User Posts Bayramova Gülafət

Posts Of Bayramova Gülafət
until
Səhifələr: 1
6-ci sinif
DƏRSLİKLƏ BAĞLI PROBLEMLƏR

Müasir dövrdə həyatın bütün sahələrində,o cümlədən təhsildə baş verən dəyişikliklər insanda sosial istiqaməti formalaşdırmağa və bu baş verən dəyişikliklərə uyğun reaksiya verməyi tələb edir. Yeni pedaqoji-psixoloji yanaşmalar təlimin real həyatla sıx əlaqələndirlməsi, şagirdlərin meyil və maraqları əsasında qurulması, mənimsənilən bilik və bacarıqlarının qiymətləndirilməsi kimi mühüm məsələlər də köklü dəyişikliyə gətirib çıxardı. Kurikulumun nəzəri və tətbiqi məsələləri ilə bağlı dərsliklərdə, metodiki vəsaitlərdəki çatışmazlıqlar da yeni təlim metodunun mənimsənilməsində, sözsüz ki, müəyyən çətinliklər yaradır. Məsələn: V sinif Azərbaycan dili dərsliyində 4-cü, yəni “Tarixi-mədəni abidələr” bölməsində “Kiş Alban məbədi” mövzusuna 2 saat vaxt ayrılıb. 1saat – mətn və lüğət üzrə iş, 1saat da dil qaydası üzrə ismin hallarına ayrılıb. Doğrudur, aşağı siniflərdən isim haqqında şagirdlərin müəyyən dərəcədə ilkin məlumatları olsa da bu dərsin mənimsənilməsi üçün praktika göstərdi ki, ibtidai siniflərdən 5-ci sinfə keçən şagirdlərin bilik səviy yəsi o qədər də qənaətbəxş deyil. Belə olduqda bu kimi mövzuların mənimsənilməsində gözlənilən nəticələri almaq olmur. Ənənəvi metodda ismin hər bir halı üçün 1saat vaxt ayrılırdı. Təbii ki, yeni metodun bir çox üstünlükləri var, idrakı fəallığı artırmağa xidmət edir. Ancaq çox yaxşı olardı ki, 1dərs saatı ismin hallarının ümumi izahına verildiyi halda,1dərs saatı da yiyəlik ,yönlük ,təsirlik hallarında baş verən fonetik dəyişkənliyi və qeyri-müəyyən yiyəlik ,qeyri-müəyyən təsirlik hallarının mənimsənilməsinə ayrılsın. Belə olsa, VI sinifdə “İsim” mövzusunu keçəndə dərsin tam mənimsənilməsində şagirdlərin ciddi prolemləri olmayacaq. Bundan əlavə nitq hissələrindən düzəltmə isim, sifət, felləri əmələ gətirən şəkilçilər haqqın da ilkin məlumat verilmir. Ancaq Azərbaycan dili dərsliyində səh.107-108-də “Dil qaydaları üzrə təkrar” bölməsində sözdüzəldici şəkilçilər olan sözləri seçmək tapşırığı verilib. Səh.112-də “Konkret və mücərrəd” isimlər haqqında qayda verilib. Tapşırıqlar isə (səh.112) çalışma 13-14-də mücərrəd isimlərə leksik şəkilçi artırmaqla konkret isimlərin düzəldilməsi (və yaxud əksinə) tələb olunur. Fellərlə bağlı da kifayət qədər iradlar qeyd etmək olar. Fellərin şəxsə görə dəyişməsini şagirdlər o zaman məqsədəuyğun şəkildə mənimsəyə bilər ki, dərslikdə ismin mənsubiyyətə və şəxsə görə dəyişməsinə də yer verilmiş olardı.
VI sinif Azərbaycan dili dərsliyində səh.17-də düzəltmə isimlər haqqında qayda verilib ki, müxtəlif nitq hissələrinə leksik şəkilşilər artırmaqla düzəlir. Və bir neçə nümunə göstərilib. Səh.18-də çalışma №7-də deyilir ki, çərçivədə verilmiş sözləri müvafiq bəndlərə uyğun seçib yazın:
A) isimdən düzələn isimlər,
B) sifətdən düzələn isimlər,
C) feldən düzələn isimlər.
Məsələ burasındadır ki, şagirdlərin çoxu leksik şəkilçiləri bilmədikləri üçün tələb olunan tapşırığı yerinə yetirə bilmir. Təklifim budur ki ,səh.21-də ismin mənsubiyyətə görə dəyişməsi və səh.39-da ismin şəxsə görə dəyişməsi - xəbərlik şəkilçiləri cədvəldə necə göstərilibsə, isimdən, sifətdən, saydan, feldən isim düzəldən şəkilçilərin də göstərilməsi məqsədəuyğun olardı. Səh.88-də işarə əvəzlikləri haqqında məlumat verilir. Ancaq “elə, belə” əvəzliyinin nə zaman sifət, nə zaman zərf yerində işlənməsi izah edilmir. Bundan əlavə səh.84-85-də şəxs əvəzlikləri haqqında məlumat və tapşırıqlar verilir, ancaq isimlə şəxs əvəzliklərinin oxşar və fərqli cəhətləri göstərilmir. Bu kimi xüsusiyyətlər cədvəl şəklində yazılıb, onlara aid çalışmalar da verilsə məqsədəuyğun olar.
VI sinif ədəbiyyat dərsliyində səh.7-10-da Rəşid bəy Əfəndiyevin “Elm tükənməz xəzinədir” və “Şah Abbas və iki vəzir” mətnləri verilib. Hər mətndən sonra səh.8 və səh.10-11-də həmin mətnləri əhatə edən test sualları verilib. Yəni, indiyə qədər hansı oxu bacarıqlarına yiyələnməyi dəqiqləşdirmək üçün bu çox yaxşıdır. Ancaq dərslikdə bundan başqa heç bir mətnin və ya bölmənin sonunda testlərə yer verilməyib. Yaxşı olardı ki, bu kimi testlərə bölmələrin sonunda da yer verilsin. Dərsliklər nə qədər standartlara cavab versə, şagird nailiyyətləri də gözlənilən nəticələr səviyyəsində olar.

Gəncə şəhər 28 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
yazıçı-publisist, təlimçi
Gülafət Bayramova
Səhifələr: 1