Ədəbiyyat

Forumlar » 9-cu sinif » Ədəbiyyat
Səhifələr: 1
RSS
Ədəbiyyat
“Ədəbiyyat” dərsliyinin (2012-ci ilə qədərki nəşrlər) müzakirəsi
IX sinif Ədəbiyyat dərsliyi (2012-ci il nəşri) haqqında iradlar.

Səhifə 3-də “Giriş”də müəlliflər sənətkarın öz əsərində təsvir olunanlara olan münasibətini şagirdin hələ oxumadığı,hələ tanış olmadığı,öyrənmədiyi materiala əsasən araşdırmağa cəhd etmişlər ki, bu qətiyyən düzgün hesab edilə bilməz.Yaxşı olardı ki,müəlliflər şagirdin aşagı siniflərdə keçdiyi materiallar əsasında bunu edə idilər.
Səhifə 14-də Səməd Vurğunun “Mən tələsmirəm” adlı fəlsəfi şeiri verilib.Bu seçim də uğurlu hesab oluna bilməz.Şeir şairin olduqca dərin həyati fəlsəfəsinin təcəssümüdür.Belə şeiri dərk etmək üçün zəngin həyat təcrübəsi tələb olunur.IX sinif şagirdindən bunu gözləmək ağılasığmazdır.Hələ bu misraların səslənməsi tam mənasız bir mənzərənin ortaya çıxması anlamındadır:
Sevgilim,qolunu boynuma dola!
Demə ki,yorğunam,ya qocalmışam.
Mənə elə gəlir ki,şərhə ehtiyac qalmadı.Mənimlə razılaşdınızmı?
Səhifə 20-də “Əsir Azərbaycanım”şeirində ilk iki bənd birləşdirilmişdir.Bu da ciddi səhvdir.
Səhifə31-də Hüseyn Cavidin “Ana” mənzum faciəsi verilib Bu,düzgün hesab edilməməlidir.Əsər olduqca dərin həyati məsələlər fonunda,təzadlarla dolu həyat burulğanları girdabında mürəkkəb şəkildə əks etdirilən hadisələrdən bəhs edir ki,yenə də IX sinif şagirdləri dərkindən uzaqda,kənardadır.
Səhifə 54-də Mikayıl Müşfiqin həyatında “Şəngül,Şüngül,Məngül”əsərinin Müşfiqə aid olduğu göstərilir,halbuki,bəzi mənbələrdə bu əsərin şairin atasına mənsub olduğu bildirilir.Mübahisəli fikirlər orta məktəbə ötürülməməlidir.
Səhifə 60-da məcazlar cox səthi verimişdir.Təəccüblüdür ki,dərin əsərləri şagirdlərin ixtiyarına çox böyük cəsarətlə ötürən müəlliflər məcaza gəldikdə bundan imtina etmişlər.Məcaz dilin şirinliyi,təsirliliyi,dərinliyi,gözəlliyi,imkanlar­ın sonsuzluğu və ifadə tərzinin qeyri-adiliyidir.Bu zəriflikdən,bu zənginlikdən,bu cazibədən vaz keçmək lazım deyildi.

Göyçay şəhər 6 № -li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
IX sinif Ədəbiyyat dərsliyi (2012-ci il nəşri) iradların davamı.

