Ədəbiyyat

Forumlar » 8-ci sinif » Ədəbiyyat
Səhifələr: 1
RSS
Ədəbiyyat
“Ədəbiyyat” dərslikləri (2015-ci ilə qədərki nəşrlər) və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış "Ədəbiyyat" dərslik komplektinin (2015-ci il nəşri) müzakirəsi
VIII sinif “Ədəbiyyat”dərsliyi (2012-ci il nəşri) barədəki iradlar.
Bu iradlar aşağıdakılardır:
1.”Kitabi-Dədə Qorqud” dastanında səhifə 14-də gedən bu cümləni nəzərinizə çatdırmaq istəyirəm:Donu qaş-daşla bəzənmiş üç yüz igidi seçdi...Həm də bu cümlə Qazan xanın igidləri üçün səsləndirilir.Dastanın qədim dilimizdən tərcümə edilməsi heç kimə sirr deyil.Nəyə görə don sözü tərcümə edilmədən VIII sinif dərsliyinə ötürülüb?Donu igid geyinir,ya qadın-qız?Belə kobud səhvi necə bağışlamaq olar?Əlbəttə,qədim dilimizdə bu sözün paltar mənasında olduğunu bilməmiş də deyilik.Amma donu nə vaxt kişi geyinər-onu da kiçikdən-böyüyə hamı bilir.
2.Səhifə 17-də bu dastanda yenə də verilən bir cümləyə baxaq:-“Ata” deyə ağlatdılar,”ana” deyə inlətdilər.Axı biz bu möhtəşəm dastan haqqında elə uca vətənpərvərlik duyğularından bəhs edirik ki, o müqəddəs deyimlər bu cümlənin “kölgə”sində itib-batır.Mən demirəm ki,dastanı dəyişək.Amma bu yeri qısaltmaq da, VIII sinif dərsliyinə ötürməmək də mümkün idi.Mənim nə demək istədiyimi başa düşmək,mənimlə razılaşmaq,məncə,çoxunuzun ürəyindəndir.Bu fikrin qüvvəsi üçün elə həmin səhifədə olan digər cümləni də qeyd etmək lazımdır-Oğlan quş ürəkli olur,qaçıb anasının yanına getmişdir.Şərhə ehtiyac yoxdur.
3.Səhifə 19-20-də ixtisar olunmalı yerlər,VIII sinfə verilməkdən qaçılması lazım gələn məqamlar yenə də vardır-Oğlunun gəlmədiyini görən Burla xatun baxaq hansı sözləri Qazan xana deməyi rəva bilir-...yana-yana qarğıyaram,Qazan,sənə!Bu sözlər həm də dəfələrlə təkrar olunur.Qazan xanı bu dərəcədə alçaltmaq,həm də VIII sinif qarşısında, yolverilən hesab edilə bilərmi?-Adi məişət “dava-şava”sında bu şəxsiyyəti beləcə xırdalamaq olarmı?
Göyşay şəhər 6 № -li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
VIII sinif “Ədəbiyyat” dərsliyi (2012-ci il nəşri) barədə iradların davamı.
4.Səhifə 26-da gedən bir cümləyə baxaq:Qazan xan öz oğlunu xilas edib geri döndü.Axı tək Qazan xan deyil, tükənməyən oğuz igidləri,həm də Burla xatunun böyük köməkliyi sayəsində Uruz xilas edilmişdi.Bu cümləni o vaxt işlətmək yerinə düşərdi ki, Qazan xan tək gedəndə bunu etmiş ola idi.
5.Səhifə 31-də verilən bir fikri nəzərinizə çatdırmaq istəyirəm:...Leyli və Məcnun dövrün sərt mənəvi buxovlarını qıra bilməsələr də, ona tabe də olmurlar.Yaxşı, VIII sinif şagirdləri bu əsəri oxumaya da bilərlər.Bəs bizi bu şəkildə aldatmaq olarmı?Əgər boyun əyməsə idilər,onlar gərək bir-birilə əl verib,istədikləri yerə gedə idilər.Qeysin “Məcnun” olmasınımı,yaxud Leylinin ibn Səlamı aldatmasınımı, yoxsa Məcnunun səhralara üz tutmasınımı mənəvi buxovlara tabe olmamaq hesab edirsiniz?Bu ki dəhşətdir!
6.Nizaminin “Sultan Səncər və qarı” mənzum hekayəsi isə ,ümumiyyətlə,dərslikdən çıxarılmalıdır.Səbəbini isə hamımız bilirik.yəni qədim zamanlarda,doğrudanmı, hökmdarı tək,istədiyin yerdə,istədiyin vaxt tutub,dərdini demək mümkün idi?Belə çıxır ki,əsl demokratiya o vaxtlar olub.Fikirləşin ki,müasir dövrümüzdə bu fikri istənilən sinifdə, istənilən şagird səsləndirə bilər.Cavab nə olacaqdır? Həm də hər birimiz bu mənzum hekayədə həmin cəsur qadının hansı ittihamları səsləndirdiyini də bura əlavə etsək,onda mən deyənlə razılaşmalı olacaqsınız:
Qiyamətin günündə çəkilər səndən hesab.-
Yaxud:
Mən səndə sonsuz zülm və əziyyət görürəm.-
Və ya:
Azğınsan,şah deyilsən,sənsən doğuran yaşı.
Hələ fikir verin:
Çəkin çarəsizlərin dağıtma var-yoxunu.
Bu şeir əslində terrora çağırışdan başqa bir şey deyildir.
