Xəbərlərs

18.11.2020

Fizika və rus dili fənləri üzrə işçi qruplarının iclasları

18 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində fizika və rus dili (rus bölməsi) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Fizika fənni üzrə iclasın gündəlik məsələsi 21 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – I və IV ixtisas qrupları üzrə imtahanlarda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan müqayisəli təhlili olub.


İclasda 15 qapalı tipli tapşırığın (I ixtisas qrupu üzrə 31-45 saylı, IV ixtisas qrupu üzrə 61-75 saylı) hər biri aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib.

İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Rus dili fənni üzrə iclasın gündəlik məsələsi isə 9 illik və 11 illik təhsil bazalarında buraxılış imtahanı modelləri üçün tapşırıq nümunələrinin elmi-metodiki baxımdan müzakirəsi olub. Müzakirəyə təqdim olunan hər bir tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.


Növbəti iclaslarda (25 noyabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək. 


Back to News