasəti ilə hamının hörmətini qazanır. Elmli, kamallı şah qızının da xalqın nümayəndəsi olan yoxsul dərzi şagirdinə rəğbət və məhəbbət bəsləməsinə dərsdə diqqətin cəlb edilməsində heç bir qəbahət yoxdur. Nağıl şagirdləri inandırır ki, ağıllı, bacarıqlı insan, kimliyindən asılı olmayaraq, həyatda yüksək mövqe tuta bilər.
Təəccüb doğuran bir də odur ki, rəyçi bədii əsərlərin və dərsliyin dilini bəyənmir, onlarda əcaib redaktə işi aparır, özünün cümlələri isə (3-cü irada baxın) ciddi qüsurları ilə oxucunu narazı salır.


İrad: Ümumiyyətlə, şifahi xalq ədəbiyyatına daha çox yer ayırmaq lazım deyildi. Axı bizim ədəbi əsərlər o qədər çoxdur ki, ən yaxşılarını seçmək də elə çətin olmamalıdır.

Cavab: Şifahi xalq ədəbiyyatı nümunələri kurikulumun tələblərinə əsasən seçilmişdir. Kurikulum sənədi ilə tanış olmaq hər bir müəllim üçün vacibdir.
İraddakı cümlələr üslubca qüsurludur.


İrad: Səhifə 28-də “Koroğlu”dastanında ciddi bir səhv var. Belə ki, Koroğluya aid misri qılınc həm Dəmirçioğlunun əlində, həm də onları qurtarmaq üçün gələn Koroğludadır. Bu səhv necə yaranıb?

Cavab: Misri qılınc dastanda bir çox mənaları ifadə edir. Bunlardan biri də yenilməzlik, məğlubedilməzlik anlamıdır.Təsadüfi deyildir ki, dastanın bəzi qollarında “dəlilər əl atdılar misri qılınca” kimi ifadələr işlənmişdir.


İrad: Səhifə 38-də II dərsin 4–cü çalışmasında belə bir səhv vardır:”Durna teli” dastandır,çünki...Əslində,”Koroğlu”dastandır, ”Durna teli”dastan deyil,dastanın bir qoludur.

Cavab: Dastanın tərkib hissələri kimi qolların hər birini, yeri gəldikdə, “dastan” adlandırmaq olar və bu, qaçılmazdır. Unudulmamalıdır ki, hər bir qol dastan janrının xüsusiyyətlərini daşıyır. Adı çəkilən tapşırıq 1.1.4. standartı ilə (Bədii nümunələrin janr xüsusiyyətlərini müəyyənləşdirir) bağlıdır. Burada hissənin - qolun aid olduğu əsərin janrı nəzərdə tutulur.



İrad: Səhifə 41-də verilən əfsanə heç VII sinif üçün (? − A.M.) münasib deyil. Çünki bəzi məqamlar bu şagird yaşına (? − A.M.) qətiyyən uyğun deyil. Yəni qarıdakı cəsarətin güdrəti, (? − A.M.) cəllada şahın əmri verilməsinə (? –A.M.) baxmayaraq qarının səsini kəsməyərək bütün ürəyindəkiləri ş a h a deməsi VII sinif şagirdinə inandırıcı gələ bilməz.

Cavab: “Sultan Səncər və qarı” hekayəsindən fərqli olaraq, Şərəbanı müəllim qarının şaha qarşı çıxmasını “terrorizm” hesab etmir, hətta ondakı “cəsarətin güdrətinin, cəllada şahın əmri verilməsinə baxmayaraq qarının səsini kəsməyərək bütün ürəyindəkiləri ş a h a deməsinin VII sinif şagirdinə inandırıcı gələ bilməyəcəyindən” narahat olur. Əvvəla, əfsanədə baş verənlərin hamısının inandırıcı olması vacib deyil. Qarının cürəti, qanlı müharibənin qarşısını almaq cəhdi şagirdləri inandırır, onların ürəyincə olur. Şagirdlər cəsarətli olmağı, şərə, zülmə qarşı mübarizə aparmağı daha kiçik yaşlarından öyrənməlidirlər.


İrad: Niyə Səməd Vurğun haqqında heç bir məlumat verilməsin?

Cavab: Sənətkarların həyat və yaradıcılığı barədə məlumatın verilməsi kurikulumda nəzərdə tutulmamışdır.


İrad: Səhifə 50-də belə bir cümlə var: “Onun sevilməsinin bir səbəbi də ustalıqla yazılmasıdır.” Amma bu cü¬mlə ustalıqla seçilməmişdir.Ustalıqla deyil, sənətkarcaına, yaxud, dahiyanəcəsinə yazılmasıdır.-getməli idi.

Cavab: Dərlikdəki cümlə şagirdlər üçün aydındır və ondakı fikir asanlıqla başa düşülür.
Dərslikdə həmin məqamda “sənətkarcasına”, “dahiyanəcəsinə” sözləri işlədilsə, gülünc səslənər.


