Azərbaycan dili

Forumlar » 9-cu sinif » Azərbaycan dili
Səhifələr: 1
RSS
Azərbaycan dili
“Azərbaycan dili” (2012-ci ilə qədərki variativ nəşrlər) dərsliklərinin müzakirəsi
IX sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradlar.

Bu iradlar aşağıdakılardır:
1.Səhifə 10-da- ananın ürəyi açıldı-cümləsi şəxssiz cümlə kimi verilib.Mən təklif edirəm ki, belə cümlələrin dilimizdə çoxluq təşkil etdiyindən onlar şəxssiz cümlə deyil,elə öz adı ilə,yəni frazeoloji cümlə adı ilə adlandırılsın.Çünki belə cümlələr üzvlərinə ayrılmayan cümlələrdir.
Onu da qeyd edim ki,bu səhifədə (10-səhifə)izah olunan mürəkkəb cümlə ilə baxmayaraq və bu sözlər kimi mürəkkəb cümlənin hesab olunduğu cümlələr arasında çox mühüm fərqlər özünü göstərməkdədir.Belə ki,qrammatik əsas dediyimiz predikativlik,əlbəttə,feli bağlamalara,qətiyyən,şamil edilə bilməz.
2.Səhifə 17-də tabesiz mürəkkəb cümlənin izahında tabesiz mürəkkəb cümlələrin bir-birindən eyni dərəcədə asılı olması fikri verilib.Bu,səhv fikir hesab edilməlidir.Çünki tabesiz mürəkkəb cümlələr bir-biri ilə tabesiz şəkildə,bərabərhüquqlu cümlələrin bağlanması əsasında qurulur.Bu fikrin sübutu kimi onu demək yerinə düşər ki,biz istədiyimiz tabesiz mürəkkəb cümlələrin komponentləri arasında nöqtə işarəsini qoyub,o biri tərəfini böyük hərflə yeni bir cümlə kimi yaza bilərik.Belə bir halda biz hansı asılılıqdan söz aça bilərik?
3. S əhifə18-də çox kobud bir səhvə yol verilib.Müəlliflər səhvən eyni mübtədalı,həmcins xəbərli sadə geniş cümləni tabesiz mürəkkəb cümlə kimi təqdim ediblər.Həmin cümləni yazıram-Elə özü deyir,özü də eşidirdi.Bu cümlədə özü hər iki cümlənin mübtədası olduğundan tabesiz mürəkkəb cümlə kimi götürülə bilməz.Çox təəccüblüdür ki,bu dərslik ilin ən uğurlu dərsliyi adına layiq görülmüşdür.Bu səhv kitabda getdiyindən,dərsliyin də ən uğurlu dərslik adı aldığından həmin səhvin necə böyük fəsadlara yol açacağı danılmazdır.Səhv dərslikdən çıxarılmalıdır.
4.Səhifə 18-də 38 №-li çalışmada da belə ciddi bir səhvə yenidən yol verilib ki, onu mütləq qeyd etmək lazımdır.Çalışmanın 14-cü cümləsi yenə də sadə cümlə olmasına baxmayaraq,tabesiz mürəkkəb cümlə kimi getmişdir.Cümləni qeyd edirəm:...14.Qulaqlarını qapıya tərəf şəklədi, heç nə eşitmədi.Bu cümlədə də mübtəda eynidir,yəni- O- cümlədə verilməsə də,hər iki cümlənin mübtədasıdır.Deməli,cümlə tabesiz mürəkkəb cümlə deyil,həmcins xəbərli sadə,geniş cümlədir.Mənə elə gəlir ki, müəlliflər səhvən heç nə sözünü mübtəda hesab etdiklərindən belə bir kobud səhvi düz kimi qələmə veriblər.
5.Səhifə 30-da müəlliflər yenə də ciddi bir səhvə yol veriblər.Belə ki,yalnız bir əlaqədən dərhal sonra Mürəkkəb cümlənin təhlil qaydası izah olunub.Əlbəttə,bu qayda bütün əlaqələrin izahından sonra verilməli idi.Bu,dərsliyin prinsiplərini kobud surətdə pozmaq deməkdir.