(səhifə-34)
7.Səhifə 39-də Nəsiminin “Mövsümü-Novruzü neysan...”şeiri sevgi ilə vəhdətdə verilməsinə baxmayaraq bu haqda əsərin təhlilində heç nə yada salınmayıb.Sevgi –yaz bunları şair ayırmır.Əsərin təhlili də paralel bu iki xətt üzərində olmalı idi.Fikrimi sübut üçün həmin beytləri nümunə kimi yazıram:
Qönçədən gül baş çıxardı,saldı üzündən niqab,
Bülbülü-şeyda xətibi-laləzar oldu yenə.

Badə içmək rövzədə gər sən dilərsən hur ilə,
Yar əlin tut,bağçaya gir,novbahar oldu yenə.

Sən Nəsimi razini,ey dan yeli,yarə yetir,
Kim anin halı pərişan,biqərar oldu yenə.
Hətta bu beyt də mən deyən kimi məhəbbətdən bəhs edərək baharın gözəlliyini sevdiyi qızın gözəl üzü ilə müqayisə edir:
Əski dünya yengi xələt geydi bu mövsümdə uş,
Çöhrəsi dövrü bu gün nəqşi nigar oldu yenə.
Göyçay şəhər 6 № li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
VIII sinif “Ədəbiyyat” dərsliyi (2012-ci il nəşri) barədə iradların davamı.

8.Səhifə 50-51-də “Bahariyyə” şeirində murçin,qur-qura,çürə,nərgə,sona və bağrıqara sözlərinin izahında quş adları yazılmaqla kifayətlənilib.Amma yaxşı olardı ki,həmin quşların adlarını da müəyyənləşdirib kitaba daxil edə idilər.
9.Səhifə 52-də əsərin təhlilində kobud bir səhvə yol verilmişdir.
Yer geydi qəbayi – xizrpuşan
Cümlə dilə gəldi ləbxamuşan.
II misranın təhlili səhv edilmişdir.Guya bahar öz gözəlliyi ilə lal-dinməzləri belə dilə gətirir.Əslində,burada lal-dinməzlərdən deyil, susmağa üstünlük verən insanlardan söhbət gedir.
Səhifə 55-də bir neçə yerdə Azərbaycan əvəzinə türk sözündən istifadə edilmişdir ki, bu da çox kobud səhv kimi nəzərə çarpır.Bu səhvin isə Əbülfəz Elçibəyin vaxtı ilə Azərbaycan dilinin səhvən türk dili kimi qəbul etdirməsindən meydana çıxmasınin ən acı bir nəticəsi olduğunu etiraf etməliyik.Hələ də bəzi dərsliklərdən bu söz ,təəssüf ki,yığışdırılmayıb ki,bu da bəzi dolaşıqlığa imkan açır.Az qala özümüz Türkiyədən öncə,Füzulinin türk şairi olduğu fikrini ortalığa atırıq ki, bu da öz-özlüyündə bizim özümüzə özümüzdən ünvanlanan ən güclü zərbədən başqa bir şey deyildir.Həmçinin, bu səhifədə digər bir səhvi də mütləq qeyd etmək vacibdir.Cümləyə baxaq:-
...o,ana dilinin əzəmətini,zənginliyini üzə çıxarır(?).Xeyr,Füzuli haqqında bu fikir olduqca cılız səslənir.Çünki Füzuli bu dilin zənginliyini bütün dünyaya bəyan edərək onu ilahi bir,səmavi bir,sehirli bir dil –ürəklərə fövqəl təsir edən bir dil,ürəklərin ən dərin qatlarına enən bir dil,şeir bağçasının ən füsunkar bir gülünə bənzəyən bir dil,qəlbləri ehtizaza gətirən bir dil,İnsanı qışın soyuğunda hərarətləndirən, yayın qızmarında buza döndürən bir dil olduğunu hayqırmışdır-onun şeirləri hamımıza bu dilin necə şirin,necə ürəyəyatımlı,necə qədim,necə zəngin olduğunu isbatlayır.Füzuliyə aid biz yalnız onun qüdrətli sənətinə layiq olan ifadələri seçib işlətməliyik.
Daha sonra belə bir cümləyə rast gəlirik:....İnsan gözəlliyinin tərənnümü Füzuli yaradıcılığında yeni zirvəyə qaldırılır.Bu da səhvdir.Füzuli yaradıcılığında yeni zirvələrə qaldırılan i n s a n ı g ö z ə l l ə ş d i r ə n d u y ğ u l a r ı n , h i s l ə r i n , i n s a n l ı ğ ı n , b ə ş ə r i l i y i n -bir sözlə, q e y r i – a d i l i y i n t ə c ə s s ü m ü d ü r .
Göyçay şəhər Füzuli adına 6 № -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyt müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
VIII sinif “Ədəbiyyat” dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.

10.Səhifə 58-də “Padişahi-mülk” şeirinin lüğətində ciddi bir səhv vardır.Dərviş sözünün mənası səhvən yoxsul,fağır kimi təqdim olunmuşdur.
11.Səhifə 60-da “Padişahi-mülk”şeirinin təhlilində birinci cümlədə müəlliflərin şeiri düzgün təhlil edə bilmədikləri meydana çıxır.Cümləni olduğu kimi yazıram:Şeirdə dövrün ən fəlakətli hadisələrindən biri –ardıcıl baş verən qanlı feodal müharibələri tənqid edilir.Əslində,şairin ən ümdə,ən vacib olan ideyası özü ilə hökmdarları müqayisə edərək,güclü şairin hətta ən qüdrətli hökmdarlardan üstün olmasını bütün dünyaya bəyan etməsidir.Əbəs yerə bu əsəri həm də şairin fəxriyyəsi hesab etmirlər.
