Xəbərlərs

10.11.2020

Kimya fənni üzrə işçi qrupunun iclası

10 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İclasa şöbə müdiri Afiqə Batıyeva qələbə təbriki ilə başladı. Şanlı ordumuzun qazandığı böyük tarixi qələbədən iftixar hissi ilə danışdı. Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında xalqımızın və ordumuzun necə birləşdiyindən söz açdı. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna ehtiramını bildirdi, yaralılara şəfa arzuladı. Daha sonra iclası davam etdirmək üçün işçi qrupunun rəhbəri V. Əliyevə söz verdi.

İclasın gündəlik məsələsi 20 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

İclasda müzakirə edilən 17 qapalı tipli tapşırığın hər biri (31-47 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.

İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Növbəti iclasda (17 noyabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək.

İşçi qrupunun üzvləri Azərbaycan xalqını Böyük Qələbə münasibəti ilə təbrik edir, yeni uğurlar və qələbələr arzulayır.

Allah Ali Baş Komandanımızı, ordumuzu, xalqımızı qorusun! Qarabağ uğrunda mübarizədə şəhid olanların ruhu qarşısında baş əyirik, yaralılara şəfa diləyirik. 


Back to News