İrad: Səhifə 62-də Anamın qolundan tutub içəri apardım.cümləsindən sonra gələn sonra sözü mütləq abzasla verilməli idi.

Cavab: Həmin cümlədə yeni fikir ifadə edilmədiyi üçün onun abzasdan verilməsinə ehtiyac yoxdur.

İrad: Səhifə 64-də verilən Azadın yaralanandan sonra uzun-uzadı danışıqları, əslində,həkimlə məsləhətləşdirilməli idi. Çünki güllə əgər ciyəri qabaqdan dəlib arxadan çıxmışdısa, kimliyindən asılı olmadan həmin kəs bir söz belə deyə bilməzdi. O ki qaldı uzun –uzadı nitq irad eləsin, mümkün deyil.

Cavab: İrad bədii əsərə tutulur. Lakin hekayəni diqqətlə oxumaq lazım idi. Güllə Azadın ciyərini qabaqdan dəlib arxadan çıxmayıb, “ciyərlərini də zədələyib”. İkincisi, müəllimə unudur ki, bu, bədii əsərdir. Xalqının səadəti uğrunda mübarizə meydanında şəhid olmağı ən şərəfli iş sayan Azadın ölüm ayağında “uzun-uzadı nitq irad etməsi” həssas oxucuya mümkün olmayan bir iş kimi görünmür. Azad bu son ürək sözlərini (yazıçının başlıca niyyətini ifadə edən həmin sözlərin üzərində şagirdlərin işlədilməsi vacibdir) demədən ölə bilməzdi.
İraddakı bir fikri başa düşmək çətindir. Həkimlə kim məsləhətləşməli idi? Azadın döyüş dostlarımı, yazıçımı, yoxsa dərslik müəllifləri?


İrad: Mənəvi dəyərlər mütləq “Kitabi-Dədə Qorqud”la başlamalı idi.Ümumiyyətlə,bu başlıq altında verilən əsərləri başqa cür təsvir etmək,başqa cür təqdim etmək lazım idi.”Manqurt”heç verilməli deyildi.Çünki bizim əsər deyil,həm də manqurt haradan milli,mənəvi dəyər olsun?Bu ifadənin mənası daha dərindir.Nizami Gəncəvi,Məhəmməd Füzuli,Molla Pənah Vaqif,Mirzə Ələkbər Sabir,Cəlil Məmmədquluzadə və s. haqqında danışılmalı,onlardan nümunələr verilməli idi.

Cavab: “Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər” bölməsinə A. Bakıxanovun, Ç.Aytmatovun, H.Ziyanın, F.Qocanın, A.Şaiqin əsərləri daxil edilmişdir. Əsərlər seçilərkən bir sıra digər tələblərlə yanaşı, 7-ci sinif şagirdlərinin yaş və bilik səviyyəsi də diqqət mərkəzində saxlanmışdır. İradda adları qeyd olunan sənətkarlardan Nizami Gəncəvinin əsəri V sinfin dərsliyinə daxil edilmiş, digərlərinin əsərləri isə yuxarı siniflər üçün nəzərdə tutulmuşdur. “Manqurt” əsərinə etiraz edilməsinin səbəbini başa düşmək mümkün deyildir. Müəllifin fikrincə, o “ bizim əsər deyil, həm də manqurt haradan milli, mənəvi dəyər olsun?” Müəllimə bu bölməyə yalnız “bizim əsərlərin” daxil edilməli olduğunu düşünməkdə səhv edir. Milli və dünya ədəbiyyatından kamil nümunələrin seçilməsi fənn kurikulumunda mühüm tələb kimi irəli sürülmüşdür. Bütün türk xalqlarının iftixarı olan Çingiz Aytmatovun romanından parça kimi seçilən “Manqurt” soykökündən, bəşəri dəyərlərdən uzaq düşməyin törətdiyi faciəni parlaq əks etdirən mükəmməl sənət əsəridir, tükənməz hikmət mənbəyidir.

İrad: Uşaq aləmi.bölməsində isə yalnız bədbəxt ,faciəli talelər verilmişdir.”Nəvə”fərqlidir ki,onda da xətalı məqamlar həddindən artıq çoxdur.Səhifə 125-də bu nəvə,nədənsə, nənəsi haqqında danışarkən onu toyuq –cücə saxlayan biri kimi xatırlayır.Gah kəndi sevir,gah kəndi sürgün hesab edir,gah da etiraf edir ki,onu cəzalanma tədbiri olaraq ora göndəriblər.Hekayədə bu nəvə birdən-birə möcüzəli şəkildə dəyişir,onun yaxşılığa doğru necə dəyişməsi düzgün izah edilmir.Əsərdə müəllifin kəndə olan münasibəti hamını narahat etməlidir.Guya kənd uşaqları maymaqdırlar ,onları istənilən bir şəhərli asanlıqla aldada bilər,guya kənddə normal bir top tapılmır,yəni bu,doğrudanmı,belədir?Səhifə 129-da bu cümləyə baxaq:Hər birinin qarşısına bağçamızdakı meyvələrdən düzdüm.Meyvə bağçada,yaxud bağda olur?Kiçik şagird hara, alışqan hara?Bu qədər səhvi olan bir əsəri müəlliflər necə dərsliyə gətirə biliblər?