12.Səhifə 66-da “Koroğlu” dastanında –anrı-sözü vardır.Bu sözün lüğətdə verilməməsi təəccüb doğurur.Çünki bu söz dialekt sözüdür.Mənası o tərəfində deməkdir.Qərb dialektinə aid olan bu sözün mənasını bilməyənlər daha çoxdur.Müəlliflər bunu nəzərə almalı idilər.Dastanda həm də, nəinki nəsr dilində,eləcə də şeir dilində də düzgün yazı deyil,düzgün tələffüz tərzi verilmişdir ki,bu haqda mən qeyd eləmişdim:
Nahaq yerə gəl eyləmə yamanlıq,
İnan,Bolu,mən Koroğlu deyiləm.
İnnən belə yaxşılığın günüdü,
İnan,Bolu,mən Koroğlu deyiləm.
Bu bənddə -eyləmə,-innən,-günüdü sözləri orfoqrafik cəhətdən səhvdir.Yalnız dastanlarda deyil, bütün e p i k əsərlərdə biz danışıq tərzində verilən çoxlu sözlərlə qarşılaşırıq.Bu məsələlərin həll olunmasının vaxtı çoxdan çatmışdır.Yəni müəlliflər elə zənn edirlər ki,oxucular həmin sözlərin düzgün orfoepiyasını bilmirlər?C.Məmmədquluzadənin danışıq tərzində yazdığını hamımız bilirik.Amma Molla Pənah Vaqif XVIII əsrdə yaşamasına və yaratmasına baxmayaraq,danışıq dilini poetik dil səviyyəsinə qaldırsa da , şair o r f o q r a f i y a qayda-qanunlarına riayət də etmişdir.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 № -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
VIII sinif “Ədəbiyyat”dərsliyi (2012-ci il nəşri) barədə iradların davamı.

13.Səhifə 70-də olduqca ciddi hesab olunacaq bir səhv var.Bu səhvin nə qədər ciddi olduğunu üzə çıxarmaq üçün cümləni diqqətinizə ötürürəm-.....Bolu bəyi məzəmmət elədilər ki:
-Nahaq yerə onu əldən buraxdın.Təsəvvür edin ki,səbəb budaq cümləsini müəlliflər vasitəsiz nitq kimi kitaba veriblər.İndi özünüz deyin,bu səhv baş verə bilərdimi?
14.Səhifə 80-də “qaravaş” sözü səhvən qarabaş kimi verilib.Həm də bu söz hər yerdə belə səhv gedib.
15.Səhifə 90-da “Koroğlu”dastanının təhlili olduqca zəif-dastanın möhtəşəmliyinə xələl gətirəcək bir səviyyədə verilmişdir.Həmin başlıq altında yazılanları oxusanız,hər biriniz bu fikirlə razılaşacaqsınız.
16.Səhifə 95-də Molla Pənah Vaqifin həyatı haqqında məlumatda da kobud bir səhvlə üz-üzə dayanırıq:”hər yetən gözəl”ifadəsi səhvən Vaqiflə əlaqələndirilib.Bu ifadə isə Aşıq Ələsgərə aiddir.
17.Səhifə 104-də Qasım bəy Zakirin “Durnalar”şeirində:
Nəsib ola bir dəm görəm üzünü-əvəzinə-bir də görəm üzünü şəklində getmişdir.
Onu da qeyd edim ki, bu şeirin də təhlili çox zəif təsir bağışlayır.
18.Səhifə 108-də M.F. Axundzadənin 6 komediyası var.-fikri vurğulanmışdır.Niyə məlumatlarda bu qədər mübahisəli məqamlar var?Axı bu əsərlərin birini d r a m hesab edirlər.
19.Səhifə 150-də məcazlar haqqında məlumatlarda səhvlər var:
a).”Qara qızıl”ifadəsi metonimiya kimi təqdim olunub,əslində, bu ifadə e p i t e t dir.
b).R.Rzanın “Salon susub durardı” misrasını metonimiya hesab etmək olmaz.Çünki bu misrada salonun susması məhz m e t a f o r adır. Nə fərqi var, bir qədər yuxarıda “Günəşin susmasın”metafora kimi verildiyi halda,salon susanda niyə metonimiya götürülməlidir?Belə anlaşılmazlığa yol vermək olarmı?

Göyçay şəhər 6 № -li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
Göyçay şəhər 6 nömrəli məktəbin müəllimi Şərəbanı Hacıyevanın VIII sinif ədəbiyyat dərsliyi (2012-ci il nəşri) haqqında yazısına münasibətim
Orta ümumtəhsil məktəbləri üçün Sovet dönəmində yazılan əsərlərə Moskvadan istiqamət verildiyi hamıya məlumdur. Yəni rusların müxtəlif siniflər üçün hazırladığı dil və ədəbiyyat dərsliklərinin strukturu və məzmunu etalon idi. Məsələn, onlar V sinfin ədəbiyyat dərsliyində Lermontovun şəklini, doğum-ölüm tarixini, “Yelkən” şeirini və bu əsərlə bağlı bir neçə sual-tapşırıq əks etdirirdilərsə, bizdə də, deyək ki, S.Vurğun, onun “Ceyran “ qoşması eyni qayda ilə dərslikdə əksini tapırdı. Eləcə də Moskvada çıxan ədəbiyyat dərsliklərində nəzəri anlayışlar barədə necə mövqe tutulurdusa, bizdə də o mövqe təkrar olunurdu. 1990-cı illərdə VIII siniflər üçün çap olunan dərsliklərimizdə fərqli mənzərə ilə qarşılaşdıq. Bu dərslikdə “Əsərin¬ məzmunu ilə bağlı suallar” ayrıca verilmiş, “Oxuyun. Fikirləşin. Cavab verin” başlığı altında şagirdləri müstəqil təhlilə istiqamətləndirən mətnlər əks etdirilmişdi. Dərslikdə “Müstəqil iş üçün” başlıqlı tapşırıqların ardıcıl verilməsini də ilk dəfə müşahidə edirdik.
