Xəbərlərs

01.11.2019

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

01 noyabr 2019-cu il tarixdə, saat 12:30-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənnindən elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 03 mart 2019-cu il tarixdə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.
Öncə metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri A.Batıyeva seminarı açaraq gündəlik məsələ barədə məlumat verib. O qeyd edib ki, imtahan nəticələrinin statistik göstəricilərinə əsasən demək olar ki, 2019-cu ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş tapşırıqlar fənn kurikulumunun təlim nəticələrinə uyğundur. Hər bir tapşırıqla məzmun standartlarında nəzərdə tutulmuş bilik və bacarıqları yoxlamaq və qiymətləndirmək mümkün olub.


Sonra DİM-in sektor müdiri A. Qasımov buraxılış və qəbul imtahanlarında istifadə olunan yazı işlərinin yoxlanılması texnologiyası haqqında təqdimatla çıxış edib. Seminarın rəhbəri f-r.e.d. M. Yaqubov tapşırıqları müzakirəyə təqdim edib. 
A. Abdullayev hər bir tapşırığın aid olduğu mövzu, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standartı yoxladığı və qiymətləndirmə meyarları haqqında məlumat verib.

Seminarda 3 açıq tipli və 3 tapşırıqlı situasiya məsələsi (cavabları yazı ilə ifadə olunan) müzakirə edilib.


Müzakirələrdə Müasir İnnovasiyalar Liseyinin müəllimi F.Əliyev, AMEA-nın elmi işçisi P.Bayramov, f-r.e.n. N.Kərimli və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.
Beləliklə, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində istifadə edilmiş tapşırıqların müzakirəsi başa çatıb. Müzakirələr nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu təsdiqini tapıb. Tapşırıqlarla şagirdlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirmək mümkün olub. 


Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (08 noyabr 2019-cu il tarixdə, saat 12:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 02 iyun 2019-cu il tarixdə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının ikinci mərhələsində istifadə edilmiş tapşırıqların statistik göstəricilər əsasında elmi-metodiki baxımdan təhlili aparılacaq.


Back to News