Cavab: “Uşaq aləmi, uşaq taleyi” bölməsinə bu yaşdakı şagirdələri təsirləndirən, düşündürən əsərlər daxil edilmişdir. Şər qüvvələr üzərində qələbə çalan Nurəddin də, ağıllı, sənəti ilə möcüzə yaradan Sürəyya da, acı taleli Bahar da şagirdlərin yaddaşında dərin iz qoyur, onların ən çox sevdikləri ədəbi qəhrəmanlara çevrilirlər.
“Nəvə” hekayəsi diqqətlə oxunsa idi, onun haqqında deyilənlər “qüsur” kimi ortaya çıxmazdı. Kamal yaşı yetmişi ötən nənəsini xəstəlik bilməyən, ev işləri ilə müntəzəm məşğul olan, gümrah, qıvraq bir insan kimi tanıyir. Həyət-bacadakı “saysız-hesabsız” toyuq-cücə kiçikyaşlı uşağın göz yaddaşına həkk olunmuşdur. Əsərdə onun xasiyyətində baş verən dəyişikliklər əməyə tədricən alışmasının, gördüyü işlərdən zövq almasının təbii nəticəsi kimi təsvir olunmuşdur. Burada söhbət kənd uşaqlarının “maymaqlığından” yox, Kamalın cığallığından, ətrafındakılara münasibətindən gedir. Bu təsvirlər kiçik qəhrəmanın xarakterinin açılması, yaddaqalan obrazının yaradılması vasitəsi kimi dəyərləndirilməlidir. Təsvir edilənlərin hər biri – kənd uşaqlarında “normal topun olmaması” da, məktəbli uşaqların “alışqan həvəsi” də real, həyatda baş verə bilən (“Tom Soyerin macəraları” əsərini oxumaq faydalı olar, ondan parçalar məktəblərimizdə çoxdan öyrənilir) məsələlərdir. O ki qaldı meyvənin bağda, yaxud bağçada olmasına,“bağça” elə “kiçik bağ” deməkdir, orada da meyvə ağacları əkilir. Birinin bağı yoxdur, həyət bağı, bağçası var!


İrad: Əsərlərin arasında verilən suallar yığışdırılmalıdır.Digər çətin fənlərə dərsarası suallar (? − A.M.) qoymaq olar.Bu,ədəbiyyat dərsinə, xüsusilə, ədəbi əsərlərə şamil edilməməlidir (? − A.M.). Bir yandan dərsi çətinləşdirmək istəyirsiniz,digər tərəfdən bu qədər asanlaşdırırsınız (? − A. M.).

Cavab: “Əsərlərin arasında” qoyulan suallar məzmunun dərindən qavranılmasına, çətin söz və ifadələrin oxu prosesində aydınlaşdırılmasına, mətnaltı mənalara diqqət yetirilməsinə və s. şərait yaradır. Bu suallar “yığışdırılsa” belə, əsərin oxusu zamanı onların (hələ sinfin səviyyəsindən asılı olaraq, daha çox sualın) şagirdlərə ünvanlanması qaçılmazdır.
Bu sonuncu iradda da ciddi dil-üslub səhvləri var. Bu irad da, əvvəlkilər kimi, oxucunu əhəmiyyətli mətləblərə yönləndirmir.

Aynur Mustafayeva , VII sinif üçün “Ədəbiyyat” dərsliyinin (“Bakınəşr”, 2014) həmmüəllifi.
Ədəbiyyat dərsliklərində şifahi xalq ədəbiyyatı nümunələrinə, müxtəlif mövzularda yazılan əsərlərə daha çox yer verilsin.sual və tapşırıqların sayı çoxaldılsa yaxşı olar.
Sual və tapşırıqlara baxılsın.Mətnlər üzərində yenidən işlənsin.
7-ci sinifdə ədəbiyyat dərsliyini tədris edirəm.Ədəbiyyat dərsliyyində verilən mövzuları qənaətbəxş hesab edirəm.
KİRRİKULUM ÜZRƏ ƏDƏBİYYAT FƏNNİNDƏN QƏBUL İMTAHANINA HAZIRLIQ ÜÇÜN DƏRSLİK VƏ TEST TAPŞIRIQLARI NƏ VAXT HAZIR OLUNACAQ .
Səhifələr: 1
Forumlar » 7-ci sinif » Ədəbiyyat