Xəbərlərs

04.10.2018

Tarix fənni üzrə elmi-metodiki seminar

4 oktyabr 2018-ci il tarixdə, saat 12:30-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə elmi-metodiki seminar keçirilib. Seminarda DİM Direktorlar Şurasının sədri M. Abbaszadə, Mərkəzin müvafiq sahə üzrə məsul şəxsləri, Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak edib. Seminarda həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitunun Tədris Resursları Mərkəzinin direktoru Z. İsayev iştirak edib.

Seminarın gündəlik məsələləri:

1. 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında;

2. Dövlət İmtahan Mərkəzinin otk.az saytında yerləşdirilmiş layihələr (Məktəb dərsliklərının mövzuları üzrə sınaq imtahanları, “Abituriyent” jurnalının 2018-ci ildə nəşr etdiyi Test toplularındakı test tapşırıqlarından ibarət mövzular və bütövlükdə bölmə üzrə sınaq imtahanları) haqqında;

3. Tarix fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi olub.




Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə xanım Abbaszadə çıxış edərək 1990-cı illərin ilk yarısında mövcud olan şəraitdən, ilk seminarların təşkil edilməsindən və onların əhəmiyyətindən danışıb. 

Həmin seminarların öz fəaliyyətini bu gün də uğurla davam etdirdiyini bildirən Sədr daha sonra 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı iştirakçılara məlumat verib. M. Abbaszadə ona ünvanlanan sualları cavablandırıb. 



2-ci məsələ ilə bağlı DİM-in əməkdaşı İ. Cəfərov layihələr haqqında məlumat verərək internetdə əyani olaraq onların qeydiyyatını və təyinatını göstərib və ona ünvanlanan sualları cavablandırıb.

Seminarın rəhbəri Kərəm Məmmədov 2019-cu ilin qəbul imtahanında tarix fənnindən mənimsənilmə səviyyəsi yoxlana bilən alt standartlar haqqında məlumat verərək proqramı müzakirəyə təqdim edib.

Qəbul proqramı yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Növbəti seminarda (11 oktyabr 2018-ci il tarixdə, saat 11:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) qəbul imtahanlarının məzmunu ilə üçün modelin müzakirəsi aparılacaq.


Back to News