Xəbərlərs

19.11.2020

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları

19 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.


Biologiya fənni üzrə iclasın gündəlik məsələsi 20 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

İclasda 12 qapalı tipli tapşırığın (1-12 saylı) hər biri aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib.

İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Tarix fənni üzrə iclasın gündəlik məsələsi 2021-ci il qəbul imtahanlarında II-III ixtisas qrupları üçün imtahan modelinin elmi-metodiki baxımdan müzakirəsinin davamı olub.

İmtahan modeli üçün müzakirəyə təqdim olunan hər bir tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.

İşçi qrupunun üzvləri müzakirə edilən məsələ ilə bağlı fikirlər bildirib və təkliflər veriblər.

Növbəti iclaslarda (26 noyabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək.  


Back to News