Həmin dərsliyin 2000-ci illərdəki çapında digər faydalı irəliləyişlər də gördük. Bədii əsərlərin öyrənilməsi ilə bağlı şagirdlərin işi aşağıdakı bloklar üzrə verilmişdi: “Əsərin məzmunu ilə bağlı suallar”, “Əsərin təhlilinə hazırlaşın”, ”İfadəli oxuya hazırlaşın”, “Müstəqil iş üçün”, “Sinifdənxaric oxu üçün”.
Proqramın tələbinə uyğun olaraq dərslikdə ədəbiyyat nəzəriyəsi anlayışları barədə sistemli məlumat verilmişdi.
Göründüyü kimi, bu dərslikdə ənənə ilə yenilik qovuşmuş, müəllim və şagirdlərin fəaliyyətinə səmərəli istiqamət verilmişdir.
Bu yaxınlarda dərslik portalında Göyçay şəhər 6 nömrəli məktəbin müəllimi Şərəbanı Hacıyevanın bu dərslik haqqında yazısını oxudum, ona münasibət bildirməklə, həm də gənc müəllimlərə yardımçı olmağı qarşıma məqsəd qoydum. Onun yazısında iradların böyük bir qismi, nə qədər qəribə olsa da, klassik sənət abidələrimizə aiddir. Yazıda oxuyuruq: “ Səhifə 26-da gedən bir cümləyə baxaq: “Qazan xan öz oğlunu xilas edib geri döndü.” Axı tək Qazan xan deyil, tükənməyən oğuz igidləri, həm də Burla xatunun böyük köməkliyi sayəsində Uruz xilas edilmişdi. Bu cümləni o vaxt işlətmək yerinə düşərdi ki, Qazan xan tək gedəndə bunu etmiş ola idi.”
Sərkərdənin – Qazan xanın döyüşdən qələbə ilə qayıtmasını dastan yaradıcılarının bu şəkildə ifadə etməsində qəbahət yoxdur. Həmin cümlədən əvvəlkində də (“Oğuzlarda üç yüz igid şəhid oldu”), həmçinin Qazan xanın köməyinə yetişən oğuz igidlərinin adlarını bir-bir sadalamaqda da dastan yaradıcıları haqlıdırlar. Dastanla bağlı yuxarıdakı fikir gülünc təftişçilikdən başqa bir şey deyildir.
Yazıda oxuyuruq:”Oğlunun gəlmədiyini görən Burla xatun baxaq hansı sözləri Qazan xana deməyi rəva bilir : ”... yana-yana qarğıyaram, Qazan, sənə!” Bu sözlər həm də dəfələrlə təkrar olunur. Qazan xanı bu dərəcədə alçaltmaq, həm də VIII sinif qarşısında,( ?- N.V.) yolverilən hesab edilə bilərmi? Adi məişət “dava-şava”sında (? – N.V.) bu şəxsiyyəti beləcə xırdalamaq( ? – N.V.)olarmı?"
Həmin fikrin ixtisarla verilməsi niyyətlə edilmişdir. Fikir belədir:
Yalqızca oğul görünmür, bağrım yanır.
Yalnız oğul xəbərini, Qazan, söylə mənə !
Deməzsənsə, yana-yana qarğıyaram, Qazan, sənə!
Qəribədir ki, yazı müəllifi oğuz igidlərinin xəyanətkar zənn etdikləri Uruz haqqında dedikləri : “Oğlan quş ürəkli olur. Qaçıb anasının yanına getmişdir” sözlərini vətənpərvərlik duyğularını kölgələmək hesab edir, digər tərəfdən ananın fəryad qopararaq övladı barədə həqiqəti öyrənmək istəməsini “adi məişət dava-şavası” sayır.
Yazıdakı iradları təəccüb etmədən oxumaq mümkün deyildr: ”Kitabi-Dədə Qorqud” dastanında səhifə 14-də gedən bu cümləni nəzərinizə çatdırmaq istəyirəm:”Donu qaş-daşla bəzənmiş üç yüz igidi seçdi...” Həm də bu cümlə Qazan xanın igidləri üçün səsləndirilir. Dastanın qədim dilimizdən tərcümə edilməsi ( ?- N.V.) heç kimə sirr deyil. Nəyə görə don sözü tərcümə edilmədən VIII sinif dərsliyinə ötürülüb? Donu igid geyinir, ya qadın-qız? Belə kobud səhvi necə bağışlamaq olar? Əlbəttə, qədim dilimizdə bu sözün paltar mənasında olduğunu bilməmiş də deyilik. Amma donu nə vaxt kişi geyinər-onu da kiçikdən-böyüyə hamı bilir.”