Səhifə 55-də Mikayıl Müşfiqin şeirindən bir parça,məncə,səhv verilib.
Xəlqi ilə titrəyən,xəlqi ilə gülən,-şəklində getmişdir.Olmalı idi:
Xəlqi ilə ağlayan....
Səhifə 71-də “Minnətsiz çörək”əsəri barədə mən bir neçə söz də demək istəyirəm.Söhbət Mirzə Valeh haqqında gedəcək Olduqca inanılmazdır ki,əsərdə bu qədər təriflənən bu müəllim-əsərdə mübaliğə səviyyəsində təsvir edilən bu şəxs, Hatəm xanın iki böyük oğlunu “alim”edən bu insan xanın üçüncü oğlu Gərayla heç cür dil tapa bilmir.Onun ərkəsöyünlüyünün öhdəsindən gəlməyi bacarmır,onun xarakterini yaxşılığa doğru dəyişdirməyi belə fikirləşmir-Qüdrətli bir şəxsiyyət bunu mütləq bacarmalı,bir uşağın əlində belə a c i z qalmalı deyildi.Yaxşı müəllim nəinki bir uşağın,bütöv bir auditoriyanın öhdəsindən gəlməyi peşəkarcasına öhd etməlidir.Bir sözlə,Valeh bir uşağın dilini tapmaq qədər aqil biri deyil.Əlbəttə,S.Rəhimov bu məsələyə sosialist yazıçı mövqeyindən yanaşdığı üçün belə bir fon alınmışdır,bugünün aspektindən baxdıqda isə biz tam başqa bir mənzərənin şahidlərinə çevrilirik.Əsər həmin təsir gücünü i t i r – məkdədir.Yəni bu əsəri orta məktəbdən çıxarmağın əsl məqamıdır.
Səhifə 128-də belə bir ideya verilib”Dünya düzəlməsə,insan düzəlməz”Mən bu fikirlə qətiyyən razılaşmıram.Bu ideya belə verilməli idi:”İnsan düzəlməsə,dünya düzəlməz”.Axı ,hörmətli alimlər,dünyanın ədalətsiz,haqsız,rəzalətlə dolu olmasının səbəbi ağ evlər,müəssisələr,şirkətlər,ofislər,idarələr,məktə­blər,xəstəxanalar və s. deyil,həmin binalarda fəaliyyətdə olan i n s a n l a r d ı r.Ona görə də dünyanı gözəlləşdirənlər də,dünyanı dözülməz edənlər də məhz insanlardır.Dünya o vaxt gözəlləşər ki,bütün insanlar bunu dərk etsinlər.
Səhifə 130-da mühüm bir səhv var:Meşəbəyi mahnının sözlərini səhv oxuyur-nələr deyil, kimlər oxunmalı idi.”Kimlər gəldi,kimlər getdi bu dünyadan,bu dünyadan”.Nələri törədən məhz k i m – l ə r d i r.
Səhifə 168-də “Bu gecə yuxumda Arazı gördüm” şeirinin II və III bəndləri birləşmiş halda gedib ki,bu da kobud bir səhvdir.
Səhifə 187-də “Bülbülün nağılı”verilib.Bu əsəri düzgün dərk etmək üçün ən azı ömrü yarı eləmək lazımdır.Yəni bu əsərin IX sinfə verilməsi uğurlu hesab edilə bilməz.Təsadüfi deyil ki,əsərin təhlilində də müəyyən səhvlərə yol verilmişdir.Belə ki,əsas ideyanı heç müəlliflərin özləri belə düzgün müəyyənləşdirə bilməmişlər.İlk öncə,bülbüldən başlamışlar.Halbuki əsərin əsas ideyası i n s a n l ı q , insanın necə yaşaması-onun qüruru,xarakteri,şərəfi,keçdiyi ömür yolunun n e c ə l i y i-bir sözlə, i n s a n l ı q f ə l s ə f ə s i d i r-insanın xislətidir.
Səhifə 190-da bir sözün yaılışı səhvdir.Oyuq əvəzinə ovuq getmişdir.201-ci səhifədə də kölgə əvəzinə gölgə verilib ki,əslində,bunlar özü də kobud səhv hesab olunmalıdır,çünki qəbul imtahanına hər il yanlış yazılan,yaxud düz yazılan sözləri müəyyənləşdirmək tələbini qoyan müəllimlər özləri də bu qaydaya yaxşı olardı ki,riayət edə idilər.
Dərslikdə dil məsələləri ilə bağlı mühüm səhvlər də vardır.Gələn yazımda o məsələlər öz əksini tapacaqdır.
Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
IX sinif “Ədəbiyyat” dərsliyi (2012-ci il nəşri) haqqında iradların davamı.

