Dərsliklərin monitorinqi

Bu bölmədə yeni təhsil proqramları (kurikulumlar) və qüvvədə olan tədris proqramları əsasında hazırlanmış dərslik komplektləri və dərsliklərin elmi-metodiki monitorinqi nəticəsində formalaşdırılmış yekun rəylər, həmçinin açıq müzakirələr aparılmış seminarlar haqqında məlumatlar və seminarların internetlə yayımlanmış video çəkilişləri yerləşdirilir.
PDF

2012-2014-cü illərdə ümumtəhsil fənləri üzrə dərslik və dərs vəsaitlərinin ELMİ-METODİKİ MONİTORİNQİNİN NƏTİCƏLƏRİ



Dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin keçirilməsi haqqında                      

Dərslik siyasəti – təhsil sahəsində strateji əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu siyasətin məqsədi təhsilalanları dövlət standartları və təhsil proqramlarının (kurikulumların) tələblərinə uyğun olaraq bilik, bacarıq və vərdişlərə yiyələnməyə imkan verən resurslarla təmin etməkdir.  

Dərslik siyasətinin uğurla həyata keçirilməsinin əsas şərtlərindən biri onların hazırlanmasında və təkmilləşdirilməsində  şəffaflıq və aşkarlığın təmin edilməsi, bu işdə alimlərin, mütəxəssislərin, müəllimlərin, valideynlərin konstruktiv rəylərinin nəzərə alınmasıdır.

Bu məsələnin vacibliyi ilk növbədə və başlıca olaraq Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsasnaməsində dəyişikliklər edilməsi barədə verdiyi Fərmandan irəli gəlir. Həmin Fərmana əsasən, TQDK-ya ümumtəhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin aparılması vəzifəsi həvalə edilmişdi. Bunun davamı olaraq “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” (bundan sonra DİM) əsasında ümumtəhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin aparılması vəzifəsi həvalə olunub.

Elmi-metodiki monitorinqin məqsədi ümumtəhsil fənləri üzrə istifadə edilən dərslik və dərs vəsaitlərinin müəyyənləşdirilmiş meyarlar üzrə təhlili və qiymətləndirilməsidir.

Fərmanın icrası olaraq, Beynəlxalq təcrübəyə istinad edilərək, monitorinq mərhələlər üzrə aparılır. İlk mərhələdə derslik@tqdk.gov.az elektron poçtu və “Dərslik portalı” (derslik.edu.az) vasitəsilə pedaqoji ictimaiyyətin I-XI sinif dərslikləri barədə qeyd və təklifləri toplanılır. 

İkinci  mərhələdə dərslik komplektlərinin təhsil üzrə dövlət standartları və proqramlarının (kurikulumların) tələblərinə uyğunluğunun qiymətləndirilməsi aşağıdakı metodologiya, parametrlər və meyarlar  üzrə aparılır:

1. dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlərin hazırlanması;

2. pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair məlumatın  toplanması;

3. dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizasının keçirilməsi;

4. ictimaiyyətin və ekspertlərin rəylərinin müqayisəsi;

5. müqayisəli təhlilin nəticələrinin ümumi açıq müzakirəyə çıxarılması;

6. ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylərin dərslik müəlliflərinə təqdim olunması;

7. dərslik müəlliflərinin cavablarının müstəqil ekspertlər tərəfindən təhlili.

Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi dövlət standartları və fənn  proqramlarına (kurikulum­ları­na) uyğun olaraq 5 parametr üzrə həyata keçirilir: 

1. Məzmunun işlənməsi baxımından

2. Dil və yazı üslubu baxımından

3. Dizayn və bədii tərtibat baxımından

4. Tapşırıqların elmi-metodiki cəhətdən məzmuna uyğunluğu baxımından

5. Müəllim üçün metodik vəsaitin (MMV-nin) məzmunu baxımından

Beynəlxalq təcrübəyə istinadən, elmi-metodiki monitorinqin nəticəsi olaraq dərslik, dərs vəsaiti və digər tədris vasitələrinə yekun rəy əsas tutulmaqla, aşağıdakı üç formulada  qərar verilir:

İstifadəsi məqsədəuyğun hesab edilir və dövlət standartlarına uyğundur.

Yenidən təkmilləşdirilməlidir və dövlət standartlarına uyğunlaşdırılmalıdır.

İstifadəsi məqsədəuyğun deyil və dövlət standartlarına cavab vermir.   

Üçüncü mərhələdə elmi-metodiki monitorinqin keçirilməsi və açıq müzakirələrin aparılması üçün indiyə qədər fənlər üzrə fəaliyyət göstərən elmi-metodiki seminarlarla bərabər, ibtidai sinif müəllimlərinin də seminarları  təşkil edilir. 25 istiqamət üzrə elmi‑metodiki seminar fəaliyyət göstərir. Seminarlarda  Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrindən  müəllimlər, metodistlər, AMEA‑nın müvafiq sahələr üzrə mütəxəssisləri, psixoloqlar, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Təhsil İnstitutunun nümayəndələri  və  dərslik müəllifləri iştirak edirlər. Eyni zamanda,  DİM‑in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan  Regional bölmələri ilə videobağlantı yaradılır. Həmin bölgələrin müəllimləri və metodistləri də internet vasitəsilə müzakirələrdə iştirak edərək dərsliklər barədə qeyd və təkliflərini bildirirlər. Açıq müzakirələrin videoçəkilişləri aparılır və internet vasitəsilə  canlı yayımlanır.

Dördüncü  mərhələdə dərsliklərin ekspertizasını aparmaq üçün bu sahədə təcrübəsi olan, lakin monitorinqi aparılası dərsliklərin müəllifi olmayan mütəxəssislər sırasından ekspertlər seçilir. Onlar haqqında məlumat  “Elektron  məlumat baza”ya daxil edilir. Hazırda  bazaya  1244 nəfər ekspert haqqında məlumat daxil edilmişdir. Bunlardan:

tam orta təhsil məktəblərinin müəllimləri – 793 nəfər,

ali təhsil müəssisələrinin müəllimləri – 316 nəfər (o cümlədən: 44 nəfər professor; 195 nəfər dosent),

digər ekspertlərin sayı (psixoloqlar, müstəqil ekspertlər) -135 nəfərdir.

2012-ci ildən,  bir qayda olaraq, ekspertlər tərəfindən əvvəlcə dərsliklərin ilkin ekspertizası keçirilir, sonra ictimaiyyətdən daxil olan rəylərlə ekspertlərin rəylərinin müqayisəsi aparılır. Müqayisəli təhlilin nəticələri açıq ümumi müzakirəyə çıxarılır. Daha sonra ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunur. Dərslik müəlliflərinin bu rəylərə cavablarının müstəqil ekspertlər tərəfindən təhlili aparılır, nəhayət,  yekun rəylər tərtib olunub Təhsil Nazirliyinə göndərilir və bu portalda yerləşdirilir.

2012-2016-cı illərdə respublikanın ümumtəhsil məktəblərində istifadədə olan I-XI sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb. Yekun rəylər Təhsil Nazirliyinə göndərilib və “Dərslik portalı”nda yerləşdirilib. Bunlardan: I-IX sinif dərslik komplektləri (dərslik və müəllim üçün metodik vəsait) yeni təhsil proqramları (kurikulumları), X-XI sinif dərslikləri isə ənənəvi tədris proqramları əsasında hazırlanıb.