Buradakı “qədim dilimiz” ifadəsi daha böyük təəccübə səbəb olur. Dastanın sadələşdirilmiş variantını “tərcümə” adlandırması müəllifin bu abidə haqqında aydın təsəvvürə malik olmadığını deməyə əsas verir. Dastanın dili sadələşdirilərkən mənası bu gün anlaşılmayan sözlərin çağdaş dilimizə uyğunlaşdırılmasına üstünlük verilib. ”Don” sözü isə başa düşülür və işlədilir. Azərbaycan dilinin izahlı lügətində bu sözün həm qadına, həm də kişiyə məxsus geyim mənasını ifadə etdiyi göstərilmişdir: “Don qadınların, habelə kişilərin üstdən geydikləri uzunətəkli paltar. Ümumiyyətlə, paltar, libas, üst geyim”. Eyni zamanda, lüğətdə don sözünün görkəm, qiyafə, dondan dona girmək, don geyindirmək kimi fərqli mənalarda işlənməsi də əksini tapıb. Lakin Şərəbanı xanımın yozduğu “donu nə vaxt kişi geyinər - onu da kiçikdən-böyüyə hamı bilir” mənası burada yoxdur.
Dərslikdəki “Leyli və Məcnun dövrün sərt mənəvi buxovlarını qıra bilməsələr də, ona tabe də olmurlar ” cümləsi ilə bağlı yazıda deyilir: ” Əgər boyun əyməsə idilər, onlar gərək bir-birilə əl verib, istədikləri yerə gedə idilər. Qeysin “Məcnun” olmasınımı, yaxud Leylinin ibn Səlamı aldatmasınımı, yoxsa Məcnunun səhralara üz tutmasınımı mənəvi buxovlara tabe olmamaq hesab edirsiniz? Bu ki dəhşətdir!”
Yox, dəhşət olan bu deyil. Dəhşət olan budur ki, uzun illər məktəbdə işləyən bu yazı müəllifi klassiklərimizi şagirdlərə yanlış, təhrif olunmuş şəkildə təqdim edib. Anlamayıb ki, Nizami o zəmanədən söhbət açır ki, kişi sevdiyi üçün dəli hesab olunurdu, qadın üçün eşqi etiraf etməyin özü belə mümkünsüz idi. Belə bir zəmanədə ata-ananın, bütöv qəbilənin istəyinə, tələblərinə rəğmən Qeysin başqa bir qızla evlənməməsi, Leylinin isə İbn-Səlamla evliliyi, əslində, qəbul etməməsi buxovlara qarşı etiraz, cəmiyyətlə barışmamaq idi. Bunu başa düşmək üçün tədqiqat əsərlərini yox, dərslikləri oxumaq kifayət edərdi. Bu fikir daha geniş şəkildə dərsliklərdə ( məsələn, Nizami Cəfərov və b. Ədəbiyyat. 10-cu sinif üçün dərslik, Bakı, 2014, səh. 49-50 ; Ə.Səfərli, X.Yusifli. Qədim və orta əsrlər Azərbaycan ədəbiyytı. Ali məktəblər üçün dərslik. Bakı, 1982, səh.256-274) dönə-dönə göstərilib. Şagirdlər bu müəllimin hər dərsdə müşahidə etdikləri səhv fikirlərini, görünür, üzünə vurmur, həmkarları isə ona baş qoşmurlar ki, hər nə desən də, xeyiri yoxdur. Başlı-başına qalan, obyektiv tənqidi fikir eştməyən ( və eşitmək istəməyən) Ş.Hacıyeva bədii sənətin mahiyyətindən çox uzaq, estetik zövqləri korlayan bəsit düşüncələrini danışmaqdan və yaymaqdan usanmır.
Yazı müəllifinin klassik irsə barışmaz münasibəti Nizami Gəncəvinin “Sultan Səncər və qarı” hekayəsi ilə bağlı dediklərində daha qabarıq əksini tapıb. Yazıda oxuyuruq: “ Bu şeir, əslində, terrora çağırışdan başqa bir şey deyildir”. Nizamini terrora çağırışda günahlandıran yazı müəllifinin bədii əsərlə bağlı mülahizələrindəki “məntiqi”, söz sənəti barədəki mövqeyini aşağıdakı cümlələrdən görmək mümkündür:“... qədim zamanlarda,doğrudanmı, hökmdarı tək, istədiyin yerdə, istədiyin vaxt tutub, dərdini demək mümkün idi? Belə çıxır ki, əsl demokratiya o vaxtlar olub”.
Yazıda oxuyuruq: “ Nəsiminin “Mövsümü-Novruzü neysan...” şeiri sevgi ilə vəhdətdə( ? – N.V.) verilməsinə baxmayaraq bu haqda əsərin təhlilində ( ? – N.V.) heç nə yada salınmayıb. Sevgi –yaz bunları şair ayırmır. Əsərin təhlili ( ? – N.V.) də paralel bu iki xətt üzərində olmalı idi.” Dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətnini diqqətlə oxumaq lazım idi. Həmin mətndə deyilir : “ Baharın gəlişi, onun gözəlliyi hamıda olduğu kimi, şairin də hiss və düşüncələrində ciddi dəyişiklik yaradır. Bu, şeirdə inandırıcı və təsirli ifadə olunubmu? Suala cavab hazırlayarkən şeirin son iki beytinə daha çox diqqət yetirin, onlardan misal gətirin”. Bu mətndə yenə oxuyuruq: “ Bülbül ədəbiyyatımızda vəfalı aşiq rəmzidir. Bəs onda nə üçün natiq kimi qələmə verilib? Bu məqamda şairin niyyəti nədir və o niyyət hansı ustalıqla ifadə olnub?”. Bu suallar o beytlərlə əlaqədardır ki, Şərəbanı müəllimə onlarda “sevgi ilə vəhdət” görüb. Sadəcə olaraq, başa düşməyib ki, şagirdlərin həmin fikri müstəqil aydınlaşdırmalrına istiqamət verilib.