Biz indi aşağıdakı mühüm dil məsələlərinə toxunacağıq:
1.Səhifə 9-da “Ana” şeirinin lüğətində səcdə sözünün mənası diz çökmək kimi tərcümə olunub.Bu,olduqca böyük bir səhvdir.Səcdə itaət,ibadət etmək,pərəstiş etmək mənalarında verilməli idi.Səhifə 10-da mütləqa sözünün tərcüməsi mütləq,əlbəttə kimi göstərilib.Amma əsla kimi getməli idi.
2.Səhifə 71-də “Minnətsiz çörək” əsərində belə bir cümlə verilmişdir:Adillə Aqil araya düşüb atalarından rica edirdilər ki,Mirzə Valehi öz kefinə buraxsın.Kef sözü bu məqamda nə qədər öz yerindədir?Məgər müəllimləri bu ağa balalarına beləmi danışıq,nitq mədəniyyəti öyrətmişdi?
3.Səhifə 83-də “Bir gəncin manifesti” əsərindən verilmiş parçada boran seyrəlmiş ifadəsini işlətmək nə dərəcədə doğru hesab edilə bilər?Külək seyrəldi-deyirik,boran səngimişdi olmalı idi.
4.Səhifə 130-da İsa Hüseynovun “Zəhər”əsərində bir neçə səhv var:
a).Meşədə qəribə sükut vardı.Nə bir quş ötürdü,nə də bir yarpaq tərpənirdi.-cümləsi olduğu kimi təkrar olunub.(Əsər bu cümlələrlə başlayır.)
b).Göy ürgənin zəhərlənməsi -....bu nə möcüzə idi?-ifadəsi ilə əks olunub.Pozitiv,müsbət mənalarda işlənən möcüzə sevimli bir varlığın zəhərlənməsi fonunda verilə bilərdimi?Bu çox böyük bir xətadır.Belə qüsurlar əsərin təsir gücünü dərhal azaldır.
c).Əsərdə sovxoz sözü dəfələrlə təkrarlansa da,bu sözün mənası açılmayıb.Axı bu söz rus dilindən keçmədir.Az qala arxaik sözə çevrilmişdir.Həm də rus dilində bu söz mürəkkəb sözdür.Düzdür,yuxarı sinif Azərbaycan dili dərsliyində bu sözün mənası verilib,IX sınifdə isə şagird bunu necə öyrənə bilər?
d).132-ci səhifədə döş sözü vardır ki,IX sinifdə bu sözün səslənməsinə yol vermək heç cür yaramaz.Bu vaxt sinifdə həm qızlar,həm də oğlanların olduğunu nəzərə alsaq,bunun düzgün olmadığını hamı qəbul edər.
Həmçinin həmin səhifədə yuxarı hissədə elə ifadə işlənib ki,mən o ifadəni burada heç verə bilmirəm.Buyurub özünüz də baxa bilərsiniz.Orta məktəbdə hər bir dil məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır.
e).Səhifə 204-də “Hacı Murad”əsərində də bir neçə dil səhvi vardır.
a).təntənəli sükut ifadəsi mənfi situasiyada təqdim olunmuşdur.Halbuki təntənə sözü pozitiv məqamlarda ifadələnməli idi.
b)İndi bir cümləni nəzərlərinizə verəcəyəm ki,səhv tərcüməni özünüz də hiss edəsiniz:Yusif indi də qəlbində imama qarşı xüsusi bir ehtiram hissi olduğu halda qonaq otağına girib qapının ağzında dayandı.Şərhə ehtiyac yoxdur.
c).Bir cümlədə isə əvəzlik düzgün tərcümə olunmayıb.Onu əvəzinə səni tərcümə olunub ki,bu da dolaşıqlığa gətirir.
Onu da qeyd edim ki,mən ədəbiyyat dərsliklərində hər bir mövzudan sonra verilən təhlillərlə heç cür razılaşmıram.Gələn şərhimdə mən təhlil qaydasını verəcəyəm ki, həmin qaydaya əsasən həm müəllimlər,həm də şagirdlər heç bir çətinlik çəkmədən istənilən hər hansı bir əsəri təhlil edə biləcəklər.
Göyçay şəhər 6 № -li Məhəmməd Füzuli adına tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
1."Səhifə 3-də “Giriş”də (2012-ci il nəşri) müəlliflər sənətkarın öz əsərində təsvir olunanlara olan münasibətini şagirdin hələ oxumadığı,hələ tanış olmadığı,öyrənmədiyi materiala əsasən araşdırmağa cəhd etmişlər ki, bu qətiyyən düzgün hesab edilə bilməz.Yaxşı olardı ki,müəlliflər şagirdin aşagı siniflərdə keçdiyi materiallar əsasında bunu edə idilər."

“Aşağı” sinfin materialları əvvəlki siniflərdə öyrənilib. “Giriş” yeni dərs ilində öyrəniləcək mövzulara həsr olunub. Burada ayrıca əsər öyrədilmir, əsərin yazılma səbəbi ilə bağlı izahat verilir. “Giriş”də M.İbrahimovun “Gələcək gün” romanını yazmağa sövq edən səbəblər müəllifin öz sözləri ilə izah edilib. Odur ki, şagirdin anlamayacağı heç bir şey yoxdur.
“Giriş” də ümumiləşdirmə və fərdiləşdirmə ilə bağlı nəzəri fikirlərin dərsliyə daxil edilmiş əsərlərin nümunəsində şərh edilməsi metodik baxımdan daha məqsədəuyğundur. Müəlliflər bu mövzu ilə bağlı sual və tapşırıqlarda şagirdlərin özlərinin oxuduqları əsərlərdən nümunələr seçməsinə üstünlük vermişlər: “Oxuduğunuz bədii əsərlərdə həyat həqiqətlərinin əks olunmasına dair nümunələr seçib dəftərinizə yazın”, “Bədii əsərdə qəhrəmanın fərdiləşdirilməsi və ümumiləşdirilməsinə dair faktlar seçib dəftərinizə yazın” və s.
2. "Səhifə 14-də Səməd Vurğunun “Mən tələsmirəm” adlı fəlsəfi şeiri verilib.Bu seçim də uğurlu hesab oluna bilməz.Şeir şairin olduqca dərin həyati fəlsəfəsinin təcəssümüdür.Belə şeiri dərk etmək üçün zəngin həyat təcrübəsi tələb olunur.IX sinif şagirdindən bunu gözləmək ağılasığmazdır.Hələ bu misraların səslənməsi tam mənasız bir mənzərənin ortaya çıxması anlamındadır:
Sevgilim,qolunu boynuma dola!
Demə ki,yorğunam,ya qocalmışam.
Mənə elə gəlir ki,şərhə ehtiyac qalmadı. Mənimlə razılaşdınızmı?"

