Xəbərlərs

09.10.2019

Dövlət İmtahan Mərkəzində elmi-metodiki seminarlar fəaliyyətə başladı

9 oktyabr 2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzində buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasına və müzakirəsinə dair müvafiq fənlər üzrə elmi-metodiki seminarlar fəaliyyətə başladı. İlk seminar fizika fənni üzrə keçirilib. Seminarda DİM Direktorlar Şurasının sədri M. Abbaszadə, Mərkəzin məsul şəxsləri, Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak edib.
Seminarın gündəlik məsələləri:
1. Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi yeni layihələr və nəşr işləri barədə təqdimat (DİM Direktorlar Şurasının sədri M. Abbaszadənin çıxışı);
2. Seminarın iş planının müzakirəsi və təsdiqi olub.

Məleykə xanım Abbaszadə çıxış edərək ilk seminarların təşkil edilməsindən və onların əhəmiyyətindən danışıb. Sədr qeyd edib ki, “1995-ci ildən elmi-metodiki seminarlar təşkil olunub. İlk illərdə AMEA-nın əməkdaşlarının dəvət olunduğu bu seminarlarda müasir testologiyanın elmi əsasları öyrənilir, testlər tərtib edilir, müxtəlif mövzular ətrafında müzakirələr aparılırdı. Ötən illər ərzində elmi-metodiki seminarların işi xeyli təkmilləşib, fəaliyyət dairəsi genişlənib. Onların işində iştirak edən mütəxəssislərin sayı ildən-ilə artıb. Seminarlarda 2000-dək orta və ali təhsil müəssisələrinin müəllimləri, tanınmış alimlər, Milli Elmlər Akademiyasının əməkdaşları, metodistlər iştirak edir”. M. Abbaszadə daha sonra Dövlət İmtahan Mərkəzində həyata keçirilən yeni layihələr və nəşr işləri barədə təqdimatla çıxış etdi. Layihələrdən biri dərsliklər əsasında vizual dərslərin hazırlanmasıdır. Hazırda DİM-in “Youtube” kanalında Azərbaycan dili, ingilis dili, riyaziyyat, coğrafiya, Azərbaycan tarixi, ümumi tarix, biologiya və kimya fənlərindən 5-7-ci sinif dərslikləri əsasında vizual dərslər yerləşdirilib. Digər siniflər üzrə vizual dərslər isə yaxın vaxtlarda “Youtube” kanalında yerləşdiriləcəkdir. 



Digər layihələr dərsliklərdəki tədris vahidləri və mövzular üzrə tapşırıq nümunələrindən ibarət sınaq variantlarının hazırlanmasıdır. 5-11-ci siniflər üzrə Azərbaycan dili, ədəbiyyat, ingilis dili, kimya, fizika, biologiya, Azərbaycan tarixi, ümumi tarix, coğrafiya və riyaziyyat fənlərindən dərsliklərin tədris vahidləri əsasında hazırlanan tapşırıqların hamısı, qeyd edilən dərsliklərin mövzuları əsasında isə bir çox mövzular üzrə sınaq variantları DİM-in otk.az saytında yerləşdirilib. Mövzular üzrə layihə yaxın vaxtlarda başa çatdırılacaq.
Dövlət İmtahan Mərkəzinin çoxsaylı fəaliyyət istiqamətlərindən birini də imtahanlara müstəqil hazırlaşmaq üçün metodiki materialların nəşr edilməsi təşkil edir. Bu materiallar əsas etibarı ilə sinif dərslikləri əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları kitabçaları və dərs vəsaitlərindən ibarətdir. Artıq fənn kurikulumları əsasında Azərbaycan və rus dillərində 112 qiymətləndirmə tapşırıqları kitabçası və “Kimya”, “Riyaziyyat”, “Fizika”, “Coğrafiya”, “Tarix”, “Ədəbiyyat”, “Azərbaycan dili”, “Rus dili”, “Literatura”, “İngilis dili”, “Alman dili”, “Fransız dili” vəsaitləri, “İngilis dili lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” və “Coğrafiyadan terminlər” hazırlanıb. Vəsaitlərin çoxu nəşr edilib, bir qismi çap mərhələsindədir.
Təqdim olunan yeni layihələrdən biri də 1-4-cü sinif dərslikləri əsasında fənn kurikulumlarına uyğun olaraq Azərbaycan dili, rus dili və riyaziyyat (Azərbaycan və rus bölmələri üzrə) fənlərindən qiymətləndirmə tapşırıqları kitabçalarının hazırlanmasıdır. Yaxın vaxtlarda 1-3-cü siniflərin hər biri üçün müvafiq dil və riyaziyyat fənləri üzrə tapşırıqlar bir kitabça, 4-cü sinif üçün isə hər bir fənn üzrə tapşırıqlar ayrıca kitabçalar şəklində çapdan çıxacaq.
M. Abbaszadə çıxışı zamanı 22-27 sentyabr tarixində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik konfransı haqqında da məlumat verdi. Dünyanın 55 ölkəsindən 300-dən artıq nümayəndənin iştirak etdiyi bu tədbirin ölkəmizdə 2-ci dəfə keçirildiyini vurğuladı. Həmçinin onu da bildirdi ki, konfrans iştirakçılarından bəziləri Dövlət İmtahan Mərkəzində olublar və Mərkəzin fəaliyyətini yüksək qiymətləndiriblər. Seminarda M. Abbaszadə ona ünvanlanan sualları cavablandırıb.


Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri A.Batıyeva seminarın işi haqqında ümumi məlumat verdi. Bildirdi ki, seminarla bağlı bütün hazırlıq işləri başa çatıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, ali təhsil müəssisələrinə, AMEA-nın müvafiq İnstitutlarına məktublar və seminarların iş qrafikləri göndərilib. DİM-in internet saytında (dim.gov.az) elan, qrafik və iş planı yerləşdirilib. Həmçinin, o qeyd edib ki, elmi metodiki seminarlarda buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı və imtahanlara hazırlaşan gənclərə, şagirdlərə, müəllimlərə metodiki köməklik baxımından materiallar hazırlanır, müzakirələr aparılır. Həmçinin seminarlarda respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklərin monitorinqi aparılır. Dərsliklərdəki materialların kurikulumlara uyğunluğu yoxlanılır, səhvlər, mübahisəli məqamlar varsa, dəqiqləşdirilir və rəylər hazırlanır. Buraxılış və qəbul imtahanları üçün mənimsənilmə səviyyəsinin yoxlanılması mümkün olan alt standartların seçilməsində, proqramların və imtahan modellərinin, metodiki materialların hazırlanmasında dərsliklərin monitorinq rəyləri nəzərə alınır. Buraxılış imtahanları ilə bağlı materiallar: proqramlar, seçilmiş alt standartlar, yeni tapşırıq nümunələri, qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, qəbul imtahanlarının materialları isə “Abituriyent” jurnalının birinci sayında dərc olunur.
Daha sonra seminarın rəhbəri professor M. Musayev iştirakçıları seminarın iş planı ilə tanış etdi. İş planı müzakirə edilərək təsdiq olundu.

Növbəti seminarda (16 oktyabr 2019-cu il tarixdə, saat 10:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul proqramının müzakirəsi aparılacaq.


Back to News