6-ci sinif

Müzakirələr

6-ci sinif, 6-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
6-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Portalın yaradılmasına görə TQDK-ya minnətdarlığımı­zı bildiririk. Axır ki, dərsliklər haqqında olan fikirlərimizi, qeydlərimizi söyləyə və bizi maraqlandıran suallara cavab tapa biləcəyik.
5-ci sinif riyaziyyat dersliyində verilmiş mövzuları şagirdlər sərbəst şəkildə mənimsəməkdə çətinlik çəkirlər. İzahlar qəliz şəkildə verilmişdir. Müəllimlər də mövzuları tərdris edən vaxtı müəyyən çətinliklərlə rastlaşırlar. Mövzular üzrə yeni keçilmiş dərsin möhkəmləndirilm­əsinə aid çalışmalar yox dərəcəsindədir. Tapşırıqlar sadədən mürəkkəbə doğru sıralanmayıb. Məsələn, səhifə 83-də "Onluq kəsrlərin toplanması və çıxılması" mövzusuna aid cəmi 4 çalışma (2 misal, 2 məsələ) verilib ki, bununla da ilk dəfə tədris olunan bu mövzunu şagirdlər mənimsəməkdə çətinlik çəkirlər. Mövzulara aid əlavə vəsaitlərin olmasına baxmayaraq yada salaq ki, heç də bütün valideynlərin imkanı daxilində deyil ki, övladlarını onlarla təmin etsinlər. Ona görə də dərslik elə şəkildə tərtib olunmalıdır ki, zərurət yaranmadığı halda digər vəsaitlərə müraciət olunmasın. Yəni orada tapşırıqların sayı kifayəq qədər olmaqla yanaşı yararlı olmağı ilə də seçilsin. Ümid edirik ki, gələcəkdə yeni yazılacaq dərsliklərdə bu nəzərə alınacaq. Bu portal vasitəsi ilə hamı öz fikrini bildirməklə, bu prosesde yaxından aktiv şəkildə iştirak etməklə öz tövhəsini verə bilər. Yəqin ki cari dərslik müəllifləri və gələcəkdə müəllif olmaq istəyənlər də bu fikirləri oxumaqla bundan nəticə çıxararlar. Hamıya uğurlar!
Biologiyadan yazılmış VI sinif dərsliyi ilə bağlı
müəyyən irad və təkliflər.
Əvvəlcədən dərslik müəlliflərinə böyük zəhmət hesabına ərsəyə gətirdikləri kitaba görə minnətdarlığımı bildirirəm. Həqiqətən böyük zəhmət çəkilib.
Dərslik haqqında aşağıda verəcəyim təhlil bir mütəxəssis kimi şəxsi qənaətlərimdir, ola bilər ki, müəlliflər bəzi fikirləri qəbul etməsinlər. Mənim məqsədim dərsliyi daha məzmunlu və daha sanballı görməkdir.
Dərsliyin dili sadə və anlaşılandır. Bioloji anlayışların izahında əsasən konkretlik var və bu anlayışlardan istifadə və tətbiqetmə düzgün verilmişdir.
Dərsliydə bəzi söz, termin və bioloji anlayışlardan istifadə zamanı zənnimcə müəyyən düzəliş, əlavə və izahatlara ehtiyac var.
Qeyd etdiyim kimi dərsliyin dili sadə və daha tez başa düşüləndir. Amma təlim öyrədici, tərbiyəedici və inkişaf etdirici olmalıdır. Hər hansı mürəkkəb hadisənin sadə dillə və elmi mahiyyətini itirmədən çatdırmaq müsbət haldır. Ancaq yaddan çıxmamalıdır ki, VI sinif şagirdinə 5 il “Həyat bilgisi” fənni keçilib. Müasir informasiya bolluğu şəraitində təhsil alan şagirdin tələbləri daha böyükdür. Ümumi ardıcıl təhlilə keçməzdən əvvəl konkret bir misal çəkmək istəyirəm.
Səh.12. Öyrəndikləriniz­i yoxlayın.
2. Müvafiq hecaları birləşdirməklə Azərbaycan təbiətinə aid olan heyvan adlarını müəyən edin.
KAF KÜ

