Xəbərlərs

25.12.2019

Fizika fənni üzrə elmi-metodiki seminar

25 dekabr 2019-cu il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – I və IV ixtisas qrupu üzrə imtahanlarda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlilinin davamı olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Seminar rəhbəri M. Musayev seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, tapşırıqları müzakirəyə təqdim etmək üçün AMEA-nın əməkdaşı f.ü.f.d. V. Tanrıverdiyevə söz verib.


V. Tanrıverdiyev hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib.

Seminarda I qrup üzrə 7 tapşırıq (A variantında 54-56 saylı hesablama, seçim tipli, 57 saylı uyğunluğu müəyyən etmək tipli açıq tapşırıqlar, 58-60 saylı cavabları yazı ilə ifadə olunan situasiya tapşırıqları, B variantında 53, 54, 56-60 saylı) müzakirə edilib. Həmçinin bu tapşırıqların IV qrup üzrə göstəriciləri də seminar iştirakçılarına təqdim olunub.

Müzakirədə AMEA-nın əməkdaşı f-r.e.n. Q. Mehdiyev, ADPU-nun dosenti, f-r.e.n. A. Allahverdiyev, Zərifə Əliyeva adına liseyin müəllimi S. Həmidov və b. tapşırıqlarla bağlı qeyd və təkliflərini bildiriblər. 


Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Statistik göstəricilər əsasında aparılmış müzakirələrdə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

Növbəti seminarda (8 yanvar 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) builki imtahanlarda abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyənin müzakirəsi aparılacaq.


Back to News