Yazıda oxuyuruq: “ Səh. 60-da “Padişahi-mülk”şeirinin təhlilində birinci cümlədə müəlliflərin şeiri düzgün təhlil edə bilmədikləri meydana çıxır. Cümləni olduğu kimi yazıram:” Şeirdə dövrün ən fəlakətli hadisələrindən biri –ardıcıl baş verən qanlı feodal müharibələri tənqid edilir.” Əslində, şairin ən ümdə, ən vacib olan ideyası özü ilə hökmdarları müqayisə edərək, güclü şairin hətta ən qüdrətli hökmdarlardan üstün olmasını bütün dünyaya bəyan etməsidir. Əbəs yerə bu əsəri həm də şairin fəxriyyəsi hesab etmirlər”.
Yazı müəllifinin bu mülahizələri də ona görə səhvdir ki, dərslikdəki “ Əsərin təhlilinə hazırlaşın” mətnini diqqətlə oxumayıb, ya da ümumiyyətlə, bu mətndəki fikirləri başa düşməyib. Şeirdə iki şəxsin – obrazın qarşılaşdırıldığı suallar vasitəsilə şagirdlərin diqqətinə çatdırılıb, müstəqil təhlil imkanı yaradılıb. Sadəcə olaraq, mətndəki suallara diqqətlə baxmaq və şagirdləri onların üzərində işlətmək lazım idi: “ Şair özünü sultan adlandırır. O bunu necə əsaslandırır, sultanlığını nə ilə izah edir? Şeir-sənət aləminin sultanı olan şair həyata baxışı, əməli və xasiyyəti ilə işğalçı hökmdardan fərqlənir. Bu fərqi necə izah edərsiniz? Əsəri oxuduqca gözlərimizin qarşısında şairin məğrur obrazı canlanır. Onu vüqarlı, əyilməz edən səbəblər nədir? Bəs şairin fikrincə, öz sənəti ilə əbədi ömür, əbədi yaşamaq haqqı qazanan sənətkar hökmdara – öləndən sonra unudulan, yaddan çıxan şəxsə necə münasibət bəsləməlidir? Şair bu məsələyə münasibətdə haqlıdırmı? Fikrinizi həyati misallarla əsaslandırmağa çalışın.”
Bunu da unutmaq olmaz ki, Füzulinin yaşadığı dövrdə Bağdad tez-tez müxtəlif dövlətlərin ( Ağqoyunlu, Səfəvi, Osmanlı ...) işğalına məruz qalırdı. Bu müharibələrin şahidi olan şair dövrün ictimai-siyasi hadisələrinə biganə qala bilməzdi.
Yazıda oxuyuruq: “Səhifə 55-də bir neçə yerdə Azərbaycan əvəzinə türk sö-zündən ( ? – N.V.) istifadə edilmişdir ki, bu da çox kobud səhv kimi nəzərə çarpır . Bu səhvin isə Əbülfəz Elçibəyin vaxtı ilə Azərbaycan dilinin səhvən türk dili kimi( ? – N.V.) qəbul etdirməsindən meydana çıxmasınin ən acı bir nəticəsi olduğunu etiraf etməliyik. Hələ də bəzi dərsliklərdən bu söz, təəssüf ki, yığışdırılmayıb ki, bu da bəzi dolaşıqlığa imkan açır. Az qala özümüz Türkiyədən öncə, Füzulinin türk şairi olduğu fikrini ortalığa atırıq ki, bu da öz-özlüyündə bizim özümüzə özümüzdən ünvanlanan ən güclü zərbədən başqa bir şey deyildir.”
Yazı müəllifinə 10-cu siniflər üçün yazılmış “Azərbaycan dili” dərsliyindəki “Azərbaycan Respublikasının dövlət dili” mövzusunu (“2014-cü il nəşri, səh. 32 ) oxumağı məsləhət görürük.
Dərslikdə yazılır: “ O, əsərlərini üç dildə - türkcə, ərəb və farsca yazır. Lakin Füzuli ana dilinə – doğma türkcəmizə üstünlük verir, əsərlərinin çoxunu, daha sanballısını bu dildə yazır. Amma yazır demək azdır; o, ana dilinin əzəmətini, zənginliyini üzə çıxarır, yüksək sənət dili olduğunu sübut edir. Bunun üçünsə böyük əziyyətlərə qatlaşır, əsl fədakarlıq göstərir.”
Yazı müəllifinin etirazı təəccüb doğurur: “Həmçinin, bu səhifədə digər bir səhvi də mütləq qeyd etmək vacibdir. Cümləyə baxaq: “ o, ana dilinin əzəmətini, zənginliyini üzə çıxarır “ (?). Xeyr, Füzuli haqqında bu fikir olduqca cılız səslənir. Çünki Füzuli bu dilin zənginliyini bütün dünyaya bəyan edərək onu ilahi bir ,səmavi bir, sehirli bir dil –ürəklərə fövqəl təsir edən bir dil, ürəklərin ən dərin qatlarına enən bir dil, şeir bağçasının ən füsunkar bir gülünə bənzəyən bir dil, qəlbləri ehtizaza gətirən bir dil, İnsanı qışın soyuğunda hərarətləndirən, yayın qızmarında buza döndürən bir dil olduğunu hayqırmışdır - onun şeirləri hamımıza bu dilin necə şirin, necə ürəyəyatımlı, necə qədim, necə zəngin olduğunu isbatlayır. Füzuliyə aid biz yalnız onun qüdrətli sənətinə layiq olan ifadələri seçib işlətməliyik.”