Bilməlisiniz ki, dərslik Təhsil Nazirliyinin təsdiq etdiyi proqram əsasında yazılır. Müəlliflərin proqram mövzularını dəyişməyə ixtiyarı yoxdur.Nəzərə almaq lazımdır ki, şagirdlər artıq VIII sinifdə Nizami, Nəsimi, Füzuli, Sabir və digər klassiklərimizin həyat həqiqətlərini əks etdirən bədii əsərləri ilə tanışdır. “Mən tələsmirəm” dünyadan vaxtsız köçəcəyini hiss edən şairin həyat sevgisini, öz dostlarına, sevgilisinə münasibətini əks etdirən əsər kimi dəyərlidir və gənclərin mənəvi-estetik tərbiyəsində mühüm rol oynayır.
Rəyçinin nəzərinə çatdırırıq ki, hələ keçən əsrdə IX sinifdə tədris olunan N.Gəncəvinin “Xosrov və Şirin”, M.Füzulinin “Leyli və Məcnun” poemaları, məhəbbət qəzəlləri gənc nəslə milli-mənəvi dəyərlərin aşılanmasında böyük rol oynayırdı. İndi isə sizin qarşınızdakı XXI əsrin gəncidir. Lirik qəhrəmanın - şairin öz sevgilisinə müraciətində heç bir qəbahət yoxdur.

3. "Səhifə 20-də “Əsir Azərbaycanım”şeirində ilk iki bənd birləşdirilmişdir.Bu da ciddi səhvdir."

İrad qəbul edilir. Səhv dərsliyin yeni nəşrində düzəldilib.

4. "Səhifə 31-də Hüseyn Cavidin “Ana” mənzum faciəsi verilib Bu,düzgün hesab edilməməlidir. Əsər olduqca dərin həyati məsələlər fonunda, təzadlarla dolu həyat burulğanları girdabında mürəkkəb şəkildə əks etdirilən hadisələrdən bəhs edir ki,yenə də IX sinif şagirdləri dərkindən uzaqda,kənardadır."

Dərslik Təhsil Nazirliyinin təsdiq etdiyi proqram əsasında yazılır. Müəlliflərin proqram mövzularını dəyişməyə ixtiyarı yoxdur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Ana” əsərində müasir dövrdə də aktuallığını saxlayan, şagirdlərdə ciddi maraq oyadan, onları düşündürən mənəvi- əxlaqi problemlər qoyulub. Əsərdə gənclərin qarşılıqlı münasibətləri, Qanpoladın öldürülməsinin səbəbləri, ananın öz oğlunun qatilinə münasibəti dərsdə diskussiya üçün zəngin material verir. Biz XXI əsrin gənclərini belə həyati problemlərdən təcrid etməməli, onun düzgün həlli yollarını axtarmağa istiqamətləndirməliyik.
İraddakı” Əsər olduqca dərin həyati məsələlər fonunda,təzadlarla dolu həyat burulğanları girdabında mürəkkəb şəkildə əks etdirilən hadisələrdən bəhs edir ki,yenə də IX sinif şagirdləri dərkindən uzaqda,kənardadır” üslubca qüsurlu olan cümləni oxucu bir neçə dəfə oxuduqdan sonra da başa düşmür. Onu yalnız fəhmlə anlamaq mümkün olur.
5. "Səhifə 54-də Mikayıl Müşfiqin həyatında “Şəngül,Şüngül,Məngül”əsərinin Müşfiqə aid olduğu göstərilir,halbuki,bəzi mənbələrdə bu əsərin şairin atasına mənsub olduğu bildirilir.Mübahisəli fikirlər orta məktəbə ötürülməməlidir."

Mikayıl Müşfiqin “Şəngül, Şüngül, Məngül”əsəri müəllifin öz sağlığında- 1934-cü ildə “Azərnəşr” tərəfindən 10 000 nüsxə tirajla ayrıca kitab şəklində nəşr olunub. Ədəbi-elmi ictimaiyyətdə də əsərin müəllifinin M.Müşfiq olması ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Bax:“Azərbaycan yazıçıları” . Ensiklopedik məlumat kitabı.Bakı:Önər, 1995, s.321. Müasir Azərbaycan ədəbiyyatı”. I cild. Bakı: BDU-nun nəşri, 2007.s.192-210.

6."Səhifə 60-da məcazlar cox səthi verimişdir.Təəccüblüdür ki,dərin əsərləri şagirdlərin ixtiyarına çox böyük cəsarətlə ötürən müəlliflər məcaza gəldikdə bundan imtina etmişlər.Məcaz dilin şirinliyi,təsirliliyi,dərinliyi,gözəlliyi,imkanlar­ın sonsuzluğu və ifadə tərzinin qeyri-adiliyidir.Bu zəriflikdən,bu zənginlikdən,bu cazibədən vaz keçmək lazım deyildi."