Göyçay şəhər Məhəmməd Füzuli adına 6№ -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
IX sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı

Səhifə 61-də Tabeli mürəkkəb cümlənin sintaktik təhlil qaydası verilib.Yenə də müəlliflər elmi ardıcıllığı gözləməyiblər.Bu qayda bütün budaq cümlələrin izahından sonra verilməli idi.
Səhifə 63-də 118 №-li çalışmanın 2-ci cümləsinə nəzər salaq:Kərim hədsiz dərəcədə çoxdanışan adamdır.Məncə,orta məktəb dərsliyinə daxil edilən hər bir cümlənin forması ilə yanaşı,həm də mənası da nəzərə alınmalı,hər cümlə dərsliklərə yol tapmamalıdır.
Səhifə 64-də çox ciddi səhvlərə rast gəlirik.Belə ki, iki cümlə səhvən tərzi-hərəkət budaq cümləsi kimi təqdim olunub.Gəlin baxaq:Hava elə isti idi ki,nəfəs almaq olmurdu.Əziz müəlliflər,bu cümlə tərzi-hərəkət budaq cümləsi hesab edilə bilməz.Çünki bu cümlə səbəb budaq cümləsidir.Gəlin bu cumləni sadə,geniş cümləyə çevirək:Hava isti olduğundan nəfəs almaq olmurdu.Başqa izahı verək:Havanın isti olması səbəb,nəfəs almağın mümkün olmaması isə bu səbəbdən yaranan nəticədir.Bu cümlənin tərzi-hərəkət budaq cümlə hesab edilməsi çox böyük bir səhv kimi nəzərə çarpır.Elə bacarıqsızdır ki, on saata bir işi görə bilmir.Bu cümlə də məhz həmin səhifədə,həmin dərsdə səhvən tərzi-hərəkət budaq cümləsi kimi verilib.Yenə də bu cümlənin səbəb budaq cümləsi olduğunu demək lazımdır.Sadə,geniş cümləyə çevirdikdə,biz bu fikrin sübutunu görürük-Bacarıqsızlığından on saata bir işi görə bilmir.Həm də onu da qeyd etməliyik ki, bu cümlələrin səbəb budaq cümləsi olduğunu görməmək mümkün deyil.Hər iki cümlədə I komponentlər(cümlələr) s ə b ə b, II komponentlər(cümlələr) I-nin səbəbindən doğan n ə t i c ə
dir.Deməli,hörmətli müəlliflər bu fikri mütləq nəzərə almalıdırlar.
64-cü səhifədə digər bir səhvi də qeyd etmək vacibdir.Müəlliflər izahda bəzən tərzi-hərəkət budaq cümləsinin i s m i xəbərlə də bağlı ola biləcəklərini qeyd edirlər.Unudurlar ki,o təqdirdə həmin cümlə mütləq t ə y i n b u d a q c ü m l ə s i hesab olunacaqdır.Gəlin fikrimizi sübut etmək üçün nümunələrə istinad edək:Qızıl gül elə güldür ki,təbabətdə ondan istifadə olunur.-Qızıl gülü elə qurudun ki,ətri itməsin.
Dərs səhv izah edildiyi üçün müəlliflər çalışmada da müəyyən səhvlərə yol verməli olublar.Belə ki,səhifə 65-də 123 № -li çalışmanın altı cümləsindən üçü səhvdir.Gəlin dediyimizi sübut edək:
Həmin çalışmanın ikinci cümləsini olduğu kimi yazıram:2.O, o qədər ayaqdan düşərdi ki,yerə uzanmaqla yuxuya getməyi bir olardı.Əziz müəlliflər,məncə, bu cümləni izah etməyə heç bir kəs çətinlik çəkməz.Yəni cümlənin,həqiqətən,səbəb budaq cümləsi olduğu göz qabağındadır.Həddindən artıq yorulmaq səbəb,bu yorğunluğun gətirdiyi ani yuxu isə nəticədir.Bunu görmək bu qədər çətindirmi?
Həmin çalışmanın dördüncü cümləsinə baxaq:4.Gənclik o qədər güclü, o qədər coşqun bir aləmdir ki,çox zaman nənələrin,dədələrin arzusundan asılı olmur.Hörmətli müəlliflərin bu cümləni tərzi-hərəkət budaq cümləsi hesab etmələri təəccüb doğurur.Bu cümlənin təyin budaq cümləsi olduğu göz qabağındadır.Heç bir şərhə də ehtiyac yoxdur.Yəni sadə cümləyə də çevirəndə,budaq cümlə təyinə çevriləcəkdir-Gənclik çox zaman nənələrin,dədələrin arzusundan asılı olmayan o qədər güclü,o qədər coşqun bir aləmdir.Hanı bu cümlənin zərfliklə əlaqəsi?
Həmin çalışmada beşinci cümlə də səhv verilib.Cümləni yazıram-5.Uşaq o qədər kövrəlmişdi ki, dindirəndə az qalırdı ağlasın.Bu cümlənin də səbəb budaq cümləsi olduğunu müəyyənləşdirmək elə də çətin olmamalıdır.Kövrəlmək səbəb,ağlamaq isə nəticədir.