Füzuli doğma dilinin “əzəmətini” və “zənginliyini” sübut etməyi qarşısına məqsəd qoymuşdu və buna da nail oldu. Onun dili “ilahi bir”, “səmavi bir” dil yox, Azərbaycan türklərinin dili idi, və “Azərbaycan ədəbi-bədii dili onun şəxsində kamala dolur” ( akademik T.Hacıyev). Dərsliyi gəlişi gözəl sözlərlə yükləmək yolverilməzdir.
Dərslikdə oxuyuruq: “ Ədəbiyyatımızda dərin kök salan, qədim dövrlərdən baş alıb gələn humanizm, insan gözəlliyinin tərənnümü Füzuli yaradıcılığında yeni zirvəyə qaldırılır”.
Yazıda bu fikrə etiraz edilir: “ Daha sonra belə bir cümləyə rast gəlirik: “...insan gözəlliyinin tərənnümü Füzuli yaradıcılığında yeni zirvəyə qaldırılır.” Bu da sə¬h¬v¬di¬r. Füzuli yaradıcılığında yeni zirvələrə qaldırılan i n s a n ı g ö z ə l l ə ş d i r ə n d u y ğ u l a r ı n , h i s l ə r i n , i n s a n l ı ğ ı n , b ə ş ə r i l i y i n -bir sözlə, q e y r i – a d i l i y i n t ə c ə s s ü m ü d ü r.”
Yazı müəllifi “humanizm, insan gözəlliyi” ifadələrinin mahiyyətini anlamadığına görə lüzumsuz və cəfəng bir açıqlama vermiş, həm də insanı gözəlləşdirən duyğunu, hissi və s. nədənsə, qeyri-adi hesab etmişdir.
Yazıda deyilir: “ Səhifə 95-də Molla Pənah Vaqifin həyatı haqqında məlumatda da kobud bir səhvlə üz-üzə dayanırıq: ” hər yetən gözəl” ifadəsi səhvən Vaqiflə əlaqələndirilib . Bu ifadə isə Aşıq Ələsgərə aiddir”.Yazı müəllifinin Vaqif poeziyasından xəbərsiz olduğu aşkara çıxır. Aşıq Ələsgərdən əvvəl bu ifadəni Vaqif işlədib:
Hər yеtən gözələ gözəl dеmənəm,
Gözəldə bir qеyri əlamət оlur:
Zülf bir yana düşər, gərdən bir yana,
Özün bilməz, bir özgə babət оlur. (Mоlla Pənah Vaqif. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, səh. 118)
Yazıda “Koroğlu” dastanı ilə əlaqədar deyilir: “ Dastanda həm də, nəinki nəsr dilində, eləcə də şeir dilində də düzgün yazı deyil, düzgün tələffüz tərzi verilmişdir ki, bu haqda mən qeyd eləmişdim:
Nahaq yerə gəl eyləmə yamanlıq,
İnan, Bolu,mən Koroğlu deyiləm.
İnnən belə yaxşılığın günüdü,
İnan, Bolu ,mən Koroğlu deyiləm.
Bu bənddə “eyləmə”,” innən”, “günüdü” sözləri orfoqrafik cəhətdən səhvdir”.

Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs deyən yazı müəllifinin şifahi xalq ədəbiyyatına, onun dil xüsusiyyətlərinə bu cür münasibəti təəssüf doğurur. Doğrudanmı, bu müəllimə VIII sinfə qədər şagirdlərində xalq ədəbiyyatı nümunələrində sözlərin, ifadələrin işlənilməsindəki özəllik barədə təsəvvür yaratmayıb? Şərəbanı müəllimə yanlış olaraq düşünür ki, dərslik müəllifləri əllərinə qələm alaraq nağılların, dastanların dilini müasir ədəbi dilin normalarına uyğunlaşdırmalıdırlar. Universitet təhsili almış ədəbiyyat müəlliminin belə düşünməsinə nə ad verəsən?
Yazıda oxuuruq : “Səhifə 90-da “Koroğlu” dastanının təhlili olduqca zəif – dastanın möhtəşəmliyinə xələl gətirəcək bir səviyyədə verilmişdir”.
Uzun illər bu dərliklə işləyən müəllimə hələ də başa düşməmişdir ki, nə VIII, nə də IX siniflərin dərsliklərində heç bir əsərin təhlli verilməmişdir. “Əsərin təhlilinə hazırlaşın” mətnlərində məqsəd, yuxarıda qeyd edildiyi kimi, şagirdlərdə müstəqil təhlil bacarığını formalaşdırmaqdır. Bunun üçün çox faydalı metodik yol seçilmişdir ; şagirdlərin diqqəti əsərin təhlilili ilə bağlı mühüm məsələlərə cəlb edilmiş, ardınca açıq tipli istiqamətləndirici suallar verilmişdir. Yeri gəlmişkən, dərslikdə “Koroğlu” dastanı ilə bağlı həmin mətn hələ heç bir dərsliyimizdə rast gəlinməyən yüksək səviyyəli metodik işləmədir. Bunu, sadəcə olaraq, görməyi, başa düşməyi bacarmaq lazımdır.
Dərsliklə bağlı digər bir irad M.F.Axundzadənin komediyalarının sayı ilə bağlıdır. Tədqiqatçıların çox az qismi Axundzadənin bəzi komediyalarını dram hesab etsələr də, hətta bu fikir dərslikdə də özünə yer tapsa da, ədəbiyyatşünaslıqda ümumi rəy onun əsərlərinin komediya hesab edilməsidir. Müəllifin əsərlərinin sonuncu nəşrinə yazılan ön sözdə də (Axundzadə M.F. Seçilmiş əsərləri. I cild. Bakı, ”Şərq-Qərb”, 2005) onun 6 komediyası olduğu göstərilmişdir.
Yazıda bəzi nəzəri anlayışların dərslikdə səhv izah olunduğu göstərilir: “Səhifə 150-də məcazlar haqqında məlumatlarda səhvlər var:
a) ”Qara qızıl”ifadəsi metonimiya kimi təqdim olunub,əslində, bu ifadə e p i t e t dir.
b) R.Rzanın “Salon susub durardı” misrasını metonimiya hesab etmək olmaz. Çünki bu misrada salonun susması məhz m e t a f o r a dır. Nə fərqi var, bir qədər yuxarıda “Günəşim susmasın”metafora kimi verildiyi halda, salon susanda niyə metonimiya götürülməlidir? Belə anlaşılmazlığa yol vermək olarmı?”

Şagirdlərin bildikləri sadə məsələləri Şərəbanı müəllimənin bilməməsi təşviş doğurur. Bu müəllimənin şagirdləri Azərbaycan dili və ədəbiyyat fənlərini hansı səviyyədə mənimsəyirlər? Axı Şərəbanı müəllimənin bircə dənə olsun fikri doğru deyil. O, unutmamalıdır ki, epitet sözünün hərfi mənası əlavə deməkdir. Obyektə əlavə olaraq artırılan söz birləşmə daxilində bədii təyin kimi çıxış edir. “Qara qızıl” ifadəsində məcaz, yəni epitet sayıla biləcək söz qara sözüdür, qızıl isə həqiqi mənasını saxlayır. Şərəbanı müəllimənin dediyi kimi, ”qara qızıl” ifadəsinə epitet kimi yanaşsaq, söhbətin məhz qızıldan getdiyi kimi səhv nəticəyə gəlmiş olarıq. Halbuki ”qara qızıl” dedikdə neftin nəzərdə tutulduğu hamıya məlumdur. Metonimiyada əşya və ya hadisənin adı onunla əlaqədar olan başqa bir əşya və hadisənin adı ilə əvəz edilir. Burada da neft ilə qızıl arasında əlaqə neftin də qızıl kimi qiymətli kapital sayılmasıdır.
Yazıda “Salon susub durardı” misrası metonimiya yox, metafor hesab edilir. Məlumdur ki, metafor bənzətmə əsasında yaradılır. Bu misrada isə insanın əlaməti salonun üzərinə köçürülməyib, insan sözü onunla əlaqədar olan başqa bir sözlə - olduğu məkanın adı ilə əvəz olunub. Məcaz növünün metonimiya olduğunu görmək çətin deyildir.
Yazıda iddia olunur ki, dərslkdə “dərviş” sözünün mənası yanlış izah olunub, “qaravaş” sözü səhvən “qarabaş” yazılıb.
Yazı müəllifi burada da diqqətsiz olub; “Padişahi-mülk...” qitəsindəki dərviş sözü “Azərbaycan dilinin izahlı” lüğətindəki ikinci mənaya – yoxsul, fağır uyğun gəlir.
İkinci sözlə - qarabşla əlaqədar Şərəbanı müəllimə aşagıdakı mənbələrə baxmağı tövsiyə edirəm: 1.Azərbaycan dilinin izahlı lüğəti. Bakı, 2006 səh.47; 2. Azərbaycan dilinin orfoqrafiya lüğəti. 6-cı nəşr,Bakı, 2013 səh.388.
Dərslik yazm
VIII sinif ədəbiyyat dərsliyi əvvəlki - yəni ənənəvi dərs vəsaitindən tamamilə fərqlənir. Ədəbiyyatımız zaman keşdikcə məzmununa və formasına görə dəyişdiyi üçün zənginləşir və inkişaf edir. Buna görə də ədəbiyyatımızın tarixinin bu dərslikdə dövrləşməsi əsas amillərdən biri sayılır.
Azərbaycanda ən qədim zamanlarda yaranan ədəbiyyat və mədəniyyət nümunələrinin dövrümüzə gəlib çatması, inkişafı dərslikdə ətraflı əhatə olunmuşdur.
Bu dərslikdə ədəbiyyat nəzəriyyəsindən verilən materiallar kurikulumun tələblərinə uyğundur və geniş dərinləşmiş formada əhatə olunmuşdur. Dərslikdə verilən alt standartlarda mövzuların ardıcıllığı qənaətbəxş sayılır. Bu materiallar şagirdlərin bilik və bacarıqlarının dərinləşməsində mühüm rol oynayır.
VIII sinif Ədəbiyyat dərsliyinə daxil edilmiş təlim materialları əvvəlki siniflərdən fərqli olaraq, tarixi bölmələr şəklində qruplaşdırılmışdır. Hər bölməyə daxil edilmiş bədii əsərlər şagirdlərin yaş və qavrama səviyyəsinə, maraq dairəsinə uyğun əsərlər daxil edilmişdir.
VIII sinif fənn kurikulumunda 1.2.3 alt standartı şagirdin bədii nümunələrdə təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmasını nəzərdə tutur. Dərslikdəki ədəbiyyat nəzəriyyəsindən verilən materiallar kurikulumun tələblərinə uyğundur. VIII sinif Ədəbiyyat dərsliyi və müəllim üçün vəsait qənaətbəxşdir.
Səhifələr: 1
Forumlar » 8-ci sinif » Ədəbiyyat