Məcazlar haqqında nəzəri məlumat proqramın tələbinə uyğun verilir. Proqramda şagirdlərin məcazlar haqqında V-VIII siniflərdə öyrəndiklərinin dərinləşdirilməsi nəzərdə tutulur. Müəlliflər 1 səhifə həcmində nəzəri məlumatda bu tələbi əsas götürmüşlər. Yaradıcı müəllim dərs dediyi sinfin səviyyəsinə uyğun olaraq, nəzəri materialla bağlı sual və tapşırıqlar tərtib etməli, praktik iş aparmalıdır.
7."Səhifə 55-də (2012-ci il nəşri) Mikayıl Müşfiqin şeirindən bir parça,məncə,səhv verilib.
Xəlqi ilə titrəyən,xəlqi ilə gülən,-şəklində getmişdir.Olmalı idi:
Xəlqi ilə ağlayan.."

Dərslikdə şeirdən verilən parça düzdür. Bax:M.Müşfiq. Seçilmiş əsərləri. Tərtib edəni və redaktoru G.Hüseynoğlu. Bakı: Maarif, 1983., səh.8.

8. "Səhifə 71-də “Minnətsiz çörək”əsəri barədə mən bir neçə söz də demək istəyirəm.Söhbət Mirzə Valeh haqqında gedəcək Olduqca inanılmazdır ki,əsərdə bu qədər təriflənən bu müəllim-əsərdə mübaliğə səviyyəsində təsvir edilən bu şəxs, Hatəm xanın iki böyük oğlunu “alim”edən bu insan xanın üçüncü oğlu Gərayla heç cür dil tapa bilmir.Onun ərkəsöyünlüyünün öhdəsindən gəlməyi bacarmır,onun xarakterini yaxşılığa doğru dəyişdirməyi belə fikirləşmir-Qüdrətli bir şəxsiyyət bunu mütləq bacarmalı,bir uşağın əlində belə aciz qalmalı deyildi.Yaxşı müəllim nəinki bir uşağın,bütöv bir auditoriyanın öhdəsindən gəlməyi peşəkarcasına öhd etməlidir.Bir sözlə,Valeh bir uşağın dilini tapmaq qədər aqil biri deyil.Əlbəttə,S.Rəhimov bu məsələyə sosialist yazıçı mövqeyindən yanaşdığı üçün belə bir fon alınmışdır,bugünün aspektindən baxdıqda isə biz tam başqa bir mənzərənin şahidlərinə çevrilirik.Əsər həmin təsir gücünü i t i r – məkdədir.Yəni bu əsəri orta məktəbdən çıxarmağın əsl məqamıdır."

Süleyman Rəhimovun bu hekayəsi dərsliyə proqrama uyğun olaraq daxil edilib. İrad əsassızdır.Hekayə həyat həqiqətini əks etdirir. Əslində rəyçinin “Yaxşı müəllim nəinki bir uşağın,bütöv bir auditoriyanın öhdəsindən gəlməyi peşəkarcasına öhd etməlidir” cümləsi də, ifadə etmək istədiyi fikrin özü də qüsurudur. Cəmiyyətdə mənəviyyatsız insanların olmasının günahını yalnız müəllimdə görmək nə dərəcədə düzgündür?
Məgər görkəmli pedaqoqlar çətin tərbiyə olunan uşaqlar barədə azmı yazıblar? Yazıçıdan Pavlik Morozov obrazı yaratmaq tələbi “sovet adamının” düşüncə tərzindən başqa bir şey deyildir.

9. "Səhifə 128-də belə bir ideya verilib”Dünya düzəlməsə,insan düzəlməz”Mən bu fikirlə qətiyyən razılaşmıram.Bu ideya belə verilməli idi:”İnsan düzəlməsə,dünya düzəlməz”.Axı ,hörmətli alimlər,dünyanın ədalətsiz,haqsız,rəzalətlə dolu olmasının səbəbi ağ evlər,müəssisələr,şirkətlər,ofislər,idarələr,məktə­-blər,xəstəxanalar və s. deyil,həmin binalarda fəaliyyətdə olan i n s a n l a r d ı r.Ona görə də dünyanı gözəlləşdirənlər də,dünyanı dözülməz edənlər də məhz insanlardır.Dünya o vaxt gözəlləşər ki,bütün insanlar bunu dərk etsinlər."

