Xəbərlərs

29.11.2019

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

29 noyabr 2019-cu il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 12 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Seminarın rəhbəri f.-r.e.d. M.Yaqubov seminarı açaraq gündəlik məsələ barədə məlumat verib və daha sonra tapşırıqları müzakirəyə təqdim etmək üçün r.ü.f.d. E.Ağayevə söz verib. 



E.Ağayev 12 may 2019-cu il tarixli qəbul imtahanında istifadə edilmiş tapşırıqların aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib. Onun təqdimatında 10 tapşırıq (A variantında 1-10, B variantında isə 3, 4, 7, 8, 11, 13, 14, 18, 21, 22 saylı tapşırıqlar) müzakirə edilib.

Müzakirələrdə H.Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi V.Sərdarov, İdrak liseyinin müəllimi Ş.Əzizova, AMEA-nın elmi işçisi P.Bayramov, Z.Əliyeva adına liseyin müəllimi M.Mikayılov və b. qeyd və təkliflərini bildiriblər.


Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.


Növbəti seminarda (29 noyabr 2019-cu il tarixində, saat 12:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək. 


Back to News