Nemətov Ədalət-Masallı şəhəri, "Dəfinə məktəb liseyi"
Salam "Dərslik portalı" iştirakçıları!
"Dərslik portalı",V sinif, VI sinif, VII sinif Riyaziyyat dərslikləri haqqında fikirlərimi hörmətli oxucuların müzakirəsinə təqdim etmişəm.
VIII sinif Riyaziyyat (müəlliflər Nayma Qəhrəmanova, Məhəmməd Kərimov, İlham Hüseynov, ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik,Radius nəşriyatı Bakı-2015) dərsliyi ilə tanış olduqdan sonra onun haqqında da fikirlərimi bildirməyi özümə borc bildim.
Təkrarçılıqdan xoşum gəlmir. Amma bir daha bildirmək isdəyirəm ki, məqsədim tənqid etmək deyil-dərsliklərimizin qüsursuz olması , heç olmazsa gələcək nəşrlərdə buraxılan səhvlərdən xilas olmaq istəyidir.
Dərsliyin müsbət cəhətləri çoxdur. Mövzuların əhatə dairəsi, müxtəlif tipli məsələlərə yer verilməsi, praktik tapşırıqlardan istifadə edilməsi, bəzi çalışmaların həllinin verilməsi, tarixi məlumatlar, "Bu maraqlıdır", tətbiq və öyrənmə tapşırıqlarının verilməsi dərsliyin əhatəliyini,maraqlığını artırır, proqram materiallarını tam əhatə etmək istəyindən irəli gəlir.
Lakin çox təəssüf ki, dərslikdə şəkillərin nömrələnməməsi, çalışmaların hamısının cavabının verilməməsi cavabların bəzisinin səhv olması həm şagirddə, həmdə oxucularda başqa fikirlər yaradır.
İlk olaraq qeyd edim ki, qurma məsələlərinə yer verilməsi çox yaxşı haldır. Bunun əsas faydası gələcək mövzuların daha yaxşı mənimsənilməsinə və gələcəkdə ali məktəbdə (xüsusilə I qrupda) təhsildə bir neçə fənnin tədrisində çox faydası olacaq.
Lakin çox təəssüf ki, bu tipli məsələdən harada istifadə olunubsa kobud səhvlərə yol verilib.
1. Məsələn, səhifə 40-da, 18 nömrəli məsələdə " tərəfinə və bucağına görə paraleloqram qurma addımlarını araşdırın " 4 mərhələdən istifadədə bir neçə səhvə yol verilib:
I. Birinci mərhələdə paraleloqramın tərəfinin KAD bucağının AD tərəfi üzərində ayrılması qeyd olunmalı idi.
II. İkinci mərhələdə " ... eyni ölçüdə bucaq LDH-ı qurun " cümləsi aşağıdakı kimi olmalı idi: " D nöqtəsini təpə nöqtəsi qəbul etməklə bucaq KAD bucağına bərabər bucaq LDH-ı qurun ".
III. Üçüncü mərhələdə AK və DL tərəfləri üzərində bərabər parçalar ifadəsi yox - paraleloqramın ikinci tərəfi böyüklükdə parçalar ayırın və işarələyin olmalıdır.
2. Səhifə 42-də məsələ 1-də daha böyük qəbahətə yol verilib.
Belə məsələyə müraciət edən müəlliflər:
I. Qurma məsələsinin həllinin 4 mərhələdən (analiz, qurma, isbat, araşdırma ) keçməsi haqqında haradasa qeyd etməli idilər:
II. Hər hansı fiquru qurmaq üçün ( həmçinin verilən elementlərinə görə məchul elementlərini tapmaq üçün ) onun
2n-3 sayda ( burada n-çoxbucaqlının tərəflərinin sayını göstərir ) elementinin verilməsi vacibdir, Qurma məsələlərində verilən elementlərinə görə qurulan fiqur vahid olmalıdır. yoxsa həmin adda fiqur qurmaq olar, lakin mücərrədlik olacaq, necə ki, aşağıda söhbət açacağım məsələdə olduğu kimi.