Dərslikdə həmin cümlə belədir: Muğanna təxəllüsü ilə son illərdə çap etdirdiyi silsilə romanlarda sənətkar “Dünya düzəlməsə, insan düzəlməz” ideyasını, planetimizi gözləyən fəlakətdən qurtuluş yolunu, kainat həqiqətlərini açmağa səy göstərir.”
Rəyçinin nəzərinə İsa Muğannanın bu məsələ ilə əlaqədar aşağıdakı fəlsəfi fikrini çatdırırıq: “Müharibə, aclıq, səfillik və sair bəlalar, yer üzündə nə dərd-azar varsa, hamısı Div irsidir. “Tütək səsi”, “Quru budaq”, “Saz”, “Doğma və yad adamlar”, “Faciə”, “Kollu Koxa”, “Başa düşə bilmirəm,” “Şəppəli,” “İdeal”, “Ədəbiyyat” – üç cildliyə daxil olan əsərlər Div irsindən törəyən bəlalardan qurtuluş yoluna həsr olunub.”
Göründüyü kimi, sənətkar dünyanın düzəlməsini insanın şər mənbəyi olan div irsindən xilas olması ilə əlaqələndirir.

10. "Səhifə 130-da mühüm bir səhv var:Meşəbəyi mahnının sözlərini səhv oxuyur-nələr deyil, kimlər oxunmalı idi.”Kimlər gəldi,kimlər getdi bu dünyadan,bu dünyadan”.Nələri törədən məhz k i m – l ə r d i r."

İrad əsassızdır. Əsərdə bu cümlə belədir: İndi o, ürəyində oxuyurdu. Nələr gəldi, nələr getdi, bu dünyadan, bu dünyadan, - deyirdi”. İsa Muğanna “Zəhər” hekayəsində məhz belə yazıb. Rəyçinin iradını qəbul etmək sənətkarın müəllif hüquqlarına zidd olardı. Hekayəni diqqətlə oxuyanda müəllif niyyətini başa düşürsən. Hekayədə meşəbəyi Mirqasım ürəyində bu sözləri oxuyanda məhz dünyada baş verənləri, şahidi olduğu, barışmadığı hadisələri nəzərdə tutur. Bunu onun aşağıdakı sözlərindən də görmək olar: “Belə-belə işlər, ay göy ürgə! Belə-belə işlər! – deyə öz-özünə danışmağa başladı. – Deməli, gecə yatırıq, qalxırıq, bu da eləyir iki gün. Üç deyən günü lent kəsilir, şlüz açılır, su gəlir, meşəmiz qalır suyun altında...”
Təcrübə göstərir ki, bu əsəri maraqla oxuyan şagirdlər obrazın hiss və düşüncələrini asanlıqla duyur və qavrayırlar.
11. "Səhifə 168-də “Bu gecə yuxumda Arazı gördüm” şeirinin II və III bəndləri birləşmiş halda gedib ki,bu da kobud bir səhvdir."

İrad qəbul edilir.

12. "Səhifə 187-də “Bülbülün nağılı”verilib.Bu əsəri düzgün dərk etmək üçün ən azı ömrü yarı eləmək lazımdır.Yəni bu əsərin IX sinfə verilməsi uğurlu hesab edilə bilməz.Təsadüfi deyil ki,əsərin təhlilində də müəyyən səhvlərə yol verilmişdir.Belə ki,əsas ideyanı heç müəlliflərin özləri belə düzgün müəyyənləşdirə bilməmişlər.İlk öncə,bülbüldən başlamışlar.Halbuki əsərin əsas ideyası i n s a n l ı q , insanın necə yaşaması-onun qüruru,xarakteri,şərəfi,keçdiyi ömür yolunun n e c ə l i y i-bir sözlə, i n s a n l ı q f ə l s ə f ə s i d i r-insanın xislətidir."

Xalq yazıçısı Elçinin bu hekayəsi dərsliyə proqram əsasında salınıb. Dərslik müəllifinin proqramı dəyişməyə ixtiyarı yoxdur. Rəyçinin iddia etdiyi kimi, dərsliyin müəllifləri hekayənin ideyasını müəyyənləşdirmək və şagirdlərə hazır şəkildə təqdim etmək məqsədi güdməmişlər. Bunun əvəzinə “Əsərin təhlilinə hazırlaşın” başlığı altında şagirdlərə əsərin müstəqil təhlili üçün sual və tapşırıqlar təqdim olunmuşdur. Şagirdlərə əsərin müzakirəsinin məntiqi yekunu kimi axırda bu sualla müraciət edilir: “Əsərdə kiçik bir quşcuğazın taleyini, tacirin həyatını təsvir etməkdə yazıçının niyyəti nədir?” Göründüyü kimi, əsərin ideyasını şagird özü müəyyənləşdirməlidir.
Rəyçinin müəyyənləşdirdiyi, ümumi sözlərdən ibarət olan ideya (Əsərin ideyası ....insanlıq fəlsəfəsidir, insanın xislətidir” ) səhvdir.
Bədii mətnin üzərində şagirdlərini düşündürməyi bacaran müəllimin yetirmələri bu əsəri çətinlik çəkmədən qavrayır və ona əsaslandırılmış münasibət bildirirlər. Belə müəllimə də, şagirdə də həmin qəbildən əsəri dərk etmək üçün ömrü yarı etmək lazım gəlmir.

