V sinif “Ədəbiyyat” dərsliyi (2012-ci il nəşri) barədə yeni fikirlər.
Bədii əsəri təhlil etmək qaydası.Aşağıdakıları öyrənməklə istənilən hər hansı bir əsəri təhlil etmək,həm də müstəqil təhlil etmək olduqca asandır.
Bədii təhlil aparılarkən bunları bilmək vacibdir:
1.Əsərin daşıdığı ideya,yaxud ideyalar.(İdeya-müəllifin demək istədiyi fikir,yaxud fikirlərdir.Əsər kiçik olanda bir,əsər böyük olduqda bir neçə ideya yarana bilir.)Mən dərs keçəndə V sinifdən başlayaraq hər bir dərsdə sinfə belə bir sualla müraciət edirəm:
-Əziz balalar,biz ideyanın nə olduğunu artıq bilirik.Kim deyə bilər,sizcə.müəllif bu əsərlə bizə hansı ideyanı təlqin etmək istəyir?Tələsməyin,fikirləşin,iki dəqiqə vaxt verirəm.
İki dəqiqə sonra əllər qalxmağa başlayır.Olduqca maraqlı fikirlər səslənir.Bu proses şagirdlərin çox xoşuna gəlir.
2.Əsərin adı.Əsərə ad verərkən müəllif çox diqqətli olmalıdır.Bəzən əsərin adı oxucunu dərhal cəlb edir.Düzdür,ad hər şeyi həll edə bilməz,amma yaxşı əsərin adı da cazibəli olmalıdır ki,oxucunu maraqlandırsın.Yenə də sinfə müraciət edirəm:
--Əziz uşaqlar,əsərin adı niyə məhz belə qoyulmuşdur?
Uşaqlar düz cavab verirlər.Mən izah edirəm ki, əsərin adı seçilərkən müəllif bu variantlardan yararlanır:
a).Əsərə çox vaxt baş qəhrəmanın adı verilir.
b).Çox nadir hallarda əsər mənfi qəhrəmanın adını daşıyır.
c).Bəzən əsərin adı məzmunla bağlı olur.
3.Əsərin mövzusu.Mən sinfə müraciət edirəm:
--Əziz şagirdlər,deyə bilərsinizmi,əsərin əsas mövzusu nədir?
Uşaqlar bəzən düz cavab verirlər.Özüm şərh verirəm. Mövzular cürbəcür olur:vətənpərvərlik,qəhrəmanlıq,tarixi,sevgi,kənd,şəhər,təbiət,müharibə,dostluq,siyasi,ictimai,məişət,neft,əmək,sülh,ölkələrarası münasibətlər-diplomatiya və s.Onu da qeyd edim ki,mövzular əsərin taleyində mühüm rol oynayır.
4.Əsərin janrı.V sinifdə şagirdlər yalnız əsərin nəsr,yaxud nəzmlə yazıldığını bilməlidirlər.Yuxarı siniflərdə isə artıq şagirdlərin bilik səviyyələri artdıqca onlar əsərin lirik,epik,yaxud dramatik janrını da göstərməli,həmçinin əsərin konkret növünü də(qoşma,bayatı,gəraylı,sayaçı sözü,holavar,layla,rəvayət,əfsanə,mif,əsatir,ustadnamə,cahannamə,hekayə,novella,povest,roman,pyes və s. olduğunu)göstərməyi bacarmalıdır.
5.Əsərdə surətlər(personajlar,obrazlar) qalereyası.Bu vaxt əsərdəki bütün obrazlar sadalanmalıdır(müsbət və mənfi olmaqla hamısı birlikdə).
6.İndi yalnız müsbət obrazlar sadalanmalıdır.Bu vaxt şagirdlər özləri əsərdəki bütün müsbət obrazları sadalamaqla,həm də bu obrazlardan hansının baş qəhrəman olmasını da sərbəst şəkildə müəyyənləşdirə bilirlər.Mən əlavə olaraq qeyd edirəm ki,baş qəhrəman hər kəs ola bilməz.Baş qəhrəman bəzi meyarlara,etalonlara sahib olmalıdır-xalqının xoşbəxtliyini daim düşünməli,öncül-lider olmalı,ətrafına səadət,işıq-nur saçmalı,yeri gələndə öz amalları uğruna ölməyi də bacarmalıdır.
7.Mənfi obrazlar-tiplər haqqında danışmaq məqamıdır.Şagirdlər mənfi tipləri asanlıqla müəyyənləşdirə bilirlər.Onlar bu proseslərdən olduqca xoşlanırlar.
Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.