User Posts Şirəliyev Cəbrayil

Posts Of Şirəliyev Cəbrayil
until
Səhifələr: 1
Riyaziyyat
Əziz Ədalət müəllim, hər vaxtınız xeyir olsun. Sizin fikirlərinizlə tam razılaşıram ki, müzakirələrdə məqsədimiz dərsliklərimizi nöqsansız görmək, Azərbaycanda təhsilin inkişafına xidmət etməkdir. Sıradan hər hansı nəşr məhsulunda mətbəə xətası gedə bilər. Lakin elə nəşr məhsulları var ki, kiçik xəta belə yolverilməzdir. Məsələn: Orfoqrafiya lüğətləri, sorğu ədəbiyyatları, Qanunlar toplusu, ensiklopediyalar və s. Dərslik, dərs vəsaitləri də bu qəbildən olan nəşrlərdəndir. Nəzərə alsaq ki, dərslik və dərs vəsaitləri kütləvi nəşr olunur və ən azı 4-5 il istifadə üçün nəzərdə tutulur, onda məsələnin ciddiliyi meydana çıxır. Ən azından səhvlərlə dolu dərslikləri kütləvi nəşr etmək, ona sərf edilən iqtisadi resurslsrı israfçılıqla, əhəmiyyətsiz korlamaqdır. Məhz buna görə, hər bir xırda detalın da müzakirəsinə diqqətlə yanaşılmalı, təklif edilən düzəlişlər analiz edilərək, məqbul olan fikirlər yeni nəşrlərdə mütləq nəzərə alınmalıdır. Ona görə bu müzakirələri çox əhəmiyyətli hesab edirəm.
İndi isə "Riyaziyyat 6" dərsliyinin 55-ci səhifəsində çalışma 16-da "saman tayası" ifadəsinə qayıdaq.
Azərbaycan dilinin izahlı lüğətindən:

saman : is. Taxıl döyüldükdən və təmizləndikdən sonra qalan çöpşəkilli hissəciklər, xırda-xırda doğranmış küləş. Saman sənin deyil, samanlıq ki sənindir. (Ata. sözü). Qorxurdular ki, atlarımız üçün arpa, saman, özümüz üçün yemək alıb, parasını verməyəcəyik. H.Nəzərli. Calal .. saman tayasının arasında .. mağarayabənzər daldalıq bir yer düzəltmişdi. S.Vəliyev.
taya : is. Üst-üstə yığılmış ot, taxıl, saman, odun və s. qalağı (yığını). Taxıl tayası. Küləş tayası. – Bir tərəfdən tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. C.Məmmədquluzadə. Evin yanında bir taya təndir odunu var idi. B.Talıblı. _ Taya basmaq (vurmaq) – taxılı, odunu və s.-ni bir yerə toplayıb taya düzəltmək. Pambıqdan taya vurmaq. – Məşədi İslam taya basırdı. Mir Cəlal. Bir taya – çox, çoxlu. Bir taya çirk paltar.
küləş : is.Taxıl döyüldükdən sonra qalan quru çöplər; iri saman. Dəni küləşdən ayırmaq. Damı küləşlə örtmək. – Məşədi Ağakişi əlində yaba küləşi eşələyib qarışdırır. C.Məmmədquluzadə. Məktəb binası köhnə, üstü küləşlə örtülmüş yastı-yapalaq bir dam idi. Q.İlkin. // Bəzən həsir mənasında. [Zirzəmiyə] küləş şlyapalı uzun bir adam girdi. S.Vəliyev
Rusiyada baş vermiş bir hadisə haqqında xəbər:

1. Rusiyanın Zabaykalye vilayətinin qadın sakini yaxın tanışının həyətindəki saman tayasına od vurub.
Diqqətinizə görə minnətdaram. Sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar diləyirəm!
Riyaziyyat
Çox hörmətli Ədalət müəllim, hər vaxtınız xeyir olsun. 01.01.2016 tarixdə VI sinif "Riyaziyyat" dərsliyi ilə bağlı maraqlı təkliflərinizi diqqətlə oxudum. Hesab edirəm ki, fikirlərinizin əvvəlində dərsliyin tam adı, müəllifləri haqqında məlumat, nəşr tarixi və nəşriyyatın adını qeyd etməyiniz daha məqsədəuyğun olardı.
Məsələn: Sevda İsmayılova, Arzu Hüseynova
Riyaziyyat
Ümumtəhsil məktəblərinin6-cı sinfi üçün dərslik
Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2013, 208 səh.
Bu məlumatların qeyd edilməsi, söhbətin hansı nəşrdən getdiyini aydınlaşdırmaq baxımından əhəmiyyətli olmaqla bərabər, həm də müəlliflərin tanınması, buraxılan səhvlərdə onlarla bərabər nəşriyyatın da məsuliyyət daşımalı olduğunu göstərmək baxımından əhəmiyyətlidir. Bundan başqa qeyd edilən dərslik 2015-ci ildə təkrar nəşr edilmiş, qeyd edilən nöqsanların böyük bir qismi yeni nəşrdə düzəldilmişdir. Ədalət müəllim qeyd etdiyiniz nöqsanlarıa tam razıyam və dərslikdə bu qədər nösanların olmasını pis hal hesab edirəm. Çalışmaq, elə bir yol tapmaq lazımdır ki, buraxılan nöqsanlar minimuma ensin. Olsan nöqsanlar da xırda orfoqrafik və ya mətbəə xətası olsun. Düzdür, bunlar da olmasa daha yaxşı olar. Amma az qala hər səhifədə hansısa səhvin olması dərsliyin dəyərini aşağı salır, ona inamı azaldır. Təklif edirəm ki, dərsliklər nəşr ediləndən sonra deyil, nəşr olunana qədər müzakirə olunmalıdır. Əvvəllər dəsliklərdə düzəliş səhifəsi olurdu. Yaxud səhifənin onda biri, bəlkə də daha kiçik ölçülü düzəliş əlavə edilirdi. Bu da əvvəlcədən hansı səhifədə, hansı abzasda, hansı sətirdə, hansı sözün və ya rəqəmin səhv getdiyini və əslində necə oxunmalı olduğunu həm şagirdlərə, həm də tədrislə məşğul olan müəllimlərə bildirməklə nə qədər rahatliq yaradır, lüzumsuz vaxt itkisinin qarşısını alırdı. İndi isə dərsliklər nəşr edildikdən sonra müzakirə başlanır, təkrar nəşrdə isə təklif olunan düzəlişlər ya hamısı nəzərə alınmır, ya da düzəliş edilərkən yeni səhvlərə yol verilir.
Sizin qeyd etdiyiniz səhifə ardıcıllığı ilə "Riyaziyyat 6" dərsliyinin 2013-cü il nəşri və 2015-ci il nəşri arasında fərqləri qeyd edirəm.
1) Səhifə 29, çalışma 9-da 2013-cü il nəşrində, nəinki "Ə" hərfinə, eyni zamanda "F" və "Z" hərflərinə də uğğun çalışma yoxdur. Bu nöqsan 2015-ci il nəşrində aradan qaldırılıb.
2) Səhifə 47, məsələ 20. 2015-ci il nəşrində ölçülərin nisbəti 5:3:2 kimi deyil, 5:4:2 kimi verilib
3) Səhifə 55, çalışma 16. Mən də hesab edirəm ki, saman tayası da ola bilər. Hər iki nəşrdə belə gedib.
4) Səhifə 59, məsələ 12. Şəkildə olan uyğunsuzluq 2015-ci il nəşrində aradan qaldırılıb.
5) Səhifə 61, məsələ 7. 2015-ci il nəşrində "uzunluqlarının cəmi" yazmaqla düzəliş edilib.
6) Səhifə 64, məsələ 12. Hər iki nəşrdə məsələ eyni verilib. Ədalət müəllim, mən də sizin kimi, hesab edirəm ki, şagirdlərə təklif olunan dərsliklərdə biliklər bir biri ilə uzlaşmalıdır.
7) Səhifə 65, məsələ 6. Sizinlə razıyam. Karamel fabriki daha ümumidir.
8) Səhifə 72, məsələ 4. Hər iki nəşrdə məsələ eyni verilsə də hesab edirəm ki, şərtdə uyğunsuzluq var.
9) Səhifə 100, çalışma 13.2015-ci il nəşrində "4-ə bölünmür" ifadəsi, "5-ə bölünmür" kimi yazılıb.
10) Səhifə 104, çalışma 12. Hər iki nəşrdə məsələ eyni verilsə də hesab edirəm ki, iradınızda haqlısınız.
11) Səhifə 107, məsələ 18. 2015-ci il nəşrində "190 detal" ifadəsi, "257" detal ifadəsi ilə əvəz edilib.
12) Səhifə 112, IV abzasda izahatın qüsurlu olmasında haqlısınız.
13) Səhifə 131, çalışma 3(b) 2015-ci il nəşrində "OK=8 m" ifadəsi, "OK=8 mm" ifadəsi ilə dəyişdirilib.
14) Səhifə 134 məsələ 5. 2015-ci il nəşrində bu məsələnin cavabı "Kəsişmir" yazılaraq düzəldilib.
15) Səhifə 139, məsələ 15. Hər iki nəşrdə məsələ eyni cür verilib. Şərtə dəyişiklik etmək lazımdır.
16) Səhifə 147, məsələ 7 Hər iki nəşrdə məsələ eynidir. Düzbucaqlının eninin uzunluğundan qısa veriməsi daha məqsədəuyğundur.
17) Səhifə 183, məsələ 18. Köhnə nəşrdəki səhv aradan qaldırılsa da, yeni nəşrdə yalnız bir cavab verilib.
18) Səhifə 191, məsələ 93 Hər iki nəşrdə məsələ eynidir. Lakin dəyişdirilməsi lazımdır
19) Qurma məsələləri haqqında fikirlərinizlə də tam şərikəm.
Azərbaycan təhsilinin inkişafı naminə hər bir müəllimə, təhsil işçisinə, ziyalıya səmərəli fəaliyyətində uğurlar arzulayır, can sağlığı diləyirəm! Bahar bayramınız mübarək! Uğurlar!
Səhifələr: 1