13. "Səhifə 190-da bir sözün yaılışı səhvdir.Oyuq əvəzinə ovuq getmişdir.201-ci səhifədə də kölgə əvəzinə gölgə verilib ki,əslində,bunlar özü də kobud səhv hesab olunmalıdır,çünki qəbul imtahanına hər il yanlış yazılan,yaxud düz yazılan sözləri müəyyənləşdirmək tələbini qoyan müəllimlər özləri də bu qaydaya yaxşı olardı ki,riayət edə idilər."
Birinci irad əsassızdır. Sənətkar əsərdə oyuq yox, ovuq yazıb. Dəyişiklik etmək müəlliflik hüququna ziddir. Bax.Elçin. Seçilmiş əsərləri.10 cilddə. 1-ci cild. Bakı: .«Çinar-Çap» nəşriyyatı, 2005, s. 152.
“Kölgə” sözü ilə bağlı irad qəbul edilir.Texniki qüsurdur, şagirdlər bunu dərhal anlayır.
14. "Səhifə 9-da (2012-ci il nəşri) “Ana” şeirinin lüğətində səcdə sözünün mənası diz çökmək kimi tərcümə olunub.Bu,olduqca böyük bir səhvdir.Səcdə itaət,ibadət etmək,pərəstiş etmək mənalarında verilməli idi.Səhifə 10-da mütləqa sözünün tərcüməsi mütləq,əlbəttə kimi göstərilib.Amma əsla kimi getməli idi."


İrad əsassızdır. Dərslikdə “səcdə” sözünün izahı şeirin mətnindəki mənaya uyğun verilib. İzahlı lüğətdə “ səcdə” sözünün iki mənası göstərilir: 1. Namazda alnını möhürə söykəyib dua oxuma. 2. Səcdə etmək – qabağında baş əymək, təzim etmək. Bax.Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə. IV cild. Bakı: Şərq-Qərb, 2006.səh. 69.
Rəyçinin təklif etdiyi mənalardan yalnız “ibadət “ sözü lüğətdə göstərilib ki, onun da mənası şeirdəki fikirlə uzlaşmır.
15. "Səhifə 71-də “Minnətsiz çörək” əsərində belə bir cümlə verilmişdir:Adillə Aqil araya düşüb atalarından rica edirdilər ki,Mirzə Valehi öz kefinə buraxsın.Kef sözü bu məqamda nə qədər öz yerindədir?Məgər müəllimləri bu ağa balalarına beləmi danışıq,nitq mədəniyyəti öyrətmişdi?"

İrad əsassızdır. Dərslik müəllifinin xalq yazıçısı Süleyman Rəhimovun yazdığı cümlələri öz bildiyi kimi redaktə etməsi, dəyişiklik aparması müəlliflik hüququna ziddir. Əslində həmin söz obrazlara yox, müəllifə aiddir.
16. "Səhifə 83-də “Bir gəncin manifesti” əsərindən verilmiş parçada boran seyrəlmiş ifadəsini işlətmək nə dərəcədə doğru hesab edilə bilər?Külək seyrəldi-deyirik,boran səngimişdi olmalı idi."
İrad əsassızdır. Dərslik müəllifinin qüdrətli sənətkarımız Mir Cəlalın yazdığı cümlələri öz bildiyi kimi redaktə etməsi, dəyişiklik aparması müəlliflik hüququna ziddir. Dilimizdə “külək seyrəldi” ifadəsi işlədilmir.
17. "Səhifə 130-da İsa Hüseynovun “Zəhər”əsərində bir neçə səhv var:
a).Meşədə qəribə sükut vardı.Nə bir quş ötürdü,nə də bir yarpaq tərpənirdi.-cümləsi olduğu kimi təkrar olunub.(Əsər bu cümlələrlə başlayır.)
b).Göy ürgənin zəhərlənməsi -....bu nə möcüzə idi?-ifadəsi ilə əks olunub. Pozitiv,müsbət mənalarda işlənən möcüzə sevimli bir varlığın zəhərlənməsi fonunda verilə bilərdimi?Bu çox böyük bir xətadır.Belə qüsurlar əsərin təsir gücünü dərhal azaldır.
c).Əsərdə sovxoz sözü dəfələrlə təkrarlansa da,bu sözün mənası açılmayıb.Axı bu söz rus dilindən keçmədir.Az qala arxaik sözə çevrilmişdir.Həm də rus dilində bu söz mürəkkəb sözdür.Düzdür,yuxarı sinif Azərbaycan dili dərsliyində bu sözün mənası verilib,IX sınifdə isə şagird bunu necə öyrənə bilər?"

