Xəbərlərs

26.11.2019

Kimya fənni üzrə elmi-metodiki seminar

26 noyabr 2019-cu il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində kimya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlilinin davamı olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan b.e.n. T. Güləliyev gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, tapşırıqları müzakirəyə təqdim etmək üçün AMEA-nın əməkdaşı k.ü.f.d. S. Hüseynovaya söz verib.
S. Hüseynova hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib.
Seminarda 19 tapşırıq (A variantından 72-82 saylı qapalı, 83-87 saylı hesablama, seçim, uyğunluğu müəyyən etmək tipli, 88-90 saylı cavabları yazı ilə ifadə olunan tapşırıqlar, B variantından 61-64, 68, 72-74, 76, 81-90 saylı) müzakirə edilib.

Müzakirələrdə k.ü.f.d. S.Həmidov, "Dünya məktəbi"nin müəllimi S. Yusifova, Sumqayıt şəhəri 27 nömrəli tam orta məktəbinin müəllimi M. Əliyeva, AMEA-nın əməkdaşı t.e.n. S. Yunusov tapşırıqlarla bağlı fikirlərini bildiriblər.
Beləliklə, 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili başa çatdı. Təhlil zamanı bir daha təsdiq edildi ki, tapşırıqlar qəbul proqramına və dərsliklərə uyğundur. Abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər isə bankın təkmilləşdirilməsində nəzərə alınacaq.


Növbəti seminarda (3 dekabr 2019-cu il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılacaq.


Back to News