Xəbərlərs

11.11.2020

Fizika və rus dili fənləri üzrə işçi qruplarının iclasları

11 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində fizika və rus dili (rus bölməsi) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Fizika fənni üzrə iclasın gündəlik məsələsi 20 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – I və IV ixtisas qrupları üzrə imtahanlarda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan müqayisəli təhlili olub.

İclasda müzakirə edilən 7 qapalı, 8 açıq tipli (cavabı kodlaşdırılan 4 hesablama, 1 seçim tipli və cavabı yazı ilə ifadə olunan 3 situasiya tapşırığı) tapşırığın hər biri (I ixtisas qrupu üzrə 46-60 saylı, IV ixtisas qrupu üzrə 76-90 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.

İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Rus dili fənni üzrə iclasın gündəlik məsələsi 13 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – III ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan müqayisəli təhlili olub.

İclasda müzakirə edilən 14 qapalı tapşırığın hər biri aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.

İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti iclaslarda (18 noyabr 2020-ci il tarixində) ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsində istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan müqayisəli təhlili davam edəcək.


Back to News