User Posts Bayramov Paşa

Posts Of Bayramov Paşa
until
Səhifələr: 1
Riyaziyyat
Dərsliyin 173-cü səhifəsində boz fonda a) bəndində belə bir cümlə verilib. “Bu halda onun kökü boş çoxluqdur” Fikrimcə bu ifadə düzgün deyil. Çünki tənliyin kökü çoxluq deyil. Çoxluğun bir elementidir. Müəllif bu fikrə aydınlıq gətirsə yaxşı olardı. Ümumiyyətlə dərslikdə olan səhvlər və burada qeyd edilən iradlarla bağlı müəllifin fikirlərini bilmək maraqlı olardı.
6-ci sinif
Səhifə 79-da 6-cı tapşırığın c, ç və d bəndləri verilmiş tələbə uyğun deyil. Həmçinin
b) bəndinin dərsliyin sonunda verilmiş cavabında həllər çoxluğunda “–7” verilməməlidir.
ç) bəndinin cavabı {7;8;...}” əvəzinə “{...;–8;–7}”
d) bəndinin cavabı isə “{90;91;...}” əvəzinə “{91;92;...}” kimi qeyd olunmalıdır.
e) bəndinin (“2-dən böyük, 3-dən kiçik”) dərsliyin sonundakı cavabı {3;4;...} kimi verilib. Şərtdən də göründüyü kimi bu cavab səhvdir. Doğru cavab isə boş çoxluqdur.

Səhifə 81-də 13-cü tapşırığın a) bəndinin mətni belədir: “–1008-dən kiçik, –1010-dan böyük tam ədədlərin cəmini tapın.” Bu şərti ödəyən yeganə tam ədəd –1009-dur. Şərtdə isə tam ədədlərin cəmi soruşulduğundan aralıq elə seçilməli idi ki, orada ən azı iki tam ədəd olsun. Ona görə də seçilmiş aralıq düzgün verilməlidir.
6-ci sinif
“Riyaziyyat 6” dərsliyi “Riyaziyyat 5” dərsliyindən nisbətən daha yaxşı yazılmışdır. Ancaq burada da coxlu nöqsanlar var. İstər mövzuların izahında, istərsə də tapşırıqların dəqiqliyində. Bunlardan əlavə tapşırıqların dərsliyin sonunda verilmiş doğru cavablarının əksəriyyəti adına əks olaraq səhv verilmişdir. Bu heç də az əhəmiyyət kəsb etmir. Müəllim dərs zamanı hər hansı tapşırığı həll edir (və ya şagirdlər həll edir). Sonda isə şagirdlər maraq üçün dərsliyin sonunda verilmiş cavablara baxaraq müəlimin cavabının səhv olduğu qənaətinə gələ bilərlər. Axı hamıda belə bir inam var ki, dərslik səhv yazıla bilməz. Cavabların səhv verilməsi aşağıdakı hallara səbəb ola bilər:
1. Müəllim (və ya şagird) həmin tapşırığı yenidən həll etməli olur.
2. Əgər tapşırığın həlli çox vaxt aparırsa bu əlavə vaxt itkisinə gətirir.
Ona görə də dərslik yazılarkən və ekspertlər tərəfindən yoxlanılarkən bu hallar aradan qaldırılmalı idi. Bunlara müəlliflərin münasibətini bilmək mənim üçün eləcə də digər müəllimlər üçün maraqlı olardı.
6-ci sinif
5-ci sinif riyaziyyat dersliyində verilmiş mövzuları şagirdlər sərbəst şəkildə mənimsəməkdə çətinlik çəkirlər. İzahlar qəliz şəkildə verilmişdir. Müəllimlər də mövzuları tərdris edən vaxtı müəyyən çətinliklərlə rastlaşırlar. Mövzular üzrə yeni keçilmiş dərsin möhkəmləndirilməsinə aid çalışmalar yox dərəcəsindədir. Tapşırıqlar sadədən mürəkkəbə doğru sıralanmayıb. Məsələn, səhifə 83-də "Onluq kəsrlərin toplanması və çıxılması" mövzusuna aid cəmi 4 çalışma (2 misal, 2 məsələ) verilib ki, bununla da ilk dəfə tədris olunan bu mövzunu şagirdlər mənimsəməkdə çətinlik çəkirlər. Mövzulara aid əlavə vəsaitlərin olmasına baxmayaraq yada salaq ki, heç də bütün valideynlərin imkanı daxilində deyil ki, övladlarını onlarla təmin etsinlər. Ona görə də dərslik elə şəkildə tərtib olunmalıdır ki, zərurət yaranmadığı halda digər vəsaitlərə müraciət olunmasın. Yəni orada tapşırıqların sayı kifayəq qədər olmaqla yanaşı yararlı olmağı ilə də seçilsin. Ümid edirik ki, gələcəkdə yeni yazılacaq dərsliklərdə bu nəzərə alınacaq. Bu portal vasitəsi ilə hamı öz fikrini bildirməklə, bu prosesde yaxından aktiv şəkildə iştirak etməklə öz tövhəsini verə bilər. Yəqin ki cari dərslik müəllifləri və gələcəkdə müəllif olmaq istəyənlər də bu fikirləri oxumaqla bundan nəticə çıxararlar. Hamıya uğurlar!
“Dərslik portalı” haqqında fikir və təkliflər
Bu portalın təşəbbüskarlarına ilk öncə təşəkkür etmək istəyirəm. Bu portal pedaqoji ictimaiyyət arasında yaxşı mənada əks-səda doğuracaq. Hər kəs dərsliklərimiz haqqında öz fikirlərini burada yazmaqla bu prosesda yaxından iştirak edəcək. Portala gələcək fəaliyyətində uğurlar arzulayır və onun həmişə öncüllərdən olacağına inanıram.
Səhifələr: 1