Xəbərlərs

14.12.2013

AĞCABƏDİ ŞƏHƏRİNDƏ 6-CI SİNİF “AZƏRBAYCAN DİLİ” VƏ “ƏDƏBİYYAT” DƏRSLİKLƏRİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ağcabədi şəhərində 3 №-li məktəb-liseyin bazasında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərslik komplektlərinin müzakirəsini keçirmişdir. 

İclası TQDK-nın  Ağcabədi  Regional Bölməsinin müdiri Samir Əliyev açmış, sonra TQDK-nın sektor müdiri Cavanşir Orucov ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi haqqında ətraflı məlumat vermişdir.


Dərsliklər məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.


Müzakirədə Ağcabədi, Bərdə şəhər, Beyləqan, Tərtər, Füzuli, Zərdab rayon Təhsil Şöbələrinin, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının əməkdaşları, Azərbaycan dili dərsliyinin müəllifi Rafiq İsmayılov, tam orta məktəblərin müvafiq fənn müəllimləri iştirak etmişlər. 

İclasda Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının əməkdaşları Əli Əliyev, Sabir Məmmədov, Ağcabədi şəhər 3 №-li məktəb-liseyin müəllimi Zəhra İbrahimova, Ağcabədi şəhər 8 №-li tam orta məktəbin müəllimi Şəlalə Sultanova, Ağcabədi şəhər 11 №-li tam orta məktəbin müəllimi Fatma Əkbərova, Bərdə şəhər akademik Z.Əliyeva adına liseyin müəllimi Elnur Baxşəliyev, Tərtər rayonu 1 №-li tam orta məktəbin müəllimi Tamella Mehtiyeva, Tərtər rayonu Hacıqərvənd kənd tam orta məktəbin müəllimi Rasim Əliyev, Füzuli rayonu 33 №-li tam orta məktəbin müəllimi Taleh Qurbanov, Zərdab rayonu Qoruqbağı kənd tam orta məktəbin müəllimi Şirin Şirinov çıxış edərək dərsliklərin regionlarda müzakirəsini müsbət qiymətləndirmiş, dərsliklərlə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

Dərslik müəllifi Rafiq İsmayılov Azərbaycan dili dərsliyi ilə bağlı səsləndirilmiş fikir və təkliflərə münasibət bildirmişdir.


Back to News