Göyçay şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
IX sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.

Səhifə 65-də 124-cü çalışmanın 6-cı cümləsində də səhv getmişdir.Cümləni olduğu kimi yazıram:6.Şəkil o dərəcədə gözəl və təbii idi ki, adam gözünü çəkmək istəmirdi.Müəlliflər özləri də səhvən baş cümləyə nə dərəcədə? sualını vermişlər.Amma bu da onlara kömək olmayıb.Əslində,cümlənin səbəb budaq cümlə olması yenə də göz önündədir.Yəni şəklin gözəl olması səbəb,adamın şəkildən gözünü çəkmək istəməməsi bu səbəbdən yaranan nəticədir.
Mənim dediklərimin sübutu elə 77-ci səhifədə 149 № -li çalışmada müəlliflərin özləri tərəfindən təsdiqlənib.Həmin çalışmanın 1-ci cümləsinə nəzər salaq:1.Oğlan sevinir ki, daha onun üzünü danlamırdılar.Şübhəsiz,bu cümlə səbəb budaq cümləsi kimi çalışmaya daxil edilmişdir.Hətta bu cümləyə e l ə sözünü artırsaq belə,cümlə yenə də səbəb budaq cümləsi hesab edilməlidir.Bununla da mən dediyim fikir öz sübutunu tapır.Onu da qeyd edim ki,bu çalışmada qarışıq tipli tabeli mürəkkəb cümlələrin izahı verilməməsinə baxmayaraq, həmin qarışıq tipli mürəkkəb budaq cümlələr çalışmaya daxil edilmişdir ki,bunun özünü də səhv addım kimi qiymətləndirmək lazım gəlir.Söhbət çalışmadakı 12 –ci cümlədən gedir:12.Atasından dəfələrlə eşitmişdi ki,ilanı gördün öldür, öldürdün,basdırma,çünki ilan ulduz görməyincə ölməz.Orta məktəbdə qarışıq tipli mürəkkəb budaq cümlələrinə yer verimədiyindən bu cümlə dərsliyə salınmamalı idi.
Səhifə 97-də mütləq vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi zamanı alınan cümlənin tamamlıq budaq cümləsi olduğu vurğulanmalı idi.
Göyçay şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
Səhifələr: 1
Forumlar » 9-cu sinif » Azərbaycan dili