A)İrad əsassızdır.Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) dil və üslubuna müdaxilə müəlliflik hüququna ziddir. Eyni zamanda rəyçi bilməlidir ki, bədii əsərdə təkrirlər fikrin təsir gücünü qüvvətləndirir.
B) İrad əsassızdır. Rəyçi mətni təhrif edib. İsa Hüseynovun yazdığı mətndə belədir: “O, ömrünün qırx ilini at belində olmuşdu, meşəni qarış-qarış gəzmişdi. Onun zehnində min bir çiçək, ot adı vardı. Bu min bir ad içərisində “asırğal” çox az-az yada düşürdü. Çünki bu, zəhərli bitki onun meşəsindən uzaqlarda, dağlarda bitirdi. Elə isə... bu nə möcüzə idi? Ürgə nədən zəhərlənmişdi? Bəlkə heç zəhərlənməmişdi?” Göründüyü kimi, böyük sənətkarımız İsa Hüseynovun bu cümlələrində heç bir məntiqsizlikdən söhbət gedə bilməz.
C) “Sovxoz” sözünün mənasının lüğətdə verilməsi təklifi qəbul edilir.
18."132-ci səhifədə döş sözü vardır ki,IX sinifdə bu sözün səslənməsinə yol vermək heç cür yaramaz.Bu vaxt sinifdə həm qızlar,həm də oğlanların olduğunu nəzərə alsaq,bunun düzgün olmadığını hamı qəbul edər.
Həmçinin həmin səhifədə yuxarı hissədə elə ifadə işlənib ki,mən o ifadəni burada heç verə bilmirəm.Buyurub özünüz də baxa bilərsiniz.Orta məktəbdə hər bir dil məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. İrad əsassızdır.İsa Hüseynovun “Zəhər” hekayəsində cümlə belədir: Göy ürgənin belində belədən-belə çapırdın, saatda bir malı, heyvanı atın döşünə qatıb salırdın xalxala.”
Burada “döş” sözünü qeyri-etik ifadə saymaq olmaz. “Dağın döşü” demirikmi? S.Vurğun yazır: “Çıxır dağ döşünə körpə quzular, Baharın səsini əks edir sular.” Elə isə M.Ə.Sabirin “Əkinçi” şeirini də “Gahi başına, gah döşünə vurma qapımda” misrasına görə gərək şagird oxumasın .Başa düşmək olmur, bu sözdə hansı mənfi çalar var?
Bununla, eləcə də rəyçinin qeyd etmədiyi cümlə ilə bağlı qeyd etməliyik ki, IX sinif şagirdləri “Biologiya. İnsan” fənnini keçirlər. Həmin fənn üzrə dərslikdə insan skeletində oxla göstərilməklə böyük döş əzələsi, böyük sarğı əzələsi, budun ikibaşlı əzələsi göstərilir, hər birinin funksiyasına aid izahat verilir. Şagirdlər dərslikdən ifrazat sistemi, insanda çoxalma üzvləri və s. barədə zəruri biliklərə yiyələnirlər. (“Biologiya. İnsan” dərsliyi. səh. 92-99)


19. "Səhifə 204-də “Hacı Murad”əsərində də bir neçə dil səhvi vardır.
a).təntənəli sükut ifadəsi mənfi situasiyada təqdim olunmuşdur.Halbuki təntənə sözü pozitiv məqamlarda ifadələnməli idi.
b)İndi bir cümləni nəzərlərinizə verəcəyəm ki,səhv tərcüməni özünüz də hiss edəsiniz:Yusif indi də qəlbində imama qarşı xüsusi bir ehtiram hissi olduğu halda qonaq otağına girib qapının ağzında dayandı.Şərhə ehtiyac yoxdur.
c).Bir cümlədə isə əvəzlik düzgün tərcümə olunmayıb.Onu əvəzinə səni tərcümə olunub ki,bu da dolaşıqlığa gətirir."

“Hacı Murad” əsərinin tərcümə olunmuş mətnində dərslik müəllifinin düzəliş aparması tərcüməçinin müəlliflik hüququna ziddir. Eyni zamanda rəyçinin qüsurlu saydığı cümlələr də böyük rus yazıçısı L.N.Tolstoyun fikirləridir. Onları səhv tərcümə kimi qəbul etmək düzgün deyildir. Əgər “təntənəli sükut” ifadəsi əsərin orijinalında olduğu kimi tərcümə edilibsə, hansı məntiqsizlikdən söhbət gedə bilər. ” Yusif indi də qəlbində imama qarşı xüsusi bir ehtiram hissi olduğu halda qonaq otağına girib qapının ağzında dayandı” cümləsində tərcümə səhvi yoxdur, fikir mətn daxilində asanlıqla başa düşülür.
İddiasız , səmimi və səriştəli mövqedən yazılmış iradlara müəllif olaraq münasibət bildirmək, onlardakı fikirlərdən faydalanmaq həmişə iş prisipimiz olmuşdur.
Səhifələr: 1
Forumlar » 9-cu sinif » Ədəbiyyat