User Posts İsmayilov Rafiq

Posts Of İsmayilov Rafiq
until
Səhifələr: 1
Azərbaycan dili
Moderator, Dərslərin şərhində fənlərarası inteqrasiyaya toxunulur. Planlaşdırmada bunu qeyd etmək vacib deyil.
Azərbaycan dili
Moderator, Müasir təhsil sisteminə görə dil qaydaları məqsəd deyil, nitq bacarıqlarının inkişafına xidmət edən vasitədir. Dərslikdə o qaydalara müraciət olunur ki, onlar düzgün danışmağa və yazmağa xidmət etsin.
2-ci sinif
Məmmədova Sehranə, Söz birləşməsi ilə bağlı tapşırıqlar 4.1.6. Cümləni digər nitq vahidlərindən fərqləndirir. standartına xidmət edir. Söz birləşmələri də nitq vahididir. Cümləni bu nitq vahidindən fərqləndirmək üçün şagirdlər söz birləşməsinin nə olduğunu bilməlidirlər.
2-ci sinif
Məmmədova Sehranə, Bu tapşırıq 4.1.4. standartına xidmət edir: Mətndə rast gəldiyi yeni sözlərin yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğətdən istifadə edir.
1-ci sinif
Məmmədova Sehranə, 1-ci sinif Azərbaycan dili dərsliyində X.Şirvaninin şeri verilməyib.
1-ci sinif
Məmmədova Sehranə, Səh. 43. Mətndəki adlar: Bayram, Aydın, Ayan, Maya - 2 oğlan, 2 qız.
Azərbaycan dili
Nərminə xanım, əgər 2-ci sinif dərsliyini nəzərdə tutursunuzsa, bu dərslikdə 1-ci bölmə ("Dəyərlərimiz") başdan-ayağa vətənpərvərlik mövzusundadır. 5-ci bölmədə "Şəhidlər xiyabanı", "Xocalı müsibəti" kimi mətnlər verilib. Dərsliyi bütövlükdə bu mövzuya həsr etmək pedaqoji cəhətdən düzgün deyil. 7 yaşlı uşağın maraq dairəsini nəzərə almaq lazımdır. Bir də ki, özünüz deyirsiniz, uşaqlarda ermənifobiya (yəqin, "ermənixobiya" deyəndə bunu nəzərdə tuturdunuz) yaratmaq olmaz.
Azərbaycan dili
Azərbaycan dilinin qrammatikasında cins kateqoriyası olmadığına görə bu yazılış düzgündür və Azərbaycan dili dərsliklərində bu prinsip gözlənilir. Bax: 6-cı sinif, səh. 10 (Günay müəllim), 8-ci sinif, səh. 25 (Çimnaz müəllim) və s. Doğrudur, danışıq dilində, publisistikada "müəllimə" sözü işlədilir. Ancaq qrammatik baxımdan bu, düzgün deyil. Bu məntiqlə Əməkdar Müəllim fəxri adı ilə yanaşı, Əməkdar müəllimə fəxri adı da təsis olunmalı idi. Və ya biz dərslik komplektinə daxil olan vəsaiti "Müəllim və müəllimələr üçün metodik vəsait" adlandırmalıyıq. Bir sözlə, mərhum, şair və s. sözlərə "ə" şəkilçisi artırmaqla cins kateqoriyasi yaratmaq düzgün deyil. Yalnız "katibə" sözü istisnadır, çünki o, "katib" sözündən yalnız cins kateqoriyasına görə deyil, mənasına görə fərqlənir.
Media mənsubları bilməlidirlər ki, dərsliyin dili publisistikanın dilindən fərqlənir. Burada qrammatikanın qayda-qanunlarına ciddi əməl olunmalıdır. Məsələn, jurnalist "əgər aparsaydı", "kaş gələydi" yaza bilər. Amma dərslik müəllifi "əgər aparsa idi", "kaş gələ idi" yazmalıdır, çünki qrammatik qaydalar belə tələb edir.
Azərbaycan dili
Alxasova Sevda,
Hörmətli Sevda xanım, əslində “inşa” və “esse” sözləri eyni məna daşıyır: müəyyən mövzuda yazılmış mühakimə xarakterli mətn. Sadəcə, biri ərəb, digəri fransız mənşəli sözdür. Kurikulumun təhsilimizə gəlişi ilə daha çox “esse” sözü işlənməyə başlandı, çünki bizim ənənəvi inşadan fərqli olaraq qərb yanaşmasında esse mövzusu mücərrəd olmamalıdır. O, konkret olmalı və şagirdə öz fikrini ifadə etmək üçün stimul verməlidir. Məsələn, əvvəllər biz şagirdə Novruz bayramı haqqında inşa yazmağı tapşırırdıq, o da müxtəlif kitablardan məlumatlar toplayıb kompilyativ mətn formalaşdırırdı. İndi isə deyirik: “Qulaq falı mərasimi haqqında esse yazın. Bu mərasimə öz münasibətinizi bildirin”. Münasibət bildirmək, müxtəlif mənbələrdən aldığı məlumatları ümumiləşdirmək, nəticə çıxarmaq essenin əsas tələbləridir.
O ki qaldı inşa/essenin həcminə, yaş qrupundan, sinfin səviyyəsindən, mövzudan asılı olaraq onun həcmi müxtəlif ola bilər.
Atalar sözlərinə görə çox sağ olun. Bizim baxışlarımız fərqlidir.
Azərbaycan dili
Məmmədova Aysel,
Rəyə görə Aysel xanıma təşəkkürümü bidirirəm. Qeyd etmək istərdim ki, 7-ci sinif şagirdi kifayət qədər söz ehtiyatına malikdir, lakin bu sözlərin əksəriyyəti məişətdə işlənən ümumişlək sözlərdir. Azərbaycan dili fənninin məqsədi hər il şagirdlərə onların yaş səviyyəsinə uyğun 100-120 elmi-intellektual məna tutumlu söz təqdim etməkdir. Belə olmasa, şagirdlər müxtəlif mövzularda sərbəst danışa və savadlı yaza bilməzlər. Bu məqsədlə “Altun kitab” nəşriyyatı “Məktəblinin alınma sözlər lüğəti”ni də nəşr etmişdir. Lüğətin elektron variantını azleks.az saytından əldə etmək olar.
Rəydə vurğulanan kontekst, silloqizim, debat, tezis istənilən fənnin tədrisində açar rolu oynayan sözlərdir. Bu sözlər arasında “sillogizm” müəllimlər üçün yeni söz ola bilər. Lakin məntiqli oxu texnikasına aid olan bu sözün izahı 6-cı sinifdə verilmişdir. Bu oxu texnikası ilə bağlı 6-7-ci siniflər üçün dərsliklərdə xeyli tapşırıqlar öz əksini tapır və müəllimlərin dediklərinə görə bu üsul şagirdlərdə oxuyub anlama bacarığının inkişafını sürətləndirir.
30-cu səhifədəki 5-ci tapşırıqda verilən sözlər də ümumişlək olan alınma sözlərdir: ekstremal vəziyyət, eqoizm, pisoxoloji məqam və s. Bu sözlər söz mücrüsü kimi verilir ki, şagirdlər tapşırılmış mövzuda yazarkən onlardan istifadə etsinlər, beləliklə, yazıda istifadə etdikləri söz ehtiyatı daha zəngin olsun.
57-ci səhifədəki 2-ci sual mətnlə illüstrasiya arasındakı fərqi müəyyənləşdirmək məqsədi güdür ki, bu da oxuyub anlama bacarığını inkişaf etdirən çalışma modellərindən biridir. Tapşırığın şərhi MMV-də verilmişdir.
143-cü səhifədəki 1-ci sual da əyləncəli xarakter daşısa da, oxuyub anlama bacarığının inkişafına xidmət edir. Əgər şagirdlər bu tapşırıqda təklif olunan “krestiki-noliki” oyununu oynaya bilsələr, deməli, mətnin bu suala qədər olan hissəsini başa düşüblər.
6-ci sinif
Yusifova Vüsalə,
Azərbaycan dili metafəndir. Bu fəndə əldə edilən bacarıqlar - dinləmə, danışma, oxu, yazı digər fənlərdə açar rolunu oynayır. Azərbaycan dili dərsindəki mətn üzərində işlə digər dərslərdəki analoji fəaliyyət arasında fərqlər var. Məqsəd, predmet fərqlidir. Digər fənlərdə məqsəd mətndəki məlumatları mənimsətməkdir. Azərbaycan dilində isə məlumatları mənimsəmək bacarığını formalaşdırmaqdır. Burada biliyin, informasiyanın yadda saxlanılması vacib deyil, onlar gələcəkdə qiymətləndirmə obyekti olmayacaq.
O ki qaldı qrammatikanın azlığına, kurikulumda dil qaydaları 6 əsas standartdan biridir (dinləmə, danışma, söz ehtiyatı, oxuyub anlama, yazı). Bu nisbətlə yanaşsaq, dil qaydalarına dərslikdə lazım olduğundan çox yer verilib. Bunun da səbəbi indiki dövrdə müəllimlərimizin digər standartlarla işləmə təcrübəsinin azlığıdır. Dil qaydaları məqsəd deyil, ədəbi dilin normalarına uyğun nitq bacarıqlarının formalaşdırılması üçün vasitədir.
6-ci sinif
Salmanova Xəyalə,
Fikrimcə, rəy söyləyənlər -malı, -məli şəkilçisindən ehtiyatla istifadə etməlidirlər (“uşağa ilk növbədə qrammatika mənimsədilmelidi”). Kurikulumun konsepsiyasını dərindən qavramadan rəy bildirərkən felin vacib şəklini işlətmək opponentləri həmişə qıcıqlandırır.
Dərslik yazarkən məqsədimiz odur ki, gələcəkdə uşaqlar “bədii şeirlər”, “qrammatikanı bilmədikləri halda etməli olacaqları tələb olunan çalışmalar”, “yararlı şəxsiyyət” kimi ifadələr işlətməsinlər. Yalnız qrammatikanı öyrətməklə buna nail olmaq mümkün deyil.
6-ci sinif
Administrator,

Yaxşı olar ki, siniflər daxilində fənlərin təsnifatı olsun. Hər bir şəxs onu maraqlandıran fənn üzrə şərhləri tez tapa bilsin.
6-ci sinif
Bayramova Gülafət, Administrator,

Kurikulum əsasında yazılmış müasir dərsliklər haqqında fikir yürüdərkən “ənənəvi dərsliklərdə belə idi, mövcud dərslikdə başqa cür” iradı əsassızdır. Qeydlərdə olan bir çox yanlışlıqlar da bu yanaşmadan irəli gəlir.
1. Gülafət xanim yazır ki, ənənəvi metodda ismin hər bir halı üçün 1saat vaxt ayrılırdı. İndiki dərslikdə isə ismin halları mövzusuna cəmi 1 saat vaxt ayrılıb. Ancaq çox yaxşı olardı ki, 1dərs saatı ismin hallarının ümumi izahına verildiyi halda, 1dərs saatı da yiyəlik ,yönlük ,təsirlik hallarında baş verən fonetik dəyişkənliyi və qeyri-müəyyən yiyəlik ,qeyri-müəyyən təsirlik hallarının mənimsənilməsinə ayrılsın.
Cavab: Əvvəla, ənənəvi yanaşmadan fərqli olaraq, Kurikulumda standartlar sinifdən-sinfə yüksələn inkişaf xətti üzrə təqdim olunur. Əgər əvvəllər “İsim” bəhsi 6-cı sinifdə öyrədilirdisə və həmin sinifdə bu mövzuya nöqtə qoyulurdusa, indi həmin mövzu ilə bağlı qaydalar sadədən mürəkkəbə doğru 5-ci, 6-cı, 7-ci və i.a. siniflərdə təqdim oluna bilər. Bu prinsipə uyğun olaraq 5-ci sinifdə biz ismin halları haqqında ümumi anlayışları təqdim etmişik. 6-cı sinifdə isə bu anlayışlar genişləndirilir və dərinləşdirilir, bu mövzuya 1 saat deyil, 4 saat ayrılır:
1 saat – Qeyri-müəyyənlik bildirən yiyəlik hal
1 saat - Qeyri-müəyyənlik bildirən təsirlik hal
1 saat – Söz kökündə saitin düşməsi
1 saat – Yönlük və çıxışlıq hallarında olan sözlərin tələffüzü.
2. Daha sonra qeyddə deyilir: “nitq hissələrindən düzəltmə isim, sifət, felləri əmələ gətirən şəkilçilər haqqında ilkin məlumat verilmir. Ancaq Azərbaycan dili dərsliyində səh.107-108-də “Dil qaydaları üzrə təkrar” bölməsində sözdüzəldici şəkilçilər olan sözləri seçmək tapşırığı verilib”.
Burada da müəlliflərin yanaşması fərqlidir. Məqsəd heç də, əvvəllər olduğu kimi, onlarla şəkilçini sadalayıb onları şagirdlərə əzbərlətmək deyil. Dərslikdə leksik və qrammatik şəkilçilərin fərqi, sözün başlanğıc forması, düzəltmə sözlər, bir sözlə, söz yaradıcılığı haqqında kifayət qədər məlumat verilir. Şagirdlər bu məlumatdan istifadə edərək sadə sözü düzəltmə sözdən fərqləndirməyi, düzəltmə sözdəki leksik şəkilçini müəyyən etməyi bacarmalıdır.
3. Digər bir qeyd: “Səh.112-də “Konkret və mücərrəd” isimlər haqqında qayda verilib. Tapşırıqlar isə (səh.112) çalışma 13-14-də mücərrəd isimlərə leksik şəkilçi artırmaqla konkret isimlərin düzəldilməsi (və yaxud əksinə) tələb olunur”.
Bu irad anlaşılmır. Leksik şəkilçinin köməyi ilə mücərrəd isimdən konkret isim (və əksinə) düzəltmək tapşırığı keçilən mövzuya tamamilə uyğundur və əvvəlki mövzu ilə (söz yaradıcılığı) inteqrasiya yaradır.
4. Başqa qeyd: “Fellərlə bağlı da kifayət qədər iradlar qeyd etmək olar. Fellərin şəxsə görə dəyişməsini şagirdlər o zaman məqsədəuyğun şəkildə mənimsəyə bilər ki, dərslikdə ismin mənsubiyyətə və şəxsə görə dəyişməsinə də yer verilmiş olardı”.
İsmin mənsubiyyətə görə dəyişməsi ilə felin şəxsə görə dəyişməsi arasında heç bir yaxınlıq yoxdur. Bunlar tamamilə fərqli qrammatik kateqoriyalardır. İsmin mənsubiyyətə və şəxsə görə dəyişməsi mövzusu 6-cı sinifdə tədris olunur.
5. “VI sinif Azərbaycan dili dərsliyində səh.17-də düzəltmə isimlər haqqında qayda verilib ki, müxtəlif nitq hissələrinə leksik şəkilşilər artırmaqla düzəlir. Və bir neçə nümunə göstərilib. Səh.18-də çalışma №7-də deyilir ki, çərçivədə verilmiş sözləri müvafiq bəndlərə uyğun seçib yazın:
A) isimdən düzələn isimlər,
B) sifətdən düzələn isimlər,
C) feldən düzələn isimlər.
Məsələ burasındadır ki, şagirdlərin çoxu leksik şəkilçiləri bilmədikləri üçün tələb olunan tapşırığı yerinə yetirə bilmir. Təklifim budur ki ,səh.21-də ismin mənsubiyyətə görə dəyişməsi və səh.39-da ismin şəxsə görə dəyişməsi - xəbərlik şəkilçiləri cədvəldə necə göstərilibsə, isimdən, sifətdən, saydan, feldən isim düzəldən şəkilçilərin də göstərilməsi məqsədəuyğun olardı”.
Yenə də müəllimə dərslikdə leksik şəkilçilərin sadalanmasını istəyir. Bizim isə məqsədimiz bu deyil. Məqsəd sözü kök və şəkilçiyə ayırmaq, düzəltmə sözün və onun kökünün hansı nitq hissəsinə aid olduğunu müəyyən etməkdir. Leksik şəkilçiləri əzbərləməklə bu bacarığa yiyələnmək mümkün deyil (heç lazım da deyil).
Səhifələr: 1