Məsələ 1-in 1-ci bəndində "Romb qurma addımlarını araşdırın" tapşırığda şərtlər sayı kifayət etmədiyindən romb qurmaq mümkün olacaq, lakin mücərrədlik, qeyri müəyyənlik olacaq. Bu məsələdə tərəflə yanaşı bir bucağın,yaxud hündürlük və yaxud diaqonallarından birinin verilməsi şərti olmalı idi. Məsələnin həlli mərhələlərində II sütunda "Qövs üzərində hər hansı B nöqtəsini qeyd edin" fikri qeyri müəyyənlik yaradır. Şagird B nöqtəsini həmin qövs üzərində AD-nin sol tərəfində, AD-nin uzantısı üzərində götürsəydi necə olardı-məlumdurki, bu halda nəinki romb,hətta dördbucaqlı da alınmayacaqdır. Burada daha gülünc bir fikir işlədilib-"Pərgarın iti ucunu A nöqtəsində yerləşdirməklə..." Əvəzinə riyaziyyat kursunda qəbul edilmiş formada "Pərgarın iti ucunu A nöqtəsinə sancıb..." kimi işlədilməliydi.
Bu iki məsələnin həllinə nəzər yetirdikdə ( belə məsələlər nəinki bu dərslikdə,hətta digər dərsliklərdə də bu səriştədə verilib-bunlar haqqında yeri gəldikcə söhbət açacağam) müəlliflər müxtəlif məsələ tiplərinə müraciət etməklə dərsliyin dolğun,əhatəli,marağlı olmasına ( bu çox yaxşı haldır) can atıblar, lakin bələd olmadığı məsələyə, mövzuya istinad edəndə gərək daha çox ehtiyatlı olmalısan ki, belə kobud səhvlərə yol verməyəsən.
Müəlliflərə daha böyük tövsiyyəm bu və bundan əvvəlki dərsliklər haqqında yazdığım qeydləri diqqətlə oxusunlar və bundan sonra görəcəyi işlərlə bağlı isdər bu, istərsədə digər yazı müəllifləri ilə əməkdaşlıq edsinlər-bu təkcə onların deyil dərsliklərimizin nöqsansız olmasına böyük fayda verər.
3) Səhifə 14 məsələ 31-də müəlliflər işlətdikləri "rulon", "kovrolit," "vitrin " sözlərinin fərqinə baxıblar? doğrudur söhbətin nədən getdiyini demək olar ki, çox adam başa düşür. Bu sözləri başqa milli əşyalarımız, terminlərimizlə əvəz etmək olmazdımı? (Məsələn büküm, palaz, kilim, xalça, rəf, və s.).
Belə səhvlərin sırasına karton, yeşik,şar və s-i də daxil etmək olar.
4) Səhifə 46-da "Üçbucağın orta xətti" mövzusunda Fales teoremi və onun tətbiqi verilib, lakin VII sinif Riyaziyyat dərsliklərin müəllifəri bu teoremin tətbiqi ilə həll olunan məsələni həll etməyi şagirddən tələb edirlər.
5) Səhifə71,məsələ 12-də karusel ifadəsi 3-cü bənddə qeyd etdiyim qüsurlar sırasına daxildir.
6) Səhifə 97, məsələ 24-ə aid şəkil qüsurludur, beləki paralelepipedin görünməyən hündürlüyü riyazi qaydanı pozur.
7) Səhifə 112, məsələ 10-dakı ABCD fiquru kvadrat şəkillidirmi?
8) Səhifə 140, məsələ 13-də verilən ABCD fiquru trapesiya kimi təqdim olunub doğrudur A,B,C,D, nöqtələri parçalarla birləşdirilsəydi fikir doğru olardı,şəkilə baxanda ABCD-4 nöqtəni göstərir.
9)Səhifə 144, məsələ 4-də küçə adları şair yazıçılarımızın,bəstəkarlarımızın,milli qəhrəmanlarımızın- bir sözlə görkəmli şəxsiyyətlərimizin adıyla qeyd olunsaydı nə qəbahəti olardı?