CÜ TAR

VA NA

TÜL YÜR

DUR RAN

BƏ ŞAQ

CEY ZƏ

GÜR BİR

Hecalardan istifadə etməklə söz düzəltməyi şagirdlər I sinifdə öyrənirlər. Qeyd olunan üsuldan istifadə VI sinif şagirdində məntiqi təfəkkürün inkişafında rolu çox zəif olar və ya heç olmaz. Demək olar ki, bütün mövzuların sonunda mövzuda
əldə edilən yeni məlumatları ümumiləşdirməyə xidmət edən “Nə öyrəndiniz “ bölməsində açar sözlər və tamamlanmamış cümlələr verilib, açar sözlər
əsasında cümlələrin tamamlanması tələbi qoyulur, yaxşı düşünülüb. Amma verilən açar sözlər, cümlədə buraxılan sözlərlə həm sayına, həm də yerləşdirmə ardıcıllığına görə tam uyğun gəlir, şagird heç bir əziyyət çəkmədən, cümlələri tamamlaya bilər. Əvvəldə qeyd etdiyim kimi təlim həm öyrədici, həm də inkişaf etdirici olmalıdır.
Nümunə:
Açar sözlər
Prokariotlar
Kokklar
Spirillər
Vibrionlar
Basillər
Ribosom
Spor
Nə öyrəndiniz
Bakteriyalar prokariotlara aiddirlər.Onlar­ın, _kokklar, _spirillər, _vibrionlar, və __basillər__ adlandırılan müxtəlif formaları olur. Bakteriya hüceyrəsi zülal sintezində iştirak edən ribosoma malikdir. Bəzi bakteriyada əlverişsiz şəraitdə spor yaranır.

