Xəbərlərs

03.10.2018

Elmi-metodiki seminarlar fəaliyyətə başlayıb

Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasına və müzakirəsinə dair müvafiq fənlər üzrə elmi-metodiki seminarlar bu gündən fəaliyyətə başlayıb.
İlk seminar fizika fənni üzrə keçirilib. Seminarda DİM Direktorlar Şurasının sədri M. Abbaszadə, Mərkəzin müvafiq sahə üzrə məsul şəxsləri, Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak edib. Seminarda həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitunun direktor müavini Ə. Abbasov və Tədris Resursları Mərkəzinin direktoru Z. İsayev iştirak edib. 


Seminarın gündəlik məsələləri:
1. 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında;
2. Dövlət İmtahan Mərkəzinin otk.az saytında yerləşdirilmiş layihələr (Məktəb dərsliklərının mövzuları üzrə sınaq imtahanları, “Abituriyent” jurnalının 2018-ci ildə nəşr etdiyi Test toplularındakı test tapşırıqlarından ibarət, mövzular və bütövlükdə bölmə üzrə sınaq imtahanları) haqqında;
3. Fizika fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi və təsdiqi olub.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə xanım Abbaszadə çıxış edərək 1990-cı illərin ilk yarısında mövcud olan şəraitdən, ilk seminarların təşkil edilməsindən və onların əhəmiyyətindən danışıb. Sədr qeyd edib ki, “1992-1993-cü illərdə imtahanların məzmunu yalnız bu işə cəlb olunmuş bir neçə ekspertin fikrini ifadə edirdi. Odur ki, TQDK-nın (DİM-in) qarşısında duran əsas vəzifələrdən biri də ali təhsil almağa layiq abituriyentlərin seçilməsini təmin edən dövlət standartlarını yaratmaq idi. Və bu məqsədlə 1994-cü ildən etibarən ekspert qrupları yaradıldı, elmi-metodiki seminarlar təşkil olundu. Ümümtəhsil və ali məktəb müəllimlərinin, AMEA-nın əməkdaşlarının dəvət olunduğu bu seminarlarda müasir testologiyanın elmi əsasları öyrənilir, testlər tərtib edilir müxtəlif mövzular ətrafında müzakirələr aparılırdı”.
Həmin seminarların öz fəaliyyətini bu gün də uğurla davam etdirdiyini bildirən Sədr daha sonra 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı iştirakçlara məlumat verib. M. Abbaszadə ona ünvanlanan sualları cavablandırıb.
2-ci məsələ ilə bağlı DİM-in əməkdaşı İ. Cəfərov layihələr haqqında məlumat verərək, internetdə əyani olaraq onların qeydiyyatını və təyinatını göstərib və ona ünvanlanan sualları cavablandırıb.

Seminarın rəhbəri professor M. Musayev 2019-cu ilin qəbul imtahanında Fizika fənnindən mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verərək proqramı müzakirəyə təqdim edib.

Müzakirələr nəticəsində qəbul proqramı təsdiq edilib.
Seminar internet vasitəsi ilə canlı yayımlanıb. Qəbul proqramı yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.
Növbəti seminarda (10 oktyabr 2018-ci il tarixdə, saat 10:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) qəbul imtahanlarının məzmunu ilə üçün modelin müzakirəsi aparılacaq. 


Back to News