10) Səhifə 150-də Oxşarlıq çevirməsi,homotetiya mövzusu öyrənilir. Yaxşı olardı ki,mövzunun izahında Homotetiya sözünün yunan sözündən homo homos - bərabər, eyni ,qarşılıqlı,ümumi sözündən və thetos-yerləşdirilmiş kimi yunan sözlərindən götürülməsi qeyd olunaydı. İzahatda k›0 halı izah edilir və sonrakı davamında elə çalışmalara yer verilir ki,şagird, oxucu elə başa düşür ki, k ancaq müsbət olmalıdır.Çox təəssüf ki, k-nın mənfi olan halı haqqında məlumat vermək unudulub.
11) Səhifə 185 çalışma 16-da tikintinin üzərindəki bayrağın hansı ölkəyə mənsub olmasını bilmək olmur.
12) Səhifə 190, məsələ-17 Elşənin maaşı həftəlik 20 manat, hər saat üçün isə 3.5 manat olaraq hesablanır... Bu ədədləri elə götürmək lazım idi ki, gülünc nəticə alınmasın-necə ki, Elşən 1 saat işləməklə 3,5 manat əmək haqqı alırsa, hər gün və nəhayət həftənin neçə gününü işləyir?
13) Səhifə 191, məsələ 2 -nin şərtində düz, düzgün prizma qarışdırılıb və məsələnin sonluğunda "bu taxtaların eni ən çox neçə santimetr olacaq?" fikrini başa düşmək çox çətindir.
14) səhifə 134, məsələ 3(a). parçanı konqruyent hissələrə bölmə addımlarını dəftərinizdə yerinə yetirin.
Məsələnin həlli üçün verilən izahatda: 2-ci bölüm - Pərgarı A nöqtəsində yerləşdirin (halbu ki, pərgarın iti ucunu A nöqtəsinə sancıb olmalıdır) və AC-ni kəsək qövs (yaxşı olardı ki ixtiyari radiuslu qövs olaydı ) çəkin. 3-cü bölüm - pərgarın qollarını dəyişmədən AC parçasını kəsən yeni qövslə (eyni radiuslu qövslər metodiki cəhətcə daha dolğun olardı və ya A nöqtəsindən başlayaraq AD=DE=EF=FG parçalarına ayrın çəkin. .Kəsişmə nöqtələrini E,F,G,H(şəkildə H-qeyd olunmayıb) kimi işarə edin. 4- cü bölümdəki şəkildə çəkilən qövslər və ümumiyyətlə şəkil özü qüsurludur.
15) Səhifə 148, Qurma 1. Verilmiş nöqtədən düz xəttə (verilən düz xəttə qeyd olunsaydı yaxşı olardı) perpendikulyarın qurulması II bəndə "pərgarı C nöqtəsinə yerləşdirək..." fikri "pərgarın iti ucunu C nöqtəsinə sancıb..." kimi işlədilməlidir.
III bənddə pərgarı AB parçasının uzunluğunun yarsından (əslində pərgarın qollarını AB parçasının yarısından olmalıdır) bir qədər çox açaq. Pərgarı A nöqtəsinə yerləşdirib (pərgarın iti ucunu A nöqtəsinə sancıb kimi işlədilməli idi ) AB düz xəttindən aşağıda bir qövs çəkək (bir qövs çəkək kimi də işlədilə bilərdi, çünki, həmin qövs AB düz xəttindən həm yuxarıda C nöqtəsindən keçməklə həmçinin AB düz xəttindən aşağıda yerləşəcək ). Pərgarın vəziyyətini dəyişmədən (bu o, deməkdir ki, pərgar əvvəlki vəziyyətdə - yəni pərgarın iti ucu A nöqtəsində saxlanılmaq kimi başa düşülür ) əvəzinə "pərgarın qolları arasındakı məsafəni dəyişmədən" olmalı idi.
16) Həmin səhifədə qurma 2-də CD parçası ΔABC medianıdır kimi deyil, SD parçası ΔABC-nin medianıdır kimi yazılmalıdır.
17) Səhifə 149-da teoremin isbatında isbat edin: AO:OE=CO:OD=BO:OE=2:1 ifadəsində BO:OE=2:1 yox, BO:OF=2:1 kimi olmalıdır (bu səhv həm mətində həmdə təklifdə gedib)
18) Təkcə bu dərsliyin deyil digər dərsliklərin demək olarki hər birində cəbr və həndəsənin bir kitabda cəmləşməsini düzgün hesab etmirəm. Belə ki, 10-15 gün bəzən daha çox cəbr öyrədilir, həndəsə unudulur və yaxud əksinə.
19) səhifə 69, çalışma 6-da cəmin 5-ə olmasının doğruluğunun yəqinləşdirilməsi tələb olunur. Halbu ki, həmin cəm 5-ə yox, 1-ə bərabərdir. Həmin cəmin 5-ə bərabər olması üçün axrıncı kəsrin qarşısında plyus yox, minus olmalıdır.
20) Səhifə 98-də ilk sətirdə verilmiş kvadrat tənliyin həlli prosesində 7 əvəzinə 1, çevrilmiş kvadrat tənliyin kökləri cəmini tapanda isə düstur mexaniki olaraq səhv yazılmışdır.
21) Səhifə 76-da Pifaqor teoreminin tətbiqi ilə üçbucağın bucaqlarına görə təsnifatının verilməsi çox yaxşı haldır, (əvvəlki dərsliklərimizin əksəriyyətində bu nəzərə alınmamışdır.) lakin II sütunda "ABC üçbucağı iti bucaqlıdır" yazmaq yaddan çıxıb. Bir fikiri burada xüsusi qeyd etmək lazım idi - c tərəfi ən böyük tərəf götürülməli idi, yoxsa bu sütunda təklif doğru olmaya bilər ki, bu da öyrədilən qanunun qiymətini itirər.
22) Səhifə 123, məsələ 4-ü həll etdikdə çayın axın sürəti 3 km/saat tapılır, cavabda isə 15 və 20 yazılıb.
23) Səhifə 146, məsələ 13-dəki şəkil qüsurludur.
24) Səhifə 147, məsələ 15-in 3-cü bəndində ki, şəkildə 20 məsələnin şərtində verilməyib.
25) Səhifə 216, məsələ 26. Şəkildəki fiqurun ( fiqurun yox cismin ) üstdən görünüşünün mümkün 4 variantının çəkilməsi tələb olunur. İlk növbədə qeyd edim ki, həmin şəkildə cismin şəkili qüsurludur. İkincisi müəlliflərin nümunə üçün bir variant təqdim etdikləri görünüş həmin cismin heç bir tərəfdən görünüşü deyil. Bu cismin həm həcmi, həmdə tam səthi sabitdir, onun üçün istər a) istərsə də b) bəndində şagirdin tapması üçün təklif olunan suallar səhvdir.
Dərslik müəllifləri Nayma xanımın bir neçə dərslik müəllifi olmasını, Məhəmməd müəllim və İlham müəllimin " Riyaziyyat ensiklopediyası " ( 2 cilddə ) geniş, ətraflı gözəl bir kitabın müəllifi olduqlarını nəzərə alanda sözü gedən dərslikdəki bu qədər səhvin olması təəssüf hissi doğurur.
Müəlliflərə bir sıra tövsiyyələrim var.
Əksər kitablarda oxuculara aşağıdakı kimi müraciət olunur: Kitab haqqında tövsiyyə təklif və iradları bildirənlərə əvvəlcədən dərin təşəkkürümüzü bildirir, səhvləri və iradları bildirənlərə minnətdarlıq edrik cümləsi verlir. Sizdən artıq dərəcədə xahiş edrəm: qeydlərimi diqqətlə oxuyun, razılaşmadığınız iradlara münasibətinizi bildirin, polemikaya, fikir mübadiləsi aparmağa həmişə hazıram.
İrəlidə dərslik müəlliflərinə tövsiyyəmi vermişəm. Sonda Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və DİM-ə bir tövsiyəm ( doğrudur onlar diyəcəyimi nəzərə alıblar-lakin həmin tədbirlərə dəvət olunan müəllimlər daha çox fayda verən müəllimlər olmur) var-onlardan xahişim odur ki, dərsliklər çap olunmamışdan qabaq " dərslk portalı " nda fəal, daha çox dəqiq, dürüst təklifləri ilə çıxış edən müəllimləri dəvət etsinlər, bu vaxt həm TN, həm DİM, həm dərslik müəllifləri, həm də dərslikdən istifadə edən şagird, müəllim və valideynlər çox faydalanar - dərsliklər tənqidə az məruz qalar.