Konkret misallar əsasında gəldiyim qənaətlər bunlardır:
Səh. 10. Fəaliyyət 1.
Yazılıb: Şəkillərdən və ya digər mənbələrdən istifadə etməklə plan üzrə Azərbaycan təbiətilə bağlı esse yazın: ...
Bu söz gündəlik dilimizdə geniş işlənmir, dərsliklə müstəqil işləyən şagird “esse” nədir bilməyəcək. Müəllim essenin izahına da müəyyən vaxt itirəcək.
Yazmaq olardı: Şəkillərdən və ya digər mənbələrdən istifadə etməklə plan üzrə Azərbaycan təbiətilə bağlı esse ( kiçik həcmli hekayə) yazın.
Səh. 17. Canlı orqanizmlərin əsas xüsusiyyətləri.
Yazılıb: Orqanizmlər qocalır, ölür, əvəzinə yeniləri əmələ gəlir.
Yazılmalıdır: Orqanizmlər əmələ gəlir, yaşayır, qocalır, ölür, əvəzinə yeniləri yaranır.
İzahat: “əmələ gəlir” sözünə sinonim və ya ümumi mənanı özündə saxlayan digər sözlərdən də istifadə etmək olar.Məsələn-“d­oğulur”, ” yaranır” və s. Belə ki, orqaninzmlərin yaranması və yaşamasını qeyd etmədən- “Orqanizmlər qocalır, ölür, əvəzinə yeniləri əmələ gəlir” işlətmək məqsədəuyğun deyil.
Səh. 19
Yazılıb: K.Linney hər bir növü – ikiqat latın adları ilə adlandırmışdır; məsələn, “Canis familaris” – ev itinin latınca adıdır. Bunlardan birinci söz orqanizmin hansı cinsə, ikinci söz isə hansı növə mənsub olduğunu bildirir.
Bu fikir müəllimə təbii ki, aydın olacaq. Amma şagird müəyyən qədər çətinlik çəkə bilər. Çünki cümləni oxuyan kimi şagirdin diqqətini Latın dilində yazılmış növ adından çox Azərbaycan dilinə tərcümə olunmuş “ev iti” cəlb edəcək. Məlumdur ki, Latın dilində “Canis familaris” – birinci söz orqanizmin hansı cinsə, ikinci söz isə hansı növə məxsus olduğunu bildirir. “ev iti”ndə isə birin söz növü, ikinci söz isə cinsi göstərir. Şagirdə daha aydın olsun deyə yazılması məqsədə uyğun olardı:
“K.Linney hər bir növü – ikiqat latın adları ilə adlandırmışdır; məsələn, “Canis familaris” – ev itinin latınca adıdır. Bunlardan latınca “Canis” – cinsi, “familaris” isə növü bildirir”.
Səh. 20
Yazılıb: Oxşar növlər cinslərda birləşdirilib.
Yazılması məqsədəuyğun olardı: “Oxşar fərdlər növlərdə, növlər isə cinslərdə birləşdirilir”.
Səh.27
Yazılıb: Bilirsinizmi? Yer üzərində yaşayan bütün canlılar (viruslar istisna olmaqla) hüceyrələrdən təşkil olunub.
Yazılması məqsədəuyğun olardı: Viruslar istisna olmaqla yer üzərində yaşayan bütün canlılar hüceyrələrdən təşkil olunub.
Səh.30
Hüceyrələrin ümumi quruluşu.... Qılaf. Hüceyrəni xaricdən örtərək onu ətraf mühitin təsirindən qoruyur. Bitki və göbələk hüceyrəsinin qılafının xarici hissəsi qalın hüceyrə divarını əmələ gətirmişdir.
İzahat: Səhifə 32-də bakteriyaların quruluşu izah edilərkən orada onların membranının xarici hissəsində qalın və möhkəm hüceyrə divarı olduğu qeyd olunub. Səhifə 30-da hüceyrənin ümumi quruluşu izah olunduğu üçün bitki və göbələk hüceyrəsində qılafın olduğu qeyd edilməklə yanaşı bakteriya hüceyrəsində də qılafın olmasının qeyd olunması məqsədə uyğun olardı. Deməli, səhifə 30-da yazılmalıdır: Bakteriya, göbələk və bitki hüceyrəsinin qılafının xarici hissəsi qalın hüceyrə divarını əmələ gətirmişdir.
Səh. 31. Vakuol.
Vakuol. Bitki və göbələk hüceyrələrinin (xüsusən yaşlı hüceyrələrin) sitoplazmasında içərisi hüceyrə şirəsi ilə dolu vakuol (lat. “vakuus” – boş) adlandırılan boşluqlar olur.
İzahat: Əgər yazılıbsa, “içərisi hüceyrə şirəsi ilə dolu vakuol”, onda “boşluqlar” olur ifadəsini işlətmək zənnimcə lazım deyil.
Yazılmalıdır: Vakuol. Bitki və göbələk hüceyrələrinin (xüsusən yaşlı hüceyrələrin) sitoplazmasında içərisi hüceyrə şirəsi ilə dolu vakuol (lat. “vakuus” – boş) adlandırılan qovuqlar olur.
Səh. 32. Bakteriyaların quruluşu.
Yazılıb: Hüceyrə divarı üzərində bəzən qoruyucu funksiya yerinə yetirən selikli kapsula da rast gəlinir.
İzahat: Hüceyrə divarı üzərində bəzən qoruyucu funksiya yerinə yetirən selikli kapsula da rast gəlinir yazmaq, şagirddə -selikli kapsula bəzən yarana bilər, bəzən yox ola bilər təssəvürünü yarada bilər. Məlumdur ki, selikli kapsula əmələ gətirmək növ əlaməti deyil, yəni bütün bakteriyalara xas olan əlamət deyil. Deməli,
Yazılmalıdır: Hüceyrə divarı üzərində bəzi bakteriyalarada qoruyucu funksiya yerinə yetirən selikli kapsula da rast gəlinir.
Səh. 42.Mexaniki toxuma.
Yazılıb: ” Mexaniki toxuma. Gövdədə, yarpaq saplağında, yarpaq damarında yerləşir.”
İzahat: Mexaniki toxuma vegetativ orqanlardan ancaq gövdə və yarpaqda deyil, kökdə də olur. Əgər gövdədə mexaniki toxumanın yerləşmə yeri açıqlanmırsa, yarpaq saplağında, yarpaq damarında mexaniki toxumanın olmasını qeyd etməyə ehtiyac yoxdur. Ona görədə,
Yazılmalıdır: ” Mexaniki toxuma. Gövdədə, kökdə və yarpaqda yerləşir.”
Səh. 56. Gövdənin daxili quruluşu.
Yazılıb: Qabıq. Cavan və yaşıl zoğlarda qabığın xarici qatını dəricik təşkil edir. Qışlayan gövdələrdə dəricik digər örtük toxuması olan mantarla əvəz olunur. Mantar işığı özündən buraxmadığından onun altındakı qat yaşıllığını itirir. Qabığın oduncağa söykənən daxili qatı floema adlanır. Gövdədə floema qatının içərisində floema boruları deyilən ələyəbənzər borular və floema lifləri olur.
Kambi – gövdənin eninə böyüməsinin təmin edir...
İzahat: Göründüyü kimi verilən izahatda kambi qatının konkret yerləşmə yeri hiss olunmur. “Qabığın oduncağa söykənən daxili qatı floema adlanır, burada kambi qatının qabıqla oduncaq arasında yerləşməsi görünmür”. Ona görə də:
Yazılmalıdır: Qabıq. Cavan və yaşıl zoğlarda qabığın xarici qatını dəricik təşkil edir. Qışlayan gövdələrdə dəricik digər örtük toxuması olan mantarla əvəz olunur. Mantar işığı özündən buraxmadığından onun altındakı qat yaşıllığını itirir. Qabığın kambi ilə sərhədində yerləşən daxili qatı floema adlanır. Gövdədə floema qatının içərisində floema boruları deyilən ələyəbənzər borular və floema lifləri olur. Qabıqla oduncaq arasında kambi qatı yerləşir.
Kambi – gövdənin eninə böyüməsinin təmin edir...
Səh.70. Bilirsinizmi?
Yazılıb: Şehçiçəyinin yarpaqlarının üzərində yapışqanlı damcılar olan qırmızımtıl tükcüklər vardır. Həşərat parıldayan damcı üzərinə qonan zaman yarpağın ucu qatlanaraq həşəratı udur...
Yazılmalıdır: Şehçiçəyinin yarpaqlarının üzərində yapışqanlı damcılar olan qırmızımtıl tükcüklər vardır. Həşərat parıldayan damcı üzərinə qonan zaman tükcüklər əyilir, yapışqanlı damcılara yapışmış bədən hissələri tədricən sorulur.
Səh.79. Toxumun quruluşu.
Yazılıb: Toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir.
İzahat: İkiləpəli və birləpəli bitkilərin toxumlarının fərqli quruluşa malik olmasını öyrənəcək şagirddə toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir fikri müəyyən qədər çaşqınlıq yaradacaq. Həmin səhifədə lobya toxumunun quruluşu hissələri göstərilməklə yazıldığını görən şagird bu hissələr arasında endospermin olmadığını görəcək. Onda qeyd etdiyimiz kimi, toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir fikrini toxumun quruluşunu izah edərkən ilkin fikir kimi qeyd etmək şagirdi yanlış istiqamətə yönəldmiş olar.
Səh.80. Birləpəli və ikiləpəli bitkilər.
Yazılıb: İkiləpəli bitkilər. Bunların toxumunda ehtiyyat qida maddələri toxumun rüşeymində toplanır. Lobya, noxud kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyyat qida maddələri rüşeymin ləpə yarpaqlarında, yabanı ağ turp və quşəppəyi bitkilərində isə tumurcuqdan savayı, rüşeymin hər yerində toplanır.
İzahat: Rüşeymin hissələrini öyrənən şagirddə yazılanları oxuduqdan sonra belə təsəvvür yarana bilərki, ikiləpəli bitki toxumlarında ehtiyyat qida maddələri rüşeymin bütün hissələrində toplanır. Bildiyimiz kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyyat qida maddələri əsasən ləpə yarpaqlarında bəzi bitkilərdə isə (quşəppəyi) rüşeym hissələri – kökcük, gövdəcik və ləpə yarpaqlarında toplanır.
Lobya, noxud kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyyat qida maddələri rüşeymin ləpə yarpaqlarında, yabanı ağ turp və quşəppəyi bitkilərində isə tumurcuqdan savayı, rüşeymin hər yerində toplanır.
Burada quşəppəyi bitikisi toxumunda rüşeym hissələrində rüşeym tumurcuğunun olması anlamına gəlinir, amma bildiyimiz kimi quşəppəyi toxumu rüşeymində iki ləpə yarpağı, rüşeym kökcüyü və rüşeym gövdəciyi var, rüşeym tumurcuqu yoxdur.
Həmin səhifədə yenə yazılb: Qaymaqçiçəyi və üçrəng bənövşə bitkilərində qida maddələri rüşeymdən başqa, həm də endospermdə toplanır.
Göründüyü kimi qeyd edilən bitkilərdə ehtiyyat qida maddələrinin həm rüşeym hissələrində, həm də endospermdə toplandığı fikri formalaşır. Bu yanlışdır.
Yekun nəticə: Toxumun quruluşu mövzusu yenidən işlənməlidir.
Lənkəran Dövlət Universiteti
Kimya və bioligiya kafedrasının müdiri: dos.M.B.Hüseyno­v
Salam,əvvəlcə sayt üçün təşəkkür edirəm və uğurlar arzulayıram.6-c­ı siniflər üçün ədəbiyyat dərsliyi həddindən artıq mürəkkəbdir və şagirdlərin işləməsi üçün rahat deyil.Dərslik başdan-başa cədvəllərdən ibarətdir.Şagir­d üçün anlaşılmaz və yorucudur.Tapşı­rıqları 45 dəq.ərzində icra etmək mümkün deyil.
DƏRSLİKLƏ BAĞLI PROBLEMLƏR

Müasir dövrdə həyatın bütün sahələrində,o cümlədən təhsildə baş verən dəyişikliklər insanda sosial istiqaməti formalaşdırmağa və bu baş verən dəyişikliklərə uyğun reaksiya verməyi tələb edir. Yeni pedaqoji-psixol­oji yanaşmalar təlimin real həyatla sıx əlaqələndirlməs­i, şagirdlərin meyil və maraqları əsasında qurulması, mənimsənilən bilik və bacarıqlarının qiymətləndirilm­əsi kimi mühüm məsələlər də köklü dəyişikliyə gətirib çıxardı. Kurikulumun nəzəri və tətbiqi məsələləri ilə bağlı dərsliklərdə, metodiki vəsaitlərdəki çatışmazlıqlar da yeni təlim metodunun mənimsənilməsin­də, sözsüz ki, müəyyən çətinliklər yaradır. Məsələn: V sinif Azərbaycan dili dərsliyində 4-cü, yəni “Tarixi-mədəni abidələr” bölməsində “Kiş Alban məbədi” mövzusuna 2 saat vaxt ayrılıb. 1saat – mətn və lüğət üzrə iş, 1saat da dil qaydası üzrə ismin hallarına ayrılıb. Doğrudur, aşağı siniflərdən isim haqqında şagirdlərin müəyyən dərəcədə ilkin məlumatları olsa da bu dərsin mənimsənilməsi üçün praktika göstərdi ki, ibtidai siniflərdən 5-ci sinfə keçən şagirdlərin bilik səviy yəsi o qədər də qənaətbəxş deyil. Belə olduqda bu kimi mövzuların mənimsənilməsin­də gözlənilən nəticələri almaq olmur. Ənənəvi metodda ismin hər bir halı üçün 1saat vaxt ayrılırdı. Təbii ki, yeni metodun bir çox üstünlükləri var, idrakı fəallığı artırmağa xidmət edir. Ancaq çox yaxşı olardı ki, 1dərs saatı ismin hallarının ümumi izahına verildiyi halda,1dərs saatı da yiyəlik ,yönlük ,təsirlik hallarında baş verən fonetik dəyişkənliyi və qeyri-müəyyən yiyəlik ,qeyri-müəyyən təsirlik hallarının mənimsənilməsin­ə ayrılsın. Belə olsa, VI sinifdə “İsim” mövzusunu keçəndə dərsin tam mənimsənilməsin­də şagirdlərin ciddi prolemləri olmayacaq. Bundan əlavə nitq hissələrindən düzəltmə isim, sifət, felləri əmələ gətirən şəkilçilər haqqın da ilkin məlumat verilmir. Ancaq Azərbaycan dili dərsliyində səh.107-108-də “Dil qaydaları üzrə təkrar” bölməsində sözdüzəldici şəkilçilər olan sözləri seçmək tapşırığı verilib. Səh.112-də “Konkret və mücərrəd” isimlər haqqında qayda verilib. Tapşırıqlar isə (səh.112) çalışma 13-14-də mücərrəd isimlərə leksik şəkilçi artırmaqla konkret isimlərin düzəldilməsi (və yaxud əksinə) tələb olunur. Fellərlə bağlı da kifayət qədər iradlar qeyd etmək olar. Fellərin şəxsə görə dəyişməsini şagirdlər o zaman məqsədəuyğun şəkildə mənimsəyə bilər ki, dərslikdə ismin mənsubiyyətə və şəxsə görə dəyişməsinə də yer verilmiş olardı.
VI sinif Azərbaycan dili dərsliyində səh.17-də düzəltmə isimlər haqqında qayda verilib ki, müxtəlif nitq hissələrinə leksik şəkilşilər artırmaqla düzəlir. Və bir neçə nümunə göstərilib. Səh.18-də çalışma №7-də deyilir ki, çərçivədə verilmiş sözləri müvafiq bəndlərə uyğun seçib yazın:
A) isimdən düzələn isimlər,
B) sifətdən düzələn isimlər,
C) feldən düzələn isimlər.
Məsələ burasındadır ki, şagirdlərin çoxu leksik şəkilçiləri bilmədikləri üçün tələb olunan tapşırığı yerinə yetirə bilmir. Təklifim budur ki ,səh.21-də ismin mənsubiyyətə görə dəyişməsi və səh.39-da ismin şəxsə görə dəyişməsi - xəbərlik şəkilçiləri cədvəldə necə göstərilibsə, isimdən, sifətdən, saydan, feldən isim düzəldən şəkilçilərin də göstərilməsi məqsədəuyğun olardı. Səh.88-də işarə əvəzlikləri haqqında məlumat verilir. Ancaq “elə, belə” əvəzliyinin nə zaman sifət, nə zaman zərf yerində işlənməsi izah edilmir. Bundan əlavə səh.84-85-də şəxs əvəzlikləri haqqında məlumat və tapşırıqlar verilir, ancaq isimlə şəxs əvəzliklərinin oxşar və fərqli cəhətləri göstərilmir. Bu kimi xüsusiyyətlər cədvəl şəklində yazılıb, onlara aid çalışmalar da verilsə məqsədəuyğun olar.
VI sinif ədəbiyyat dərsliyində səh.7-10-da Rəşid bəy Əfəndiyevin “Elm tükənməz xəzinədir” və “Şah Abbas və iki vəzir” mətnləri verilib. Hər mətndən sonra səh.8 və səh.10-11-də həmin mətnləri əhatə edən test sualları verilib. Yəni, indiyə qədər hansı oxu bacarıqlarına yiyələnməyi dəqiqləşdirmək üçün bu çox yaxşıdır. Ancaq dərslikdə bundan başqa heç bir mətnin və ya bölmənin sonunda testlərə yer verilməyib. Yaxşı olardı ki, bu kimi testlərə bölmələrin sonunda da yer verilsin. Dərsliklər nə qədər standartlara cavab versə, şagird nailiyyətləri də gözlənilən nəticələr səviyyəsində olar.

Gəncə şəhər 28 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
yazıçı-publisis­t, təlimçi
Gülafət Bayramova
Salam,5-ci və 6-cı sinif Azərbaycan dili dərsliklərində "Dil qaydaları" ilə bağlı mövzularda qeyri-ardıcıllı­q və sistemsizlik var. Qrammatika ilə bağlı bir çox lazımlı mövzular dərsliklərə daxil edilməyib.
Salam. Nə üçün Azərbaycan dili dərsliyinde 6- cı sinifdə mətnlər qısa şəkilde verilmir? məncə mətnlərə az yer ayırmaqla qrammatikaya daha çox yer ayırsanız daha məqsədəuyğun olar. Mətnde sözler çox çətindir qısa mətnlər və ya bədii şeirlər olsa daha yaxşı nəticə alınar Azərbaycan dilində uşağa ilk növbədə qrammatika mənimsədilməlid­i, onu yararlı şəxsiyyet kimi yetişdirmək isə daha çox ədəbiyyat fənninin üzərinə düşür.
6-cı sinif Azərbaycan dili dərsliyində səh 88 çalışma 6 uşaqların qrammatikanı bilmədikləri halda etməli olacaqları tələb olunan çalışmalardan biridir dərslikde o şexs əvəzliyi ve işarə əvəzliyinin ferqini uşaqlara izah etmədiyi halda bu yönümlü çalışma verilmişdir bu heç cür doğru ve bunun kimi ne qeder çalışmalar da var ki, onlarla bağlı qrammatik qaydalar derslikdə verilməyib. Birdə mən xahiş edirəm ki, qrammatika sxemlər vasitəsilə verilərsə daha çox uşağın diqqətini cəlb edər və daha çox anlaşılmasına, dərk edilməsinə uşaq tərəfindən köməklik göstərər.
Biologiyadan yazılmış VI sinif dərsliyi ilə bağlı
müəyyən irad və təkliflər (davamı)
Dərslikdə bakteriyalar, bitkilər və heyvanlar haqqında müəyyən məlumat verildikdən sonra onların qidalanma formaları izah olunur. Amma göbələklərın quruluş və formaları haqqında məlumat verilmir.
Səh.102 mövzu 33-də isə bakteriya və göbələklərin qidalanması izah olunur.
Təklif: yaxşı olardı ki, bakteriya, bitki və heyvanlar haqqında ümumi məlumat verilməklə yanaşı göbələklər haqqında da müəyyən məlumat olardı. Yəni onların quruluşu, formaları, təbiətdə yayılması və s. izah edilərdi. Çünki göbələklər haqqında məlumatı olmayan şagird birbaşa onun qidalanması ilə tanış olur. Zənnimcə bu şagirdlərdə göbələklərlə bağlı tamamlanmamış məlumatın formalaşmasına səbəb olar.
Səh.110. 6-cı fəsil. Orqanizmlərdə maddələrin daşınması, ifrazat. Çoxalma və inkişaf.
Qeyd olunan fəsildə heyvanlarda daşıyıcı sistem haqqında müəyyən məlumat verilib, amma bitkilərdə bu məlumatı suyun buxarlanması izah edilməklə kifayətlənib. Zənnimcə bitkilərdə üzvi və qeyri-üzvi maddələrin daşınması haqqında məlumatın təhlilinə yer verilməli idi. Düzdür 2-ci fəsildə toxumlar haqqında kiçik məlumat verilib. Amma ifrazat, çoxalma və inkişaf həm bitki, həm də heyvanlarda izah olunursa, maddələrin daşınması heyvanlarda nisbətən geniş, bitkilərdə isə dediyim şəkildə izah olunmursa bu müəyyən boşluğun yaranmasına səbəb olur.
Açar sözlər
Hava qidalanması
Karbon qazı
Avtotrof qidalanma
Fotosintez
Səh. 98. Nə öyrəndiniz?
Ağızcıqdan əsas toxumanın hüceyrələrinə ___ daxil olur. İşığın iştirakı ilə xloroplastlarda ___ prosesi baş verir. Belə qidalanma ___ adlanır.


Öyrəndikləriniz­i yoxlayın
1. Mətndə səhvləri müəyyən edin:
İşıqda yarpağın xloroplastların­da qeyri-üzvi maddələrdən üzvi maddələrin hazırlanması prosesi fotosintez adlanır. Fotosintezin getməsi üçün aşağıdakı şərtlər olmalıdır: su və oksigen, yaşıl yarpaqlar və günəş işığı. Fotosintez nəticəsində qeyri-üzvi maddə əmələ gəlir. Fotosintezin əlavə məhsulu karbon qazı və sudur.
2. Buraxılmış sözləri əlavə edin:
• Ağızcıqdan yarpağa ___ daxil olur.
• Kök sistemindən ___ daxil olur.
• Günəş işığı ___ yerləşən yaşıl xloroplastlara düşür.
• Xloroplastlarda ___ əmələ gəlir.
• Yarpaqlardan ətraf mühitə ___ xaric olur.
Göründüyü kimi şagirdlərdə mənimsəmə keyfiyyətini yoxlamaq üçün tələb olunanlar çox səthi verilmişdir. Əvvəlki təhlildə qeyd etdiyimiz kimi müasir təlimə qoyulan tələblər, yanaşma üsulları nisbətən fərqlidir. Müasir təlimdə idrak və təfəkkürün inkişafı üçün fəal təlim üsullarından istifadə edilir. Bu üsullarda da tədris prosesi elə təşkil olunmalıdır ki,o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. Müasir dövrdə təhsil alan VI sinif şagirdinin tələbləri daha böyükdür. Yuxarıda verilən şəkildə yoxlama aparmaq şagirdlərdə məntiqi təfəkkürün inkişafında demək olar ki, rolu olmaz. Təlim öyrədici və inkişaf etdirici olmalıdır. Əgər ümumiləşdirmə aparsaq demək olar ki, dərslik VI sinif şagirdlərinin tələbləri səviyyəsində yazılmayıb. Qeyd edilən yanaşma ilə dərslik yazmaq 2 və ya 3-cü siniflər üçün müəyyən dərəcədə effektli olardı.
Lənkəran Düvlət Universiteti.
Dosent. Məmmədhüseyn Babəli oğlu Hüseynov.