Xəbərlərs

06.11.2019

Fizika fənni üzrə elmi-metodiki seminar

6 noyabr 2019-cu il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənnindən elmi-metodiki seminar keçirilib.
Gündəlik məsələ 12 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlilinin davamı olub.
Seminarın rəhbəri f.e.d. M. Musayev seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, tapşırıqları müzakirəyə təqdim etmək üçün f.ü.f.d. Ə.Rəcəbliyə söz verib. 



Ə. Rəcəbli hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib.

Seminarda 7 tapşırıq (A variantından 43-49 saylı, B variantından isə 31, 35, 37, 45-47, 52 saylı qapalı tapşırıqlar) müzakirə edilib.
Müzakirələrdə AMEA-nın əməkdaşları f.ü.f.d. M.Məmmədov və f.ü.f.d. V. Tanrıverdiyev, Bakı şəhəri 148 nömrəli tam orta məktəbin müəllimi S. Mansurova, Bakı şəhəri 71 nömrəli tam orta məktəbin müəllimi A. Nəbiyeva, f-r.e.n. N. Kərimli və b. tapşırıqlarla bağlı qeyd və təkliflərini bildiriblər.
 

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Növbəti seminarda (13 noyabr 2